Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Günel Şamilqızı. Quş


-

QUŞ

Nədir  dimdiyindəki?
Mənim  ağıllı  quşum.
Bu  ət  sənə  haramdır
Qanadı  xallı  quşum.

Səni  ulduz  sandılar
Əridin,  itdin,  Ay  quş.
Göründüyündən  gözəl
Ola  bilmədin,  ay  quş.

Qanadına  xal  düşür,
Hamı deyir  ləkədi.
Dimdiyini  açma  heç,
Bu  dünya  bir  tikədi.

Axı,  sənin  ac  arzun
Burda  olmaz  çin,  quşum.
Qarğaya  bənzəyərsən
Mənim  göyərçin  quşum.

Qış  yenə  də qar  qusur...
Burda  qəmlər  qədimdir.
Burda  qumrular  ölüb,
Burda  quşlar  yetimdir.

Uç  get,  qanadlı  gözəl.
Bu  yer  tanımır  səni.
Tanısa  göy  tanıyar,
O  da  qınamır  səni.

Sevdiyin  adam  hələ
Yeriməyi  öyrənir.
Uçmalı  dərdlərini
Sürüməyi  öyrənir.

Təksən,  balacam  mənim.
Nə  “lar”san,  nə  də  “lər”sən.
Bu  adam  sənlik  deyil,
Zəhərlənib  ölərsən.

Nədir  dimdiyindəki?
Mənim  ağıllı  quşum.
Bu  ət  sənə  haramdı
Qanadı  xallı  quşum.
XS
SM
MD
LG