Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Əyyub Qiyas "Bayquşlar ulayırdı" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-


      Servantın üstündə bir dənə yekə büllur vaza qoymuşdular,vazanın  hər iki tərəfində bir nataraz bayquş oturmuşdu. Ev  sahibəsi yır-yığış eləyirdi , ancaq servanta yaxınlaşmağa ürək eləmirdi,eləcə az qala bir yerdəcə  qurdalanırdı. Bayquşlar bir-birlərinə baxa-baxa  qoca-qoca fikirlərə qərq olmuşdular ,qadınsa arabir gözünün ucu ilə  bayquşların oturduqları  yüksəkliyə baxırdı, ancaq, ona elə gəlirdi ki, onun bu oğrun baxışlarını bayquşlar hiss eləmirlər, bəlkə də hiss eləmirdilər, bayquşların nəyinə lazım idi  ki, qadının baxışları? Əslinə qalsa bayquşlar heç oturduqları yerdən də razı deyildilər…Belə də ev olar, hər şey yerində, hər şey təmiz, səliqəli, hətta ətirli. Evdəki musiqi mərkəzindən  otağa dolan  klassik musiqinin sədaları isə bayquşların atasına od qoyurdu.Cavan buyquş düşünürdü ki,bu zəmanədə də hələ ki,zövqsüz və   müasirlikdən xəbərsiz insanlar var. Bayquşlar zorən buralarda  qərar tutmuşdular və  elə həmən o zora görə də  bir müddət buralarda qalası idilər.Bayquşların məqsədi insanların korşalmış,geridə qaplmış zövqlərini yeni ruhda  kökləmək idi və bayquşlar bu müdrik missiyanı yerinə yetirməkdən ötəri buralara ezam olunmuşdular. Ev sahibəsi bayquşlara yaxınlaşmağa  qorxurdu,amma  əlində tutduğu  əski parçası  sanki onu  vazaların,dolabın tozunu almağa  dartışdırırdı.Və ev sahibəsi də təmizlik aşiqi olaraq gec-tez  servanta yaxınlaşacaqdı,əlindəki əski parçası ilə vazaların tozunu alacaqdı və…

           Qoca bayquş onunla üzbəsurət oturub dünyanın gərdişindən baş çıxcarmağa çalışan  bir qədər cavan bayquşa baxdı ,baxdı və gözlgrinin içindən güldü.Qadına elə gəldi  ki,qoca bayquşun gülüşünü gördü.Qoca bayquşun gülüşündən sonra  cavan bayquş elə bil  bir az ürəklənən kimi oldu,sinəsini  irəli verib oxumağa başladı.Qadının ürəyi  ağzına gəldi,başındakı  saçları   qabardı,dizləri əsməyə başladı.Cavan bayquş daha da ürəklə oxudu,qoca bayquş eşitdiyi  səsdən məmnun oldu,otağı bürüyən ğözəl klassik musiqi sədaları bayquşun  ulartısının fonunda  əriyib itdi,qadınsa yerə yıxılmasın deyin divarları tutub  telefona tərəf süründü.

           Evin kişisi arvadın zəngindən sonra  işdən icazə alıb tələsik evə  gəlmək istəmişdi ,elə telefondaca arvada demişdi  ki,narahat olmasın ,yaxın bayquşlardı,əziz qonaqlardı,süfrə açmaq lazımdı.Evin kişisi  öz yolunu bazardan salıb  yaxşı bazarlıq eləmişdi əziz qonaqlardan ötəri.
          Bayquşlar bir-birlərinə baxıb gülürdülər,ancaq qadın daha onların gülüşlərini görmürdü.Qoca bayquş o birisinə  deyirdi ki, oxumağa çoxdan başlamaq lazımmış,bu adamlar qılınc müsəlmanı olduqları  üçün  onlara hər şey bir az gec çatır, həm də bunlar  yetmiş  il böyük qardaş nəzargtindəmi,əsarətindəmi  qalıblar və həmişə istəyirlər ki,kimsə onların əvəzində  qərar qəbul eləsin.
          Bayquşlar oxuyurdu.  
          Evin kişisi  dolu zənbillərlə pillələri uça-uça  qalxırdı.Qadın  qorxusundan mətbəxdən otağa keçmirdi və Allaha yalvarırdı ki,kişi  quş olub evə gəlsin,ancaq birdən  yadına düşdü ki,bayquş da quşdur və  olmadı elə-oldu belə,onun kişisi də dönüb oldu bayquş,onda bu külbaş neyləyr görəsən?Yox,-arvad düşündü,-yaxşısı budur ki,elə adam olsun,   adam  kimi də gəlsin.
         Qapının zəngindən bildi ki,gələn əridir.Qaça-qaça getdi qapıya ,ölə-ölə  qapının o biri üzündəki  bayquşla qarşı-qarşıya dayandı.Qapının o üzündəki bayquş  elə onun halalca ərinin səsi ilə danışdı,dedi ki,ay arvad,nə  dayanıb üzümə baxırsan,tələsmək lazımdı,heç bilirsən qonaqlarımız kimdir,heç bilirsən ki,onlar haraların bayquşlarıdır? Bizimçün şərəfdir ki,belə möhtərəm qonaqlar bu boyda şəhərdə  başqa qapını yox,məhz bizim qapımızı  açıblar.
          Arvad səndələyə-səndələyə  kişinin əlindəki zənbillləri alıb mətbəxə keçdi.Qonaq otağından bayquş ulartısı  eşidildi  və arvadın azacıq musiqi  təhsili olduğundan o andaca hiss etdi ki,səslərə əlavə bir səs də qoşulub və yeni qoşulan səsdə xaric notlar var…Arvad dəqiq bilirdi ki,bu dəfə  xaric notla oxuyan  olsa-olsa onun bayquşsifət əri ola bilər.Arvad yanılmamışdı.
           Balam,bu bayquşlarda iştah varmış…Yazıq arvad mətbəxdə bir şey saxlamamışdı daha,nə vardısa daşıyıb gətirsmişdi  qonaqlar üçün.Kişinin də sifəti dönmüşdü,yavaş-yavaş adamlaşırdı.Amma  nə üçünsə arvad  bayquşa çevrilmək,qonaqlara qoşulub bayquş kimi ulamaq istəyirdi və hərdən ona elə gəlirdi ki,onda da bayquşlaşma gedir.
            Hər şey mətbəxdən başlamışdı,arvad mətbəxə keçəndə  mətbəxdəki tör-töküntünü görən kimi bayquş səsi ilə ulamışdı,sonra elə ulaya-ulaya əziz qonaqların yanına gəlmişdi və başlamışdı qonaqlarla birlikdə ulamağa .Qoca bayquş ilk əvvəl  servantın üstündəki büllur vazanı yerə salıb qırmışdı.Sonra  cavan bayquş nə təhər ürəklənmişdisə  servantın özünü  alt-üst eləmişdi.Sonra kişi  qonaqlar üçün açılan süfrəni qaldırıb çırpmışdı yerə və yarımca saatın içində ətir iyi verən,səliqəsindən  göz oxşayan  ev dönüb olmuşdu  xarabazar və  ən əsası o idi ki,bütün bunlar qonaqların xoşuna gəldiyi qədər də   ev sahiblərinin xoşuna gəlirdi.
            Bayquşlar ulayırdı…
            Səsə gələn qonşular  da qapının açılmadığından  hirslənib  qapının o bir üzündə əvvəlcə çığırışırdılar, sonra  onlar da başlayırdılar  ulamağa və beləcə yavaş-yavavş  ulaşma sədaları  ev-ev yayılırdı.Daha hamı bir səslə  ulamağa çalışırdı,birdən kimsə çaşıb xaric səslə ulasaydı ev sahibinin arvadı onun gözlərini  tökərdi.Qoca bayquş daha  ulamırdı,böyükdən-böyük bayquşlar  xoruna dirijorluq edirdi…
            … Evin bayquş kişisi üstünə  sanki yüz illərin zir-zibili tökülmüş divanın üstünə qonub  cındırından daha cin hürkən  televizora baxırdı.Televizordakı  hələ adamlıq sifətini itirməyən  diktor qız heç bir şey ifadə etməyən  sifətini turşudaraq deyirdi ki,dünyanın ən böyük dövlətlərindən birini su basıb,filan qədər adam ölüb,dövlətə filan qədər ziyan dəyib.Evin bayquş kişisinə nə üçünsə elə gəlirdi ki,o su  başqa yeri yox,elə onun öz yurdunu,öz şəhərini  basıb,ya da ki,bu gün də olmasa  uzağı sabah,ola bilər ki,ondan sonrakı gün onun da yaşadığı yerləri su basacaq və belə fikirləşəndə bayquş olmağına  sevinirdi.Sevinirdi ki,hər tərəfi su basanda  xarabalıqlar çoxalacaq,xarabalıqlar çoxalanda da onunçün və onun kimilər üçün  oxumağa geniş meydanlar açılacaq.
            Xəbərlər qurtaran kimi başqa  bir bayquşa oxşayan qız  şoubiznes aləmində baş verən  son hadisələrə həsr etdiyi  verilişi təqdim etməyə başladı.İlk  xəbəri də o oldu ki, ay  hələ adam sifətində olanlar,heç özünüzü  darıxdırmayın,artıq  bayquşlaşma prosesi  kütləvi hal alıb,lap yaxın zamanlarda  heç dərmanlıq da olsa bir nəfər belə dam tapılmayacaq.
             Evin bayquş kişisi  televizora baxa-baxa  mürgü döyürdü ki ,birdən televizorda son kliplərini çəkdirən  çox istedadlı bir bayquşun son vaxlar dəbdə olan  mahnısı səsləndi.Evin bayquş kişisi gözlərini açıb bir televizorun ekranına baxdı,bir mahnının musiqisinə,sözlərinə qulaq asdı  və nə təhər telefonun üstünə cumdusa  az qaldı ki,telefonun dəstəyi  ikiyə bölünsün.O dəqiqə  canlı efirdən evin bayquş kişisinin səsi eşidildi.Bayquşsifət qız  çox nəzakətlə  ulayıb :
           - Xahiş edirəm,televizorurunuzun səsini bir qədər alın,- dedi.
           Evin bayquş kişisi nə  təhər hirslənmişdisə  imkanı olsaydı   elə televizorun ekranındanca  qızı parçalayardı.
          -Bu nə saymamazlıqdır? Kim o  bayquşa ixtiyar verib ki,mənim min əziyyətlə yalnız  öz bayquş arvadım üçün  yazdığım mahnını məndən icazəsiz kimsə oxuyur, sizsə bunu efirə verirsiniz?
           Bayquşsifət qızın bir neçə dəfə «alo,alo» deməsindən sonra efirə ani bir qaranlıq çökdü və sonra:
      -Təəssüf ki,telefon bağlantısı kəsildi,imkanımız olarsa qısa bir reklamdan sonra…
     Evin bayquş kişisi əlini ürəyinin başına qoyub köks ötürdü.Bu arada onun mobil telefonu  bayquş səsini yaya-yaya silkələnməyə başladı.Xəttə qoşulan arvadı bayquş idi və bayquş sevgisi ilə deyirdi ki,o mahnını  özü satıb klip çəkdirən müğənniyə və razılaşıblar ki,klip efirə çıxan kimi  onlar məhkəmələrdə görüşəcəklər,çünki reklam üçün bundan  yaxşı  vasitə yoxdur.Hələ qabaqcadan hakimlə də görüşüblər.
        …Qoca bayquş  çox da uzağa gedə bilməmişdi,tez yorulub yaxınlıqdakı  kəndə girmişdi və kəndəki toyun şahidi olmuşdu.Toyda bir dənə də olsun adam  mahnısı  oxunmurdu,iki bayquş baş-başa  durub toyu yola verirdi.Qoca bayquş fikirləşdi ki,burada onunçün bir iş qalmayıb,bu kənd üçün  elə toyu yola verən o iki bayquş kifayət edər…Qoca bayquş  yorulduğundan  daha uça bilmirdi,onunçün də yolun  davamını «Qazell»ə getmək qərarına gəldi,maşina əyləşən kimi,bayquş sürücünün maqnitafonu  işə salmağı bir ordu,oxuyan təzə bayquşlardan idi. Qoca bayquş salona baxanda gördü ki,maşında oturanlar da mahnıya qulaq asdıqca bayquşlaşırlar.Qoca baüquş da mahnının ritmini  tutub  başını yelləyirdi.Maşındakı iki bayquşdan biri o birinə deyirdi ki, hansısa xarci ölkədə bütün başqa quşları tutub yığıblar bir qəfəsə ,indi də beynəlxalq məhkəmənin  qərarını gözləyirlər ki,bütün başqa quşları güllələsinlər. O biri bayquş da onun sözlərinə qüvvət kimi deyirdi ki,bizdə də elə eləsələr yaxşı olar,yoxsa hələ də  köhnə fikirlilər var,və onlar zövqləri korlamaqla məşquldurlar.Qoca bayquş lap ürəkdən uladı...
     Gözlərin açan kimi burnunu qurdalayan qadın  saata baxdı.Ərinin işdən qayıtmağına az qalırdı.Sonra qorxa-qorxa servanta sarı  boylandı,hər şey yerində idi,hətta büllür vaza da alaqaranlıqda işım-işım işıldayırdı.Divandan qalxıb  servantın gözünü açdı,qalaqlanan  kasetləri,diskləri böyük bir torbaya yığmağa başladı,yığıb qurtaran kimi də  binanın zibil borusundan aşağı  tulladı.Mətbəxə keçib çay dəmlədi,ərini qarşılamağa hazırlaşdı,bir az sonra qapının zəngi  çalındı,gələn əri idi evə girən kimi sakitlikdən çaşıb qaldı.
     -Niyə  sakitlikdir? - deyib,təəccüblə arvadının üzünə baxdı.
      Arvad çiyinlərini çəkib susdu,sonra  pıçıltı ilə dedi:
     -Bu gün də olmasa  sabah,ya da o bir gün onsuz da bizim oxuduqlarımıza heç kəs qulaq asmayacaq,bəlkə də biz çox gecikmişik,amma ,hələ ki,heç nəyi itirməmişik.
     Arvadın sözlərindən elə bil ki,kişiyə də cəsarət gəldi.
     -Düz deyirsən,- dedi, - axı bizim oxuduqlarımız kimə lazımdır,bizim səiviyyədə olanlardan başqa heç kəsə.
     Ərlə arvad çoxdan bəri itirdikləri və az qala unutduqları səmimiyyətlə çay süfrəsinin başına yığışdılar.Televizoru açıb gördülər ki, adam ola-ola bayquşu xatırladın birisi ulayır. Qadın televizoru keçirib gözlərini saatın əqrəblərinə zillədi,zaman keçirdi ,haradasa quşlar oxuyurdu və qadın da,elə kişinin özü də anlayırdı ki,yaxşını dinləmək daha gözəldir.
      …Həmən gecə kişi yuxusunda  gördü ki,pəncərələrinə qonan bayquş dartınıb evə girmək istəyir,amma kişi arxayın idi, dəqiq xatırlayırdı ki, yatmazdan qabaq  pəncərələri möhkəmcə bağlayıb.

 son
XS
SM
MD
LG