Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:08
-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.



Hədiyyə Şəfaqət

 
BARIŞ
 
 
                                                -1-                   
 
20..-ci ilin sonlarına doğru çoxdan bəri  davam  edən  millətlərarası  münaqişə  həll  olundu.  Böyük  dövlətlərin  başçıları  bir  araya  gəlib  illərdən  bəri  qan  davası,  torpaq  davası  edən  iki  kiçik  dövlətin  başçılarının   barış  müqaviləsinə  şahidlik  etdilər. Hər  kəs  dərindən  nəfəs  aldı,  əsas  da  kiçiklərin  dava-dalaşından  boğaza  yığılıb   (bəlkə də  qazandıqlarını  qazanıb) onları  barışdırmağa girişən böyük  dövlətlərin.
 
    Müharibə növbəti  dəfə başa çatdı...
 
                                                -2-
  
20..-ci  ilin  ilk  günlərində  bütün  dünyaya yayılan xəbər Səmədin  ürəyində  təlatüm  yaratdı.  İllər  öncə şəhərdən  bir  qədər  uzaqda  tikilib  təhvil  verilən  qaçqın  şəhərciyindəki  mənzilinin  divarlarına,  tavan-döşəməsinə  başqa  nəzərlərlə baxmağa  başladı. Özgə  kimi. Onun  Vətəni  orda  idi,  o  uzaq  dağ  kəndində. Və ora qayıdacaqdı.
 
    Xəbəri  eşitdiyi  günün  gecəsi  səhərəcən  ağladı.  Anası  iki  ay  əvvəl  dünyasını  dəyişmişdi.  Oturub-durub  kəndlərini  arzulayardı. Hər  yaz  gələndə  kənd  yolunun  ayağındakı  bulağın  suyundan söz  açar, ağacların  oralarda  başqa  cür  oyandığını,  çəmənlərin  tamam  başqa  cür  yaşıllaşdığını  deyərdi.  Bircə  arzusu  vardı - o  yerlərə qayıdıb sonra ölmək.  Qismət  olmadı. Atasını  isə  zorla  xatırlayırdı, Səməd  hələ  uşaqkən  ölmüşdü.  Məzarı  Orda  qalmışdı.  Anası  ən  çox  o  məzarın dərdini  çəkirdi.
 
   Səmədi  dərd  aldı.  Anasının  məzarını  burda  qoyub  getməli  olacaqdılar.  İndi  də  anası  uzaq  düşəcəkdi.  Amma  heç  nə  olmaz, buralara əli  çatacaqdı,  arabir  gəlib  baş  çəkə  bilərdilər. Təki  öz  yurd-yuvalarına  qayıtsınlar...
 
    Müharibənin  bitməsi  və  barış  müqaviləsi  ilə  yayılan  xəbərlər internet  portallarını,  qəzetləri,  telekanalları  bir  başqa  cür  silkələmişdi.  Prezidentin  və  hakim  partiyanın  uzun  sürən ardıcıl  mübarizəsi, itirilənlərin  dinc  yolla  geri  qaytarma  siyasəti  qələbə  çalmışdı. Torpaqlar  qaytarılmışdı - bir  insanın  da  qanı  tökülmədən. Orda-burda  müharibə  çağırışıyla  yanıb-tutuşan  təəssübkeşlərin, özgə və düşmən  dəyirmanına  su  tökən  satqınların  səs-səmiri  eşidilmirdi.  Əvəzində  konsertlər təşkil  olunur, müğənnilər  Vətən  haqda  mahnılarını  ifa  edir,  şairlər, yazıçılar təzə,  yurd  sevgisiylə  ərsəyə  gələn  yazılarını  çap  etdirirdilər...
 
    Səməd  paytaxtın  ən  gözəl  meydanında  təşkil  olunan  qələbə  konsertinə  yollandı.  Adamlar  bir-birini  itələyə-itələyə  müğənnilərin  illərdən  bəri  ifa  edib  yorulduqları  deyil,  təzə-tər  ortaya  çıxan  mahnılarını  dinləyir,  arabir  də  başlarının  üstündə  dolanıb  bayram  coşqusunu  birbaşa  yayımlayan  telekanalların  kameralarına  əl  edir,  öpücük  yollayırdılar.  Səməd  ətrafa  göz  gəzdirdi,  ona  elə  gəldi  ki,  bu  bayramda  iştirak  edənlərin  arasında  onun  kimi  yurdundan-yuvasından  perik  düşüb  illərlə  qaçqın  adının  ağırlığı  altında  əzilən  çox  az adam  var.  Elə bil  başqaları onların  sevincinə  daha  çox  sevinirdilər...
 
  Konsertdə  çox  dayanammadı,  müharibədən  qalma  zədələr  ayaq üstündə  dayanmağına  imkan  vermirdi...
 
    Yavaş-yavaş  metroya  düşdü.  Yenə  həmişəki  kimi  sıxlıq  idi.  Vaqonlarda  əvvəlki  susqunluq,  laqeydlik  çəkilmişdi. Adamlar  barış  müqaviləsinin  sevincini  yaşayırdılar.  Yaşlı  bir  qadın  başının  üstündə  dayanan  kişiyə  dedi:
 
    - Görəsən indi  evimizi  geri  qaytaracaqlar?  İki  günlük  rayona  getmişdim,  qayıdıb  gördüm  qapını  qırıb  yerləşiblər.  Nə  deyəydim,  çıxası  da  deyildilər,  ortada  abrımı  itirəcəkdim.  Məhkəmə  də  işimə  baxmadı.  Əşyalarımı  min  zülmlə  çıxardım  evimdən,  çoxu  da  o  qohumun,  bu  qohumun  evində  itdi-batdı.
 
    Kişi  ona təsəlli  verirdi:
 
   -Hər halda  qaytaracaqlar. Neçə  ildir  öz  yerlərinin  həsrətini  çəkirlər, neynirlər  özgənin  evini?..
 
   Səməd  başını  aşağı  saldı.  Utanırdı,  amma  o,  qaçqın  düşüb  Bakıya  gələndən   küçələrdə  yatmış,  məktəb  dəhlizlərində  gecələmiş,  amma  kimsənin  qapısının  qıfılını  qırmamışdı.  Bir anası  idi,  bir  də  özü.  Birtəhər  başlarını  saxlamışdılar.  Sonra  rayonlardan  birində  salınan  çadır  şəhərciyinə  getmiş, illərlə  ilan  mələyən  düzlərdə  it  günündə  yaşamışdılar.  Sonra  yenə  bura  qayıtmış,  ana-bala  iş  tapıb  işləmiş,  kirayədə  yaşamışdılar. Sonra  o, evlənmiş,  uşaqları doğulmuşdu.  Günlərin  bir  günü  də  indi  yaşadıqları  qəsəbədəki  mənzillərinə  köçmüşdülər...
 
   Asta-asta  irəliləyib  vaqonun  digər  tərəfinə  keçdi.  Burada  da  iki  cavan  oğlan  söhbət  edirdi:
 
   -Atam  deyir  bu  qaçqınlar  çıxıb  getsələr  iş  yeri  tapmaq  asan  olacaq.  Hər  yer  bunların  əlindədir,  təkcə öz  adamlarını  işə  götürürlər..
 
Yoldaşı  ona  lağ  elədi:
 
  -Deyəsən atan  inanır  ki,  burada  yaratdıqları  dəbdəbəni  bizə  qoyub  gedəcəklər?
 
   Qatar  stansiyada  dayanan  kimi  özünü  çölə  atdı.  Paytaxt  həqiqətən  sevinc  içindəydi...
 
   Eskalatorda  qarşısında  dayanan  iki  gənc  qız  hadisəni  müzakirə  edirdilər:
 
   -İndi  necə  olacaq, qayıdacaqsınız?
 
   Müsahibi  üzünü  bozartdı:
 
  -Nə  qayıtmaq?  Dəlisən  nədir?  Gedib  neyləyəcəyəm  orda,  inək  sağacağam?
 
  Rəfiqəsi təslim olmaq  istəmirdi:
 
   -Papangil qayıtsalar  neyləyecen  ki?  Atkaz  edəcən?
 
  -Lazım  gəlsə  atkaz  da  edərəm. Mənim  yaşım  imkan  verir,  bəbə  deyiləm  ki,  onların  sözüylə  oturub  durum. Həm də  burda ev  də var, qalıb  işləyərəm...
 
   Avtobus  dayanacağında  da  mövzu  eyni  idi,  iki  kişi  işgüzar  söhbətlərini  edirdilər:
 
   -Evlər ucuzlaşacaq,  yaxşı  məqamdır, alıb  atmaq olar dar günə
 
   -İnanma, heç  kim  burdakı  evini  satıb  kəndə  qayıdan  deyil.  Neyləyəcəklər  oralarda?  Bir  də  ki,  o  yerlər  bir-iki  qocanın  yadında  qalardı,  onlar  da  ölüb  getdilər...
 
   Səməd  istədi  söhbətə  qarışsın,  desin  ki,  mən  unutmamışam,  mən  orda  döyüşmüşəm, orda  yoldaşlarımı,  bacımı,  qohumlarımı, sevdiyim  qızı  itirmişəm,  mən  qayıdacam  o  yerlərə - vaz  keçdi.  Ürək  üzməyə  dəyməzdi.  Elə  bil  hamı  illərdən  bəri  abrına  qısılıb  susduğu  şeyləri  danışmağa,  ürəyini  boşaltmağa  məqam  axtarırmış.
 
                                                      -3-
 
    Avtobus  qəsəbənin  yanındakı  dayanacaqda  saxladı.  Düşdü.  Axşamtərəfi şaxtası  özünü  göstərirdi.  Ayaqları  keyimişdi.  Bayram  şənliyinə  getdiyinə  peşman olmuşdu. Sevincini  yaşaya  bilməmişdi.
 
   Qəsəbənin sakitliyi, səssizliyi onu  təəccübləndirdi.  Bayram-əhval ruhiyyəsi yox  idi.  Adicə  suları  bir  saatlıq  kəsiləndə,  işıqları  sönəndə, qazları  yanmayanda  yol  bağlayan, etirazını  dilə  gətirən  sakinlərin qələbə əhvalları  susmuşdu. Binaların  arasındakı  sırayla  düzülmüş  dükanlardan  birinə,  daha  doğrusu  çay  evinə  yönəldi.  Mənzilinə  getməmişdən  əvvəl  kimsə  özlərindən  birini  görmək,  fərəhini  bölmək  istəyirdi.
 
   İçəridə  yarıqaranlıqda  gözləri  uzun  müddət  adamları  axtardı.  Səs  həmişəki  kimi  çox  deyildi,  içəridə  adam  azdı.  “Camaatın  başı  yır-yığışamı  qarışıb?”  deyə  düşündü.  Amma  hələ  tez  idi,  o  yerlərin  soyuğu,  şaxtası  buralarınki  kimi  olmur.  Sular, torpaq  donur. Yır-yığış  eləmək, evlərin  təmirinə  başlamaq, bəlkə  də  yenilərinin  tikintisinə  başlamalı  olacaqdılar. Dovlət  buna  söz  vermişdi.
 
    Küncdəki  masada  oturdu.  Ona  fikir  verən  olmadı.  Sadəcə,  bəziləri  başını  qaldırıb  salamını  aldı.  İstədi  ürəkdən  gələn  bir  “necəsiniz?”  deyə  soruşsun.  Eləmədi,  içəridəkilərin  çoxu  cavanlar  idilər,  öz  dünyaları  vardı,  hər  adama  baş  qoşmurdular, salamı  da  təzə qaydayla,  minnətlə  alıb-verirdilər. Paytaxt  uşağı  olmuşdular.  Hansı  torpaqların  hesabına  ev  alıb  buralı  olduqları  onların  nəyinə  lazım  idi  ki...  Necəsiniz?  Həqiqətən istəyirdi  bilsin  necədirlər. Nə  fikirləşirlər?
 
    Çox  oturammadı, bir  fincan çayını  içib  çıxdı.
 
    Qapı  arxadan  bağlı  idi.  Kədərlə  açarlarını  çıxardı. Orda,  qayıdacaqları  o  uzaq  kənddə  belə  şeylər  olmazdı.  Kim  idi  qapı-baca  bağlayan?  Bəzən  günlərlə  eləcə  qapıları  açıq  qoyub  gedərdilər  harasa  gedəndə  də.  Mal-qaraya  qonşular  baxardılar,  necə  olsa  gündə  bircə  dəfə  çəpər  qonşuları  bir  yerə  yığılıb  bir-birindən, bir  birinin  xəstəsindən-sağından  xəbər  tutardılar.  Yazın  ilk  göyərən  günlərində qadınlar  bir  yerə  yığılıb  qutab  salar, dovğa  bulayar,  Novruzda  səməni  bişirər,  isti  günlərdə  yığılıb  növbəylə  yun  çirpar,  yorğan-döşək  təzələyər,  ev  təmizləyər, gəbə  toxuyar, cehiz  düzəldərdilər. Bir  yerdə qışa  ehtiyat  görər, kompotlar,  şorabalar  hazırlayar,  mürəbbə,  bəhməz  bişirərdilər,  turşu  qaynadar,  pendir,  axtarma  tutardılar.
 
   Kişilər bir  yerədə  kol  qırar, çəpər  basar, ot  çalar, taya  yığar, talvar  düzəldər,  heyvan  kəsər, hasar  çəkər, ev  üstü  çevirərdilər.  Kimsə  bu  işlərdə  qazanc,  pul   gözləməzdi.  Hamı bir-birinə  əl  tutar,  haya  çatardı.  Xeyir-şərdə  hamı  bacardığını  edər, təzə ailə  qurub, ev  tikib  bağ  salanların  ağacları  bar verincə    vedrə-vedrə  meyvə daşıyar,  körpəsi  olanlara  süd-qatıq  çatdırardılar.  İndi  burda  bir  çimdik  duzu  bir-birinə  borc  verir,  qapı  bağlayır,  qonşudan  xəbər  tutmurdular.  Keçən  il  qonşudakı  tək  qarı  evində  ölmüş,  üç  gün  sonra  bilinmişdi.  Yazıq  qarı  bəlkı  kimsə  gələr  deyib  heç  qapısını  da  bağlamayıbmış...
 
     Ailəsi  böyük  otağa  yığılıb  hansısa  serialı  izləyirdi.  Uşaqları  onun  gəlişinə  fikir  vermədilər,  arvadı  onlara  baxıb  başını  buladı,  durub  mətbəxtə  keçdi.  Bu  baxışların  mənasını  bilirdi,  “bunları  pis  böyüdürsən, adam  da  saymırlar”  deyirdi.  Arvadının  arxasıyca  keçdi.  Küncdəki  masanın  kətilini  çəkib  oturdu.  Qarşısındakı  çayı  əlinə  aldı, iylədi.  Nəlbəkiyə  qoydu:  “Dağların  iyi  gəlmir”....  Ürəkdən  bir  ah  çəkdi.  Bir  azdan  havalar  isinəndə  çıxıb  gedəcəkdilər.. Yenə  çaylarından  dağ  ətri  gələcəkdi.  Daha  adları  qaçqın  olmayacaqdı.  Öz  yerlərində  binə salıb  yurd  quracaqdılar.  Qoyun  saxlayacaqdı,  ağ-ağ  quzular  sabahın  təmiz  havasında  dağın  döşünə  ağ  çiçəklər  kimi  yayılacaqdılar,  bağçalarındakı  ağacların  dava-dərmansız  meyvələri  ayrı  cür  dadacaqdı.  Uzun  illərdir o  dadı  axtarır.
 
     -Hardaydın  bu soyuqda?
 
      Diksindi.  Xəyaldan  ayrıldı.  Arvadının  üzünə  baxdı:
 
     -Konsertə  getmişdim. Camaat  bayram  edir - belə  dedi  və  səhərdən  eşitdiyi  söhbətləri  beynuində  dolandırdı – bizim  bayramımızı.
 
  Arvadı  sözündəki  istehzaya  fikir  vermədi.  Kətili  çəkib  üzbəüz  oturdu:
 
   -Hə,  bu  gün  böyüklərdən  gəlmişdilər,  bir-iki  də  telekanaldan.  Camaatı  da  danışdırdılar, özləri  də  danışdılar.
 
   -Nə danışdılar?
 
   -Dedilər eliniz  qayıdıb, siz  də  qayıdacaqsınız - bir  az susdu - hə, dedilər  bunu  istəsəniz, əlbəttə.  Heç  kim  sizə  get  demir, amma  gedənlər  üçün  hər  imkan  yaradılacaq...
 
Bizimkilər  nə dedilər? 
Nə  deyəcəklər?  Həmişəki  kimi..  Bircə  Laləzar  arvadla,  Kərəm  kişi  müsahibə verdi.. 
 -Həmişəki  kimi-arvadının  sözünü  tamamladı-  ömürlərini  yenə  kəsib  doğradılar?
 
Arvadı  gülümsədi:
 
 -Hə...
 
Susdu.  Arvadının  üzünə  baxdı.  Yaşlanmağa  doğru  gedirdi. Onun  da  ömrü  orda-burda,  o  küncdə,  bu  küncdə  əriyib  getmişdi  bu  mənzilə  köçüncə. Arvadı  onların  kəndini  tanımırdı,  hardan  tanıyacaqdı  ki?  O  da  qaynatasıgilin  yerini-yurdunu  görməmişdi. Hər ailə  bir  yerdən  didərgin  düşüb  burda  rastlaşmışdı.  O  zaman  kirayədə  qaldıqları  zirzəmi  mənzilə  elçi  göndərib  şirin  çaylarını  orda  içmişdilər, toydan  sonra  yenə  zirzəmi  kimi  bir  mənzilə  daşınmışdılar, əvvəlkindən  bir  az  geniş  idi, sonra  da  uşaqlar...
 
   Birdəncə  düşündü  ki,  maraqlı  olacaq,  o,  qaynatasıgilə, onlar  da  bunların  kəndinə  gəlib  gedəcəklər.  Neçə  ildən  bəri  perik  düşüb  bir  birini  itirmiş  qonşular  qayıdacaqlar,  bir-birindən  ayrı  yaşadıqları  illərdə  doğulub  böyümüş  övladlarıyla, nəvələriylə... Təkcə  bir  şeyləri  ortaq  idi - o  uzaq  keçmişdə  tökülən  qanlar,  itirilən  insanlar,  birlikdə  keçən  günlərin  xatirəsi.  Bunun  oğlü  onun  kürəkəni,  bunun  qızı  onun  gəlini  idi.  Ölənlər  hamısı  bir-birinə  qohum  idilər,  elə  qalanlar  da..  Qalanların  çoxu  elə  qəriblikdə  də  bir-birini  axtarıb  sormuş,  bağlı  qalmağa  çalışmış,  qaçqınlıqda  da  bir  biriylə  qohum  olmağa  çalışmışdılar.  Başqaları  da  bir  yerə  yığılanda  yenidən  tanış  olacaqdılar, qohum  olacaqdılar,  qız  verib-qız  alacaqdılar,  yeni  nəvələr  doğulacaqdı  və  ən  gözəli  də  o  uşaqların  doğum  ünvanında  yenidən  kəndlərinin  adı  yazılacaqdı...
 
-3-
 
     Evdə  dava-haray  qopdu.  Bunu  gözləmirdi.  Qızı  donub  qalmış, oğlu  bərəlmiş  gözlərini  atasının  üzünə  zilləmişdi:
 
   -Həqiqətən  bütün  bunlara  inanırsan?  Həqiqətən  fikrin  bizi  o  yerə  qaytarmaqdır?  Mən,  bax  mən - əlini  sinəsinə  çırpırdı - neyləyəcəm  orda?  Hə, neyləyəcəm?  İdman  olacaq?  Yox!  Kafe  olacaq?  Yox!  Məktəb?  O  da  yox!
 
   -Məktəb  niyə  olmur?  Məktəb  tikəcəklər
 
-Tikəcəklər?  Əla!  Bəs  orda  kim   dərs  deyəcək?  Bəs  kurs?  Bəs  hazırlıq?  O  boyda  əziyyət  çək,  indi  də  get  otur dağ  başında?  Bütün  dostlarım  burdadır,  mən  get-mə-yə-cəm!
 
-Dostların  qalacaqlar  güya,  hamısı  ora  qayıdacaq
 
-Kim  deyir?  Heç  biri  qayıtmayacaq,  danışmışıq,  heç  kim!  Həm  də  hamının  atası  da  sən  fikirdə  deyil.  Bir  də  ki...
 
Oğlan  qızardı.  Anası  tərəfə  baxdı.  Məktəblərindən  bir  qızı  sevirdi  və  qadın  bilirdi  ki,  əslində  dava-dalaş  o  qızı  qoyub  getməməyə  görədir. Qanı  qaynar  gənc  indi  sevdiyi  qızdan  başqa  heç  kimi  görmürdü  və  üstəlik  qız  da  çıxıb  heç  yerə  getməyəcəkdi,  bakılı  idi...
 
Ürəyi  sıxılırdı. Amma  istəyirdi  oğlunu  razı  salsın. Zor edə bilməzdi, amma  istəyirdi o da bu illərdə  böyüyüb  kişi  olmuş  oğlunu  həmkəndliləri  ilə  görüşdürsün, tanış  eləsin.. Oğlan  sakitləşə  bilmirdi:
 
-Mən  gedib cuşka-muşka ilə dostlaşacam?
 
 Acı-acı  gülümsədi:
 
-Sən  özün  kimsən  ki?  Şəhər uşağı?
 
-Hə,  mən  burda  doğulmuşam, burda  böyümüşəm, mən  buralıyam, ölərəm,  getmərəm
 
   -Ora qayıdan  uşaqların elə  hamısı  sənin  kimi  “şəhər  uşaqları“  olacaqlar.  Hansınız  orda  doğulmusunuz  ki? - gözləri  yaşardı.  Həqiqət  iti  tikan  kimi  qəlbini  dəlib  keçməkdəydi.  Gücsüzlüyündən  daha  çox,  həqiqətən  uşaqlarının,  qohum-qonşu  uşaqlarının o  yerlərdə  doğulmadıqlarına  yanırdı. “Yaxşı  ki,  bu  barış  onların  sağlığında  əldə  olundu.  Oralarda  doğulub  o  yerləri  tanıyanların  hamısı  öləndən  sonra  heç  kim  görmədiyi  yerlərə  qayıtmaq  üçün  uşaqlarını  dilə  tutmayacaqdı” - düşündü...
 
Qızı  qorxa-qorxa  pıçıldadı:
 
-Bəs  deyirlər  onlar  hər  yeri  minalayıblar?
 
-Kim  deyir?
 
Uşaqlar deyirlər, deyirlər  həmişə  belə olur, torpağa  mina  basdırıb  gedirlər  ki,  bir az  da çox ölək 
Qızının  başını  özünə  sıxdı-Yalan deyirlər, hamsı təmizlənib
 
   -Bəs  birdən  müharibə  yenidən  başlasa?  Axı  deyirlər onlar yenə  bizimlə  qonşuluqda  yaşayacaqlar?
 
 Bilmədi  qızına  nə  desin. Söz  versinmi  ki, bir də  elə olmayacaq?  Bunu  kim  bilərdi  ki?  Buna  kim  söz verərdi? Qızını  yenidən  özünə  sıxıb  üzündən  öpdü:
 
  -Ata sizi  qoruyacaq,  heç  nə  olmaz,  sizi  də, sizin övladlarınızı  da..
 
Oğlu  söz  atdı:
 
-Hə,  sonra  bizim  uşaqlar  böyüyəndə  o  müharibənin  biri  də  başlayacaq,  bu  dəfə  də onların  uşaqlarını  öldürəcəklər!  Mən  getməyəcəm, mən  uşaqlarımı,  onların  uşaqlarını  öldürmək  istəmirəm...
 
Oğlu  açıq -aşkar  üsyan  edirdi,  üsyanı  heç  də  səbəbsiz,  ya  da  dost-taniş  uzaqlığı  kimi  adi  səbəblər deyildi.  Söylədikləri  əslində  daha  məlumatlı,  daha  dayaqlı  səbəblərin  üstünə  çəkilmiş  pərdə  idi.  Tarix  öz  dərsini  keçmişdi...
 
Əsəbindən,  yanğısından  içi  göynəyirdi.  Gödəkçəsini  əlinə  alıb  evdən  çıxdı,  aşağı,  qonşuların  bir  yerə  toplandığı  çayxanaya  getdi.  İçəridə  siqaret  tüstüsü   hamını  görünməz  etmişdi.  Əli  kişi uzaqdan  onu  səslədi.  Keçib  bir  neçə  qonşunun  başına  yığışdığı  masanın  bir  küncündə  özünə  yer  elədi. O  biri  qonşusu,  Mahir  nəsə  pərtliyini  anlamışdı,  başını  yellədi:
 
    -Səninkilər nə deyir?
 
    Bu  sualın  altındakı  sual  “səninkilər  də  qayıtmaq  istəmir?”  idi..  Deməli,  tək  deyildi.  Əli  kişi  əlindəki  stəkanı  masanın  üstünə  qoydu:
 
  -Mən  qınamıram, görməyiblər, tanımırlar,  onlar  üçün  hər  şey  burda  başlayıb,  lap  harda  doğulsalar  da,  min  əziyyət  görsələr  də,  uşaq  olublar,  gənc  olublar,  üç  ildir   bu  qəsəbə onları  rahatlayıb, arxayınlaşdırıb. Getmək  istəmirlər.  Cavanlara  nə  deyəsən, heç  bəzi  yaşlılar  qayıtmaq  istəmirlər.  İşləri  burda,  iş  yerləri  burda.  Yaş  ötüb,  hələ  bilinmir oralar  nə  haldadır, hər  şey  yandırılıb,  dağıdılıb,  gedib  hər  şeyi  yoluna  qoymağa  ömür  çatacaqmı?  Nəylə  dolanacaqlar, harda  işləyəcəklər... Hamısı  problemdir. Yorulub  millət,  yorulub,  hərə  bir  yolla  min  əziyyətlə  çörək  yeri  tapıb,  söz  deməli deyil…
Qınayıcı  baxışlarını Əli  kişinin  üzünə  zillədi. Əli  kişi  dünyagörmüş adam  idi,  O yerlərdən  döyüşə-döyüşə  çıxmışdı. Hamı  bilirdi  ki,  son  anda on altı  yaşlı  oğlu  gülləyə  tuş  gəlib,  meyiti  də  qalıb  o  tərəfdə... “O  tərəf” əslində  elə  öz  şəhərləri  idi, amma  uzun  illər  qarşı  tərəfin  əlində  qalıb  “o  tərəfə” çevrilmişdi.
Əslində  indi  burda  yığılanların  hamısının  ailəsindən  kimsə  elə  “o  tərəfdə”  qalmışdı.  Məzarları, özləri… kökləri o tərəfdə  idi..  Burda  göyərən  təzə toxumlardı.  Həyatın  tufanı  gətirib  bu  yerlərə  səpələmişdi,  onlar  da  asta-asta,  orda-burda göyərməyə  başlamışdılar.  Göyərən  kimi  də  kök  atmağa  torpaq  gərək  olmuşdu,  seçim  yox  idi,  harda  göyərmişdilərsə  kökləri  də  o  torpaqdan  yapışırdı..
 
  Elə  bu  masanın  ətrafındakı  insanların  hərəsi  bir  kənddən,  bir  obadan,  bir  tayfadan, soydan idi. Burda rastlaşıb, burda  yoldaşlaşmışdılar. Bir-birinə  öyrənmişdilər. Amma  onlar  üçün  ayrılmaq  daha  asan  idi-bu  adamların  hər  şeyi- kökləri  Orda  qalmışdı...
 
                                                        -4-
 
Arvadı  tək  getməyinə  razı  olmadı.  Evə  bir  neçə  günlük yemək  hazırladı  qoydu,  pal-paltar  yığışdırdı,  bilirdi  ki,  oralar  hələ  çox  soyuq  olmalıdır. Hər şey  dağılmışdısa  da,  təbiətə dəxli  yoxdur  bunun. Küləklər  sərhəd  tanımır,  yağışlar  kimliyindən  asılı  olmayaraq  hamını  isladır,  şimşəklər  hər  kəsin  səmasını  kəsib  keçir,  gunəş  hər  yeri  öz  bildiyi  kimi  isidirdi.  İnsanların  yer  üzündə  nə etdiyi,  niyə  etdiyi,  necə  etdiyi  onların  dərdi  deyildi.  Heç  kim  buludlara  “sərhədi  pozmusan”,  ya  da  “düşmən  tərəfə  keçmisən“  deyə  bilməzdi.  Bu, insanların  işi  idi...
 
       Avtovağzal  hələ  tikilib  qurtarmamışdı.  Taksilər  bir-birinə  aman  vermədən müştəri  ovlayırdı.  Barış çörək  ağacını  çiçəkləndirmişdi.  Marketlər, kafelər, kiçik  bazar  adam  daşdırırdı.  Bu  qaynaşmanı  görüb  dərindən nəfəs  aldı - insanlar  qayıdırdılar.
 
Yay  gəlmişdisə də  kəndlərinə  dağ  yuxarı  qalxan  yolun  palçığı  qurumamışdı. İş başlamışdı, deyəsən, yeni  yol  salınacaqdı.  Texnika  bir  tərəfdən  qazır,  bir  tərəfdən  qum  tökülür,  işçilər alətlərini  yol  boyu  düzürdülər
 
   Səhərdən neçə dəfə  dərman  içmişdi,  ürəyinin  döyüntüsünü  kəsəmmirdi.  Yol   davam  etdikcə  acgözlüklə  hər  yerə  boylanır,  qarşı  aşırımın  bitib  kəndlərinin  görünməsini  istəyirdi.  Ona  elə  gəlirdi  ki,  taksi  heç  irəliləmir,  utanmasaydı  düşüb  yüyürə-yüyürə  gedərdi..
 
    Aşırımın  başında  maşın  dayandı.  Dağların  ovcuna  sıxılmış  kənd  bütün  mənzərəsi  ilə  qarşısında  açıldı.  Dizləri  əsdi,  arvadı  qolundan  yapışsa  da,  özünü  saxlaya  bilmədi,  taksi  sürücüsü  əl  yetirib  onu  tutdu,  qoymadı  yıxılsın.  Astaca  yerə  oturdu.  Əllərini  torpağın  üstündə  gəzdirib  bir  ovuc  torpaq  xışmaladı,  dodaqlarına  yaxınlaşdırdı.  İçinə  bir  hönkürtü  doldu  ki,  heç  zaman  bunun  kimisini  xatırlamırdı.  Sürücü  onun  yanında  oturdu,  eynilə  onun  kimi,  onunla  çiyin-çiyinə:
 
 -Hamı  belə  edir...  Hamı...
 
Sürücünün  “hamı”  deməsinə  sevindi:
 
    -Hamı  qayıdırmı?
 
    -Sağ  qalanlar qayıdır,  cavanlar  da  gəlirlər.  Hələlik  burda  yaşamaq  olmaz,  evlərdən quru divarlar  qalıb,  lap  yaxşı  olanlarında  da  heç  nə  qalmayıb.  Aparıb  gediblər. Yaşayırdılar  burda,  amma  təzə  heç  nə  tikməmişdilər,  köhnə  məktəbi  təmir  edibmişlər, yaxşı  haldadır.  Amma  deyirlər  onu  söküb  təzəsini  tikəcəklər.  Odur  ha - əlini  kəndin  orta  yerinə  uzatdı - orda  tikirlər. Başqa  binalar  da  tikirlər,  bələdiyyə- filan.
 
 Amma  sürücünün  göstərdiyi  tərəfə  deyil,  evlərinin  olduğu  tərəfə  boylandı.  Qorxa-qorxa  boylandı.  Bilmirdi  nə  vəziyyətdə  görəcək  evlərini. Yaşıllıqların  arasından evin  kirəmitləri  qızarırdı. Sevindi, damı  durursa  deməli  elə  də  çox  dağılmayıb...
 
   Ayağa  qalxdı. Sürücünün  üzünə  yazıq-yazıq  baxdı:
 
  - Burdan  o  yana  özümüz  gedərik
 
  Sürücü  başını  yellədi,  gülümsündü:
 
  -Hara  gedirsən,  bu  vəziyyətdə,  çantalar  da  var...
 
Çantalar  yadına  düşdü,  arvadı  qorxmuşdu  buralarda  yeməyə  heç  nə  tapmazlar, əlinə keçəndən  götürmüşdü.  Bir də  pal-paltar.  Amma  bilirdilər  ki,  gedib  qayıtmalıdırlar,  dağılmış  evlərdə  yaşamaqmı  olardı.  Soraqlaşmışdı,  bilirdi  qonşularından,  kənd  adamlarından  çoxları  gəlib-gedir,  amma  hələ  heç  kim  köçüb  yaşamırdı...
 
 Sürücü  onu  ürəkləndirdi:
 
-Getmək  istəyirsən  piyada  get,  arxanızca  gələrəm,  harda  yoruldun  oturarsan  maşına.
 
Arvadı  üzünə  yalvarıcı  nəzərlərlə  baxdı.  Bilirdi  ki,  gücü  elə  görünüşündədir,  ürəyi  bükülüb  bir  yarpaq  qalıb,  hər  yeldən  qopub  düşəcək  haldadır.  Razılaşdı.  Kəndə  tərəf  yelləndi..
 
   Kənd  eynən  tikinti  meydançası  idi.  Hər  tərəfdə  qızğın  iş  gedirdi.  Yollar  qaydaya  salınır,  səkilər  düzülür,  binalar  tikilirdi.  Evlərin  çoxu  yox  idi,  heç  dağıntıları da qalmamışdı,  yəqin  təmiri  mümkün  olmayan  evləri  yerindən  kürüyür,  yenisini  tikirdilər.
 
Sürücü   kənd  ortasındakı  meydanın  qabağında  maşını  saxladı.  Başını  çıxarıb “Day  mən  getmirəm,  sizi  burda  gözləyəcəm“-dedi. Əliylə  sürücünü  çağırdı:
 
  -Yemək  var,  gedək  bir  şey  yeyərik
 
 Sürücü  başını  buladı, sıra  ilə tikilib  hazırlanmış  dükanlara  işarə  elədi:
 
-Burda  hər  şey  var,  kafe də  var,  yeyərəm, siz  gedin  gəzin...
 
Sürücünün  “gəzin”  deməyi  qəlbinə  toxunsa da  səsini  çıxarmadı.  Yad  adamlar  üçün  bu, sadəcə,  gəzinti  idi.  Həm  də əslində bu  qayıdış  deyildi  ki,  haqlıydı...
Ara  yola  döndülər.  Müharibənin  izləri  qalmışdısa  da  sanki  hansısa  sehrli  əl  onları  silib  atmaqda  idi.  Bəzi  həyətlərdə  həyat  susmuşdusa  da,  bəzi  həyətlərdə  qızğın  iş  gedirdi.  Hamının  qapısından  boylanır,  tanış  adam  tapmaq  ümüdüylə  göz  gəzdirirdi.  İşləyən  ustalar,  fəhlələr  başlarını  qaldırıb  salamını  alır,  işlərinə  davam  edirdilər.  Hamısı  ətrafdan  gələn  işçilər  idi,  tanış  adam  azdı.  Onu  tanıyan  insanlarla  bərk-bərk  qucaqlaşır,  gözləri  yaşarır,  əllərini  bir-birindən  ayırmaq  istəmirdilər.
 
Amma  illər  işini  görmüşdü,  bu  insanlar  uzaq  düşmüşdülər,  bir-iki  qohum-qonşunun, oğul-uşağın  hal  əhvalından  sonra  hər  kəs danışmağa  söz  axtarırdı..  Hamıya  “xeyirli  olsun”  deyirdi.  Barı  bundan  sonrası  xeyirli  olsun...
 Evinə  yaxınlaşdıqca  həyəcanı  artırdı. Döngəni  döndü  və  hələ də yıxılmayıb  duran,  amma  rəngi  tanınmaz  halda  olan  dəmir  qapının  qarşısında  dayandı.  Əlini  kiçik  qapı  tayının  dəstəyində  gəzdirdi.  Amma  birdəncə  ilan  vurmuş  kimi  geri  çəkdi-hələ  bu  yaxınlaracan o qapını  kimsə,  yad  bir  adam, “düşmən” açıb  girirmiş  bəlkə?  Bilirdi  ki,  ev  salamata  qalıbsa  bu  o  deməkdir  ki,  orda  kimsə  yaşayıb.  Ayağı  ilə itələyib  qapını  açdı..
 
  Həminki  həyət  idi..  Öz  fikirləşdiyinə  gülümsədi acı-acı..  Həyət  necə  dəyişəcəkdi  ki?  Sadəcə  baxımsız  qalmışdı.  İkimərtəbəli  eyvanlı  evin  bir  tərəfi  top  mərmisindən  dağılıb  tökülmüşdü.  Elə  dağıldığı  kimi  də  dururdu.  Daşlar,  kərpiclər,  taxta  qırıntıları  elə  töküldüyü  yerdə  qarışıq  təpəcik  yaratmışdı,  dağıntıların  içindən  metal  çarpayının paslanmış  hissələri  görünürdü...  Gözləri  doldu,  anası  yuxarı  otaqda,  bu  dəmir  çarpayıda  yatardı...
 
   Çömbəlib  dağıntı  qalağının  üstündə  oturdu.  Arvadı  su  şüşəsini  ona  uzatdı.  Açıb  bir  qurtum  aldı.  Su  uzaq  yolda  dadını  dəyişmişdi. Şüşənin  qalan  suyunu  daşların  üstünə  tökdü.
 
  Kədərli  idi,  bilmirdi  nə  eləsin,  hardan  başlasın..  Hara  baxsın,  haranı  gəzsin.  Evdə  həqiqətən  yaşanıldığı  hiss olunurdu.  Bir  tərəfdə  paltar  ipinin  üstündə  balaca  bir  uşaq  şalvarı  atılıb  qalmışdı.  Yəqin  kiçik  uşaqları  varmış. Ürəyi   yenidən  sıxıldı.  Deməli, onlardan  sonra  kimsə  də  doğulmuşdu  bu  evdə.  Deməli,  hansısa  körpənin səsi  onun evinin  divarlarına  hopmuş,  kimsə  onun  evində  ayaq  açmış,  onun  pəncərəsindən  dünyaya  boylanmışdı...  Deməli,  o  uşağın  doğum  yeri  onun  evi,  onun  ünvanı  idi.  Deməli o uşaq  bütün  indiyədək  olan  izlərini  bu  evdə  qoyub  gedib..  Onun  evində  oynayıb,  onun  meyvə  ağaclarının  meyvəsindən  dadıb,  hələ  bəlkə  bu  ağaclardan  birindən  yelləncək  də  asıb  yellənib.  Yəqin  onun  da  anası  “yıxılarsan”  deyib  qorxub,  oğlunun  onun  hovuzunun  içindəki  suya  düşüb  islanmasından  ehtiyat  edib.  Paltarından  görünürdü  ki,  uşaq  burdan  gedəndə  elə  də  kiçik  deyilmiş..  Deməli  yaddaşında  nələrisə  aparıb  gedib.  Üşəndi, birdən o  uşaq  qayıtmaq  istəsəydi?  Ya  da  bir  gün  tanımadığı  biri  onun  qapısını,  bəli, onun  qapısını  döyüb  “bu  bizim  evimiz  olub,  mən  burda  doğulmuşam”  desəydi.  Ya da  bu  ev  yuxularına  girsəydi  o  uşağın...
 
  Hər  şey ola bilərdi...
 
  Ayağa  qalxdı. Pilləkənləri  qalxdı. Otaqların  qapısı  açıq  idi.  Hər  tərəfə lazımsız  əşyalar səpələnmişdi. Otaqlardan  ikisi  yaxşı  vəziyyətdə  idi,  deyəsən,  əl  gəzdirib  yaşamışdılar. Eyvanın  bir  tərəfini kəsib şüşəbənd eləmişdilər, kiçik  mətbəx  düzəltmişdilər. Su kranı qoyulmuşdu. Gülümsündü, “özlərinə  şərait  yaradıblar”...
 Otaqlardan birinin döşəməsinə atılıb qalan kağızların  içində  gözünə  bir  şəkil  dəydi, cavan  ailənin  fotosuydu - ana, ata, qız  və  oğlan. Uşaqlar  gülümsər  gözlərini  ona  dikmişdilər, valideynləri  uşaqlara baxırdılar, hər ikisi  gənc idi.  Düşündü, bu ana-ata heç müharibəni  görməmişdilər bəlkə  də.. Bəlkə də o  illərdə körpə  uşaqlar olmuşdular. Bəklə də öz ölkələrində  iş tapmamışdı,  bəlkə  onları  köçüb  burda  yaşamağa  məcbur eləmişdilər, ya  da  bəlkə onlar da elə  bu  evi  bu  hala salan, yarısını  xarabalığa  çevirən, yoldaşlarını, bacısını  hasarın  dibindəcə, onun  gözlərinin  önündə  gülləyə  tutub  öldürən,  özünü  ömürlük  şikəst qoyan düşmənin övladları,  bu  gülümsəyərək  ona  baxan  uşaqlar  da  nəvələri  idilər?...
Yorulmuşdu… Bu,  fiziki  yorğunluq  deyildi. Anlayırdı  ki, oğlunun o axşam  dediklərindən hardasa  bir  həqiqət  boylanır - bunlar bir  daha  başlasa?  Ya da elə  yenidən onlarla,  “düşmənlərlə” qaynayıb  qarışsalar, ya  elə  indi  kiçik  şalvarı  onun həyətindəki  ipdə asılıb  qalan o oğlan  böyüyüb  yenidən onun nəvələrinə güllə atsa?
...Qapının qabağında maşın dayandı. Elə  bildi  taksi  sürücüsüdür, ondan  narahat  qalıb,  axtara-axtara  gəlib  çıxıb.  İrəli  getdi.  Yox,  başqa  biri,  çox  da tanış  sima  idi. Bənzədirdi kiməsə, amma  bənzətdiyi  adam  bu qədər gənc  qalammazdı.
Adam yaxınlaşıb əl uzatdı:
 
   -Xoş gəlmisiniz, həmişə evinizdə, eşiyinizdə
 
Doluxsundu. Əlləri  titrədi. Gənc yaşına  yaraşmayan ərklə əlini onun çiyinlərinə  vurdu:
-Nə olub ay  kişi, niyə ağlayırsan, hər şey  düzəlib. Şükür, hökumət  hər  şeyimizi  qaytarıb, bir  adamın  da  burnu  qanamayıb...
 
  “Qanamayıb?”- soruşdu  öz  içində. Bu  adam  buralardan  olsaydı, belə  deməzdi.  Bilərdi ki, bu torpaqlar üçün  burunları  deyil,  hər  yerləri  qanayıb, hər yerdə  qan  izi  var. Gözü  hasarın  bir  küncünə  sataşıb  qaldı.  Bacısı  elə orda gülləyə  tuş  gəlib  qalmışdı.  Sürünə-sürünə özünü  ona çatdırmaq  istəyəndə. Güllə  kürəyindən  dəymişdi,  gözlərini  qardaşının  gözlərinin  içinə  hopdürüb  yıxılmışdı.  Gör  neçə  ildi  o  baxışlar onun  gözlərində  gəzirdi? Köks  ötürdü. Adamda  günah  yoxdu. O bunları  yaşamamışdı, biləmməzdi..
 
Özünü ələ aldı. Sual  dolu baxışlarını  gəncə zillədi. O hələ indi  özünü  tanıtmağı  lazım bildi:
 
-Mən Sahibəm, elə  bu  kənddənəm, Xası  kişinin  oğlu, indi  icra  nümayəndəsiyəm, mənə tapşırıblar  ki, kim  qayıtsa, qeydə alım, söhbət aparım,  məlumat  verim...
Oğlan danışdıqca o uzaq  illəri  xatırladı. Hə, odur, Xasi  kişinin oğlu. O illərdə  uşaq  idilər. Ataları elə o zaman da  kənd  sovetinin  sədri  idi. Elə təzəlikcə athaat  başlayanda  ailəsini  yığışdırıb  gözdən  uzaq  rayonlara  göndərmişdi.  Evini  boşaltdırıb  özü  elə  idarə  binasında  qalırdı.  Oğlanlarının  iki  böyüyü  Rusiyada  idilər,  biri  nəsə  institutda  oxuyur,  biri  isə  ərə  gedib  Peterburqda  yaşayan  qızının yanında  qalırdı. Camaat demiş, uşaqlarını  gizlətmişdi. Kənd tutulmağa  bir  ay  qalmış, elə  özü  də yoxa çıxmışdı. Sonra sorağını  Bakıda  almışdı, eşitmişdi  burda yaxşı  dükanları  var, oğlanlarının da  hərəsinin öz cəh-cəlalı. Bu  indi  yanında  dayananı, lap  kiçiyi  onda  uşaq  idi,  Bakıda qohumlarının  evində  olurdu. Bilirdi  ki,  Xası  kişi  uzun  müddət  hansısa  bir  kəndin  məktəbində  yaşayıb,  həm  özü,  həm  arvadı  elə o məktəbdə  işləyirmiş. Bakıda  evləri  olsa  da,  yeni qəsəbələrin birində ev almamış  tutduğu  sinif otaqlarından çıxmayıbmış...
 
Ürəyi yenə sıxıldı. İcra  nümayəndəsi... Heç  kimin  burnu  qanamadan... Düz deyirdi, onlardan  heç birinin  burnu da qanamamışdı
 
 -Hə, nə  buyurursan? - səsində aşkar əsəbilik  duyulurdu.  Amma  adam  sanki  bunu  eşitmirmiş  kimi  evə sarı boylandı:
 
-Yaxşı qalıb, çox dağılmayıb, bir cavan ailə yaşayırdı… - Utanmaz bir həyasızlıqla  ona  göz vurdu - bir arvadı vardı  bunun!-evə sarı  işarə elədi. İçinə  qəzəb doldu,  haqqında danışdığı  yad  qadın  olsa  da  işarə etdiyi ev onunku  idi...  Sahib  gəvələyib  tökürdü - adama  üz  vermirdi.  Yığıb-yığışdırıb  getdilər. Uşaqları  da  ağlaşırdı..-ağzını  marçıldatdı. Bu  səsdən  iyrındiyi  qədər  heç  nədən  iyrənməzdi...
 
   Sahib  onun sərt  baxışlarını  hiss edib  özünü  yığışdırdı, kim  olduğunu,  vəzifəsini xatırladı deyəsən, rəsmi, quru tərzdə dilləndi:
 
   -Kağız-kuğuzunu imzalayın, elə sabahdan başlasınlar söküntüyə..
 
Mat qaldı:
 
   -Sökmək niyə? Təmir edəcəm...
 
Adam üz-gözünü turşutdu. Sanki  kimsə  onu  xoşagəlməz bir söhbəti yenidən başlamağa məcbur edirdi:
 
-Dövlətin qərarı var, hamısını uçurub  yeni, standart  evlər tikəcəklər. Dövlət  filan qədər vəsait ayırıb
 
Gözləri doldu. Yuxularında  həmişə bu  evə qayıtdığını, bu  evdə yaşadığını  görmüşdü. Necə yanı qərar var?
 
   -Bu nə deməkdir, icazə verməsəm necə?
 
Adam uğunub getdi, əlini ona uzatdı:
 
-Ay  kişi  kefin  olsun!  Torpaq  almısan  ki,  hələ  danışırsan  da?  Torpağı  kim  qaytarıb  sənə? - gözlərindən  həyasızlıq  yağırdı - Onun da qərarı var, yeni, təzə  tipli qəsəbə salınacaq. Həm də bura tezliklə vacib  turizm  nöqtəsi  olacaq.  O yuxarılar  var  ha,  dağların  döşü, orda  böyük  otellər  filan  tikiləcək..  Hamısı satılıb.
 
Adamın sözünü  kəsdi:
 
-Bəs qoyun-quzunu harda otaracağıq?
 
-Ay  kişi,  nə-qoyun  quzu? Hər ailəyə  əkin  üçün, bostan üçün  torpaq  veriləcək, köhnə  əkin  yerlərində, orda  saxlarsan qoyun-quzunu.
 
Köhnə əkin  yerləri çox  uzaq, dağların  o üzündə  idi. Hamı  mal-heyvanını,  qoyun-quzusunu  otarmağa  dağların  döşünə aparardı. Köhnə əkin  yerinə  hər  gün  heyvan aparıb-gətirməkmi olardı?
 
Gənc  onun  düşündüklərini indiyəcən  yüz  dəfə  eşitmiş  kimi   görünürdü.  Yəqin  öyrəncəli  olmuşdu.  Ürəyindən  onun  həyasız  sifətinə  bir  yumruq  ilişdirmək  keçdisə  də, özünü  sıxıb  saxladı. Səsinə  bir  az  istehza  qatdı:
 
  -Deməli, böyüklər belə  məsləhət  biliblər?
 
Gənc  onun  istehzasını  anladı,  o  yan-bu  yana  boylandı.  Ətrafda  heç  kim  görünmürdü:
 
-Kişi,  araqarışdıran  söhbətlər  lazım  deyil!  Torpaqlarınıza  qayıtmaq  istəmirdiniz,  qaytarırlar, gəlin  yaşayın, ev  tikirlər,  həm  də  təzə  qaydayla,  hər  şəraiti  yerli-yerində, standart.  İstəyirsən  nəsə  əlavə  edəsən,  tikinti  başlayanda  gəl,  bir az da  görüm-baxım  elə,  istədiyin  kimi  tikdir, lap  nəsə əlavə də elə.  Hələlik hər ailəyə iki otaq tikilir,  bu  qədər!
 
   -Mən şikayət edəcəm!
 
Gənc gülümsündü, onun  bu adama  yazığı  gəlməyə başlamışdı:
 
-Day-day, ağrımayan  başına  dəsmal  bağlama.  Həm  də  hələ  sənədlərini  gətir  görək  bu  ev səniniydimi,  bu  həyət  səniniydimi,  burdan  bəlkə evini  satıb  çıxmısan?
 
Matı-mutu  qurudu.  Bu, aşkar  hədə  idi.  Bir çox  ailələr  kimi  onun  da  demək  olar  bütün  sənədləri  itib  batmışdı.  Kimdi o  qarmaqarışıqlıqda  ev  sənədi,  torpaq  sənədi güdən. Heç  təzə  evlərin  sənədi  filan  da  yox  idi. Hamı  bir-birini  tanıyırdı,  bu  kəndin adamını  tanıyırdı,  buralı olduğunumu  danacaqdılar.  Gülümsədi:
 
-Hamı bilir  ki, mən buralıyam
 
-Hamı bilən işə  keçmir - gənc sözünü  kobudluqla  kəsdi - sənəd  gərəkdir.  Sənədiniz  yoxdursa  da  imkan  verin  işimizi  görək, təzə evlərə təzə də sənədlər  veriləcək
 
Anladı  ki,  bu - “daha danışmağının  adı  yoxdur”-  deməkdir.  Oglan  həyət  qapısına  yönəldi. Gedə-gedə də sözlərini havaya səpələdi:
 
   -Arada idarəyə  gəlin, qol  çəkin, fəhlələr  işə  başlasınlar, ev  hazır  olanda  xəbər  verəcəyik,  təntənəli  açılış-filan olacaq.  Bəlkə  “Özü”  də  gəldi...
 
 Yüyürüb  oğlanı  qapının  qabağında  saxladı. Geri  addım  atmaq  istəmirdi:
 
  -Birdən  mən  qayıtmaq  istəmədim?
 
  -Qayıtmaq  istəməyənlərin  evlərini  alırlar, iş  adamları,  aralarında  bu  kənddən  olanlar  da  var, turistlər  üçün  kotteclər  tikirlər, o daha  yaxşı,  istəsən  deyərsən,  tanış  edərəm səni. Kalan  da  pul  veirlər,  mənə  də  görüm-baxım  edərsən...
 
  -Birdən mən qol çəkmədim, gec, lap  elə on ildən  sonra qayıtdım?
İcra  nümayəndəsi halını  dəyişmədi:
 
 -A  kişi,  sən  bu  hökuməti  nə  hesab  edirsən? Altı  aya  sahibi  gəlib qol  çəkməyən ev sahibsiz  sayılacaq, bələdiyyənin  balansına  veriləcək, sonra  istəsən  də  gəlib  o  evi  pulla  almalı  olacaqsan. Bu  qədər  “qayıdaq,  qayıdaq“  demisiniz,  indi  əziyyət  çəkin, altı  aya  gəlin  evlərinizə yiyə  çıxın...
 
                                                 -5-
 
     Dağıdılıb  viran  olmuş  kənd  qəbristanlığının  yolundan  birbaşa  rayon  mərkəzinə  gedən  yola  çıxdılar. Taksi  sürücüsü  heç  nə soruşmadı, artıq  neçənci  dəfəydi  ki,  eyni  mənzərəni  yaşayırdı. Susurdular.  Arvadı  onun  qəzəb  və  yaş  dolu  gözlərinə  baxmaq  istəmirdi,  elə  o  da  bu  baxışları  gizlətmək  üçün  alnını  avtomobilin  şüşəsinə  söykəmişdi.  Daha  ötüb-keçən  mənzərələr  onu  həyəcanlandırmırdı.  Qulağında  icra  nümayəndəsinin  cümləsi  səslənib  dururdu:  “Hər  yer  satılıb”... “Hər  yer  satılıb”...
                                                                             
27 mart-3  aprel, 2014
XS
SM
MD
LG