Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Burada – qəbirdə düşünməyə vaxt çoxdur


Azad Qaradərəli
Azad Qaradərəli

-

Hər dəfə tankdan atəş açılanda mən qəbirdə qorxurdum... Atam bunu bilmir, bilsə, atəş açmaz...

 

“Müharibə uşaqları” silsiləsindən

         

Azad Qaradərəli

 

TANKÇININ  OĞLU

(Hekayə)

 

           

              Balıqların susmağı  qorxulu deyil, qorxulusu  insanların susmağıdır.

                                                            Balaca Sadiqin qəbirdə düşündüklərindən

      

-Ata, bu balıqlar niyə belə çabalıyır?

-Onlar quruda nəfəs ala bilmirlər, su olmasa, ölərlər.

-İndi öləcəklər?

-Hə.

Mən qəhərləndim:

-Mən istəmirəm onlar  ölsün...

-Onda, çayın qırağında balaca  gölməçə düzəlt, balıqlarını burax   ora. Amma bax ha, tullanıb qaçmasınlar.

Atam deyən kimi elədim. Naharacan  qarmaqla çoxlu balıq tutduq.

İlk dəfə balığa gəldiyimdən atamı bezdirmişdim suallarımla.

-Ata, balıqlar niyə danışmır?

-Onların dili olmur, ona görə.

-Bəs niyə qışqırmırlar? Quş kimi, delfin kimi?

-Mən bunu bilmirəm, sən məktəbə gedəndə müəllimindən soruşarsan bunu.

 

                                                 ***

Elə buradaca – Bəsid çayının sahilində  atamla nahar elədik. Nahardan sonra  atam traktoru  işə salıb  xeyli  yer şumladı.  Axşama yaxın  mənim yanıma gəlib  sellofan torbanı göstərib dedi:

-Balıqlarını yığ bura, aparaq  anan qızartsın, yeyək.

Başımı  aşağı salıb günahkarcasına dedim:

-Ata, mən onları çaya buraxdım...

Ata heyrətlə :

-Nə danışırsan, Sadiq? Niyə buraxdın?

-Onlar mənə dedilər ki, biz bu gölməçədə boğuluruq, bizi azad et. Mən də buraxdım suya...

***

Evə yenicə çatmışdıq. Atam traktorunun  yanında qurdalanırdı.  Mən də həyətimizdə oynayırdım.  Anam çağırsa da bir azdan gələcəyimi dedim.

Neçə gün idi sakitlik idi. Ermənilər atmırdılar. Elə bunu fikirləşirdim ki… Sav kəndi  yaxınlığındakı  Qızlar ağacı deyilən yerdən  tankdan qəfil atılan  mərminin  zəhmli  səsi Bəsid çayı boyunca  düzülmüş  kəndlərinin adamlarını qorxuya saldı. İkinci mərmi atam olan yerə tərəf düşdü. Mən qorxsam da atama tərəf qaçdım. Amma ata  sağ idi və  o da mənə tərəf qaçırdı. Amma çatmadı: üçüncü mərmi düz  ayağımın altına düşdü. Bir  onu gördüm ki, bədənim param-parça olub. Tək ona sevindim ki, atam mənə çatmadı. Çatsaydı, o da öləcəkdi.

***

Öldüm. Nolsun e. Adam ölər də. Amma təkcə ölümümə görə pis olmamışdım. Atam – rayonumuzun adlı-sanlı traktorçusu, bu güclü adam mənsiz yaşaya bilmirdi. Anam bir tərəfdə, o bir tərəfdə xəstə kimi döşəli qalmışdılar. Çox istəyirdim, yalvarım, onlara deyim ki, belə eləməyin, mən pis oluram. Amma eyzən balıqlar kimi danışa bilmirdim, ya da bəlkə onlar mənim səsimi eşitmirdilər?

Səhəri məni dəfn etdilər. Atam qəbrimin üstündə hönkürə-hönkürə dedi:

-Sadiq! Sənə söz verirəm:  qəddar düşməndən intiqamını alacam!

Hə, səhəri atam traktoru aparıb təhvil verdi. Neçə il əvvəl əsgərlikdən gətirdiyi və sevə-sevə qoruyub-saxladığı tankçı paltarını geyinib könüllü döyüşçülərin yanına getdi. Mən qaçıb onun yolunun üstünü kəsdirdim, qışqırdım, yalvardım ki, getməsin!  (Amma o məni görmədi, səsimi eşitmədi!) Axı o da gedib tankçı olacaq. Tankdan mərmi atacaq, bu mərmilər uşaqlara dəyəcək... Yox, atamın traktor sürməsini, yer əkməsini istəyirdim... O adam öldürə bilməz!

***

O gündən kəndlərimizdə traktorlar susdu. Əvəzində tanklar gurlamağa başladı.

Hər dəfə tankdan atəş açılanda mən qəbirdə qorxurdum... Atam bunu bilmir, bilsə, atəş açmaz.

***

Burada – qəbirdə düşünməyə vaxt çoxdur. Hərdən fikirləşirəm ki, kaş  böyüklər hərdən biz uşaqları da eşidəydilər. Onda dünyada uşaqlar ağlamaz.         

22 iyul 2014 

XS
SM
MD
LG