Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Hədiyyə Şəfaqət. Namus cinayəti


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

 

- Deyir güya əridir. Ay sən öləsən! Yüz faiz saxlayır bunu.

Bizim kənddə kişilər belə gicbəsəri bir gecədə evindən çıxarıb daş-qalaq edərdilər, bunlar da adlarını kişi  qoyublar... 

 

Hədiyyə  Şəfaqət                              

 

NAMUS  CİNAYƏTİ

 

Qadın  əllərini  yana  açıb  eləcə  donub  qalmışdı.  Yarı  qara,  yarı  qəhvəyi  saçları  pərişan  halıyla  asfalt  üstündə  axıb  gedən  qıp-qırmızı  qana  qarışmışdı.

Azca   yana  çevrilmiş  üzünün  görünən  hissəsindən  qorxu- həyəcandan  böyüyən  ala  gözü  plastik gəlinciklərin  şüşə  gözləri  kimi  ifadəsiz  və  mənasız  baxırdı…

Qəfil  hadisənin  çaşqınlığından  donub  qalan  satıcı  qadın  bir  an  sonra  ucadan  qiyya  çəkib  özünü  qonşu  dükana  saldı,  müştəri  gözləyən  taksi  sürücüsü  qorxa -qorxa  yerə  yapışan  qadına  yaxınlaşıb  əlini   boynunun  üstündə  saxladı.  Ətraf  adamla  dolmağa  başladı.  Sürücü  bir  anda  ürəyinin  döyüntüsünü  boğazında  hiss  elədi:

- Ölməyib…

Bu  sözün  deyilməsiylə ətrafda  canlanma  yarandı.  Hər  kəs  bir-birinə  “sağdır,  sağdır”  deyərək  xəbəri  ötürməyə  başladı.  Kim  isə  “skorıya  zəng  edin”  deyib  çığırdı,  kimsə  də  “eləmişik”  deyib  onu  susdurdu.  Ağbirçək  bir  qadın  başını  qaldırıb  binaya  boylandı:  ”Hardan  atdı  bu  bədbəxt  qızı  özünü?”  Adamlardan  bəziləri  başlarını  qaldırıb  yuxarı  baxdılar.  Amma  gənc  qadının  hardan  düşməyi  onları  niyə  maraqlandırmalıydı  ki?...

Kimsə  yaxınlaşıb  qadına  toxunmaq  istəyirdi  ki,  başqa  biri  onun  qolundan  tutub  kənara  çəkdi;  “Neynirsən,  toxunmaq  olmaz,  qoy  həkim  gəlsin.”  Kimsə  əlindəki  su  şüşəsinin  qapağını  açıb  uzananın  başından  aşağı  tökdü,  bir  anda  qəribə  qarışıqlıq  yarandı,  kimsə  telefonunu  çıxarıb tənəli  baxışları   nəzərə  almadan  şəkil  çəkdi,  kimsə  gecikən  təcili  yardımı  söyməyə  başladı,  bir  anda  polis  maşınının  səsi  küçəni  doldurdu,   hardansa  xəbər  tutub  qarışqa  şirin  şeyə  gələn  kimi  hadisənin  başının  üstünü  alan  televiziyaçılar  bir-birinə  qarışdı  və  təcili  yardım  sonda  özünü  çatdırdı.

  Həkim  adamları  yara-yara  gəlib  xəstənin  nəbzini  yoxladı,  ətrafdakıları  bir  az  da  maraqda  saxlayacaq  ədayla  tibb  qardaşına  işarə  elədi  ki,  qadının  boynuna  sarğı  keçirməsinə  köməklik  eləsin.  Sanitarlar  xərəyi  maşından  düşürüb  gətirdilər.  Həkim  bir  anlıq  başını  qaldırıb  yuxarı,  binaya  sarı  boylandı:

    -Neçənci  mərtəbədən  düşdü?

    Bunu  kimsə  görməmişdi.  Həkim  sanitarlara  işarə  elədi. Xərəyi  qaldırıb  maşına  apardılar. Polis  ətrafdakıları  sorğu-suala  tutmağa  başladı.  Çox  qəribəydi,  qadını  kimsə  tanımırdı,  heç  kim  indiyədək  görməmişdi  və  haqqında  heç  nə  bilinmirdi.  Şahidlərin  ifadələri  alındı,  satıcı  qadın  və  taksi  sürücüsü  əlləri  əsə-əsə,  “Allah,  bu  nə  iş  idi  düşdük,  indi  çəkəcəklər  ora-bura”  deyə-deyə  ifadələri  imzalayıb  çəkildilər.  Həkim  təcili  maşınına  yönəldiyi  anda  kimsə  cəsarət  göstərib:

   -Həkim,  sağ  qalar  o  hündürlükdən  düşən?-  deyə  soruşdu.

   Həkim  bayaqkı  ədalı  halıyla:

  -Allah  böyükdür,  biz  nə  deyə  bilərik - deyərək  çıxıb  getdi…

  Adamlar  yavaş-yavaş  dağılışmağa  başladılar,  binadan  enənlər  evlərinə  qalxdılar,  küçədən  ötənlər  yollarına  davam  elədilər,  taksi  sürücüləri  səkinin    qırağındakı  kiçik  məhəllə  çayxanasına  qayıtdılar.  Polis  maşını  çıxıb  getdi,  səs-səmir  kəsildi.

   Qadinin  bir  az  əvvəl  əllərini  uzadıb  yatdığı  yerdə  qan  göllənib   qalmışdı, yaxındakı  dükanlardan  birinin  sahibi  işçisinə səsləndi:

  -Adə,  ay  uşaq,  bir  vedrə  su  gətir  at  bura,  bədbəxtın  qanı  axıb  getsin,  indi  nə  çibin  böcək  var,  gəlib  yığılacaq   üstünə…

 

2

 

     Qadın  yenə  mətbəxdə  donquldanırdı.  Qab-qacaq  çırpılır,  siyirtmələr  hirslə  açılıb  bağlanırdı.  Gəlin  əlindəki  boşqabları  süfrəyə  düzə-düzə   qulağı  səsdə  ərinin  gəlişini  gözləyirdi: “Gəlib  çıxsaydın  bir,  bunun  da  səsi  kəsilərdi..  Nə  azar  oldu  mənim  canıma,  nə  verib  bu  ala  bilmir  məndən?”...    Qaynanası   əlini  yemək  qazanından  çəkib  acıqlı  gözlərini   gəlininin  üzünə  zillədi:

   -Səhərdən  yuyulub  durur  bu  paltarlar,  nə  zaman  havaya  verəcəksən,  nə  zaman  quruyacaq,  nə  zaman  ütülənəcək?

   Sonra  öz-özünə  donquldanmaqda  davam  elədi:

   -Bunlar  da  özlərinə  arvad  deyirlər.  Arvad  ha!   Paltarı  maşın  yuyur,  qab-qacağı  maşın  yuyur,  evi  maşın  süpürür,  bunlar  neyləyir,  bilmirəm?  Yazıq  uşaq,  elə  hər  ay  bunun  maşınlarının  işıq  pulunu  verməkdən  ötrü  çıxır  canı...  Biz  arvad  olmamışıq  ki?  İşıqsız  lampa  hisində  sarala-sarala,  çörək  növbələrində  əzilə-əzilə,  yırtıq-yamağımızı  bir-birinə  calaya-calaya  oğul  böyütmüşük,  budu  bax-  xanım  gəlib,  maşın  yuyan  paltarı  asmağa  da  ərinir...

   Gəlin  paltarları  maşından  çıxarıb  səbətə  yığdı,  səssiz-səmirsiz  eyvana  çıxdı.  Qadın  onun  sakitliyindən  bir  az  da  hölləndi:

  -Özünü  də  qoyub  mal  yerinə,  elə  bil  it  hürür...

  Gəlin  eyvanın  kənarına  bərkidilmiş  paltar  ipinin   çəkib  paltarları  bir-bir  sancaqlamağa  başladı.  Qaynana  arxasıyca  çıxıb  eyvandan  aşağı  boylandı.  Səhər  çağı   eyvandan  yıxılan  qadının  qan  izləri  hələ  də  görünürdü.

  -Görürsən  necə  düşüb  canı  yanmış?  Günlərin  bir  günü  də  mən  bezəcəyəm,  atacağam  özümü   bu  altıncı  mərtəbədən    aşağı.  Qalacaqsınız  əllərdə...

 Gəlin  dodağını  dişlədi:  “Sən  hara  atırsan  özünü?  Hələ  bir  az  da  keçsə  məni  itələyib  salacaqsan  yerə.  Canın  qurtarsın  deyə”...

 

3

 

    Üç  gənc  qız  pilləkənləri  asta-asta  qalxmaqdaydı.  Onlardan  biri,  görkəmindən  qətiyyən  şəhər  qızına  oxşamayanı  atamanlıq  edirdi:

   -O  biri  patokda  Almaz  vardı  ha,  fellənmiş?  Deyirlər  oymuş  düşən...

   İkinci  qız  büzüşüb   səsini  qısmışdı:

  -Olmaz  əşi!   Almaz  buralarda  nə  gəzir?

  Ataman  səsini  yeksəltdi:

  -Az  qadam  sənin  canına,  nə  olmaz?  İki  aydı  qoşulub  qaçıb  birinə,  heç  dərsə  də  gəlmir.  Deyirlər  oğlan  aparıb  beş-on  gün  orda  burda  süləndirib,  qoyub  küçələrdə.  Evə  qayıtmağa  üzü  olmayıb,  papası  da  deyib  gəlsə  öldürəcəyəm...  Bu  yuxarıdakı  var  ha?-başıyla  yuxarı  mərtəbələrə  işarə  elədi-deyirlər  o  tapıb  gətirib,  elə  özünün  tayıdır  da,  evə  kişi-mişi  gətirirlər...

   -Yuxarıdakı?  O  körpə  uşağı  olan?

   -Hə  də,  o..   Uşağı  da  Allah  bilir  kimdən  peydahlayıb,  pul-para  qoparsın,  o  da  keçməyib,  indi  də  Almazı  çəkib  yanına...

  Üçüncü,  bayaqdan  səsi  çıxmayan  çəlimsiz  qız  söhbətə  müdaxilə  elədi:

  -Almazı  burda  görən  olub?

  Ataman  narazılıqla  üz-gözünü  qırışdırdı:

  -Görən  olmasa  da  deyirlər  o  səhər  yerə  dəyən  ona  oxşayırmış..  Əlamətlərini  marketdəki  satıcı  demədi?  Elə  odur  ki,  var..  O  da  burda  neyləyəcək  yuxarıdakının  yanında  qalmaqdan  başqa?  Hələ  bəlkə  də  özü  itələyib  salıb  aşağı?

  İkinci  qız  qorxu  içində  döyükdü:

  -Yavaş  danış,  eşidən  olar,  nəyimizə  lazımdır?  Bir  də  niyə  itələyib  salsın  ki?

  Ataman  bir  addım  da  geri  çəkilmək  fikrində  deyildi.

  -Niyə  salacaq  ki?  Ya  sevgilisini  ələ  keçirib,  ya  da  səhər  az  pulla  qayıdıb.  Çox  güman  sevgilisini  əlindən  alıb..  Görməmisiniz,  yanına  bir  yaraşıqlı  kişi  gəlib- gedir..  Deyir  güya  əridir.  Ay  sən  öləsən!  Yüz  faiz  saxlayır  bunu.  Bizim  kənddə  kişilər  belə  gicbəsəri  bir  gecədə  evindən  çıxarıb  daş-qalaq  edərdilər,  bunlar  da  adlarını  kişi  qoyublar.  Biri  qapısını  döyüb  soruşmur  ki,  ay  balam,  bura  nədir  səninçün,  pozğunxanadır?...

   Üçüncü  çəlimsiz  narazılıqla  başını  yellədi:

  -Di  yaxşı,  nə  işimizə  qalıb..  Özləri  bilərlər - və  çantasından  mənzilin  açarlarını  çıxardı.  Ataman  qapının  ağzınmda  dayanıb  bir  mərtəbə  yuxarıdakı  qapını  dinlədi.

  -Necə  sakitçilikdir?   Qınına  çəkilif  duruf...  Elə  deməyimiz  lazımıydı  ki,  bunu  tutub  aparsınlar,  getsin  bala-bala...-və  qadının  yanına  gəlib  gedən  yaraşıqlı  kişini  xatırlayıb  gülümsədi...

 

4

 

  Qızların  qaldıqları  mənzilin  üst  qatında,  dördüncü  mərtəbədəki  qadın   beş  yaşındakı  oğlunun  yeməyini  yedirə-yedirə  səhərdən  içini  didib-dağıdan  düşüncələrin  caynağında  çırpınırdı.  Əri  bu  axşam  gəlməyəcəkdi.  Onların  ailə  qurmasına  qarşı  çıxan  atasının  qorxusundan  hər  axşam  da  gələ  bilmir,    üç-beş  gündən  bir,  gecə  düşəndən,  qonşular  evinə  çəkiləndən  sonra  gizli-gizli  qapını  döyür,  bir-iki  saat  dayanıb  çıxıb  gedirdi.  Nikah  bağladıqları  gündən   bəri  səhəri  bu  evdə  açdığı  olmamışdı.  Atasından  it  kimi  qorxurdu...

  Amma  nə  qədər  gizli  gəlib  getsə  də  maraqlı  qonşular  duyuq  düşmüşdülər  və  kişinin  özünü  gizlətmə  cəhdləri  böhtana,  şərə,  qınağa  çevrilib  qadının  başından  tökülürdü.  Həyətdəki  qadınlar  uşaqlarını  onun  oğluyla  oynamasına  icazə  vermirdilər,  çörək  dükanının  üst-başından  pintilik  yağan  kök  satıcısı  ona  göz  süzdürür,   küçənin  ağzında  topalaşan  məhəllə  cayılları  söz  atırdılar.  Üstəlik  bir  əməlli  iş  də  tapa  bilməmişdi.  Qardaşları  qəbul  edilməmiş  ailəyə  görə   əllərini  ondan  üzmüşdülər,  anası  arabir,  ayda  iki -üç  dəfə  bazarlıq  edib  gətirir,  bunu  da  qardaşlarından  gizlin  edirdi.

     Qazancının  hər  qəpiyi  üçün  evdə  hesabat  verən  əri  onları  ehtiyac  içində  saxlayırdı...

    Səhər  küçədə  qopan  harayla  özünü  çölə  atmışdı..   Yerə  sərilmiş  qadını  gördükdə  sarsılmışdı.  Ölüm  bütün  gözəlliyi  və  çirkinliyi  ilə  qarşısında  dayanıb  dururdu.  “Ölüb  canı  qurtardı”  düşüncəsinə  qapılsa  da  ətrafdakıların “hələ  sağdır”,  “Bəlkə  də  şikəst qalacaq”,  “əllərdə  qaldı  yazıq”  sözlərindən  çıxılmazlıq  içində  qalmışdı.     Ölümdən  qorxmurdu,  oğlu  üçün  də  nigaran  deyildi,  atası  onu  çox  güman  aparacaqdı,  ya  da  dayıları...  Hər  halda  qohumları  uşağa  sahib  çıxacaqdılar..  Ama   özünü  atan  qadının  sağ  qalması  onu  qorxuya  salmışdı...

  Uşaq  əliylə  qaşığı  itələdi..  Nəfəsi  daralmışdı,  eyvana  çıxdı,  istər-istəməz  aşağı  boylandı..   Tükləri  ürpəşdi..  Bacarmayacaqdı  daha,  sağ  qalma  ehtimalı  ölüm  fikrinin  üstünə  qorxu  kölgəsi  salmışdı...

 

5

 

  Birinci  mərtəbədəki  kiçik  mənzildə  yaşayan  qarı-qoca  axşam  yeməyinə  hazırlaşırdı.  Qarı  çörək  qabını  masaya  gətirib  ərinin  qarşısına  qoydu,  özü  də  onunla  üz-üzə  əyləşdi:

  -Səhərki  əhvalat  necə  bitdi  görəsən?  Adamı  tapıldımı  yazığın?

  Qoca  başını  yellədi:

  -Adamı  olan  da  özünü  o  boyda  hündürlükdən   yerə  atarmı?  Görmədinmi,  heç  kim  də  tanımır.  Özü  qəsdən  gəlib  elə  yerdən  atılıb  ki,  tanıyan  bilən  olmasın...

  Qaşıqla  yeməyini  döyəcləyə-döyəcləyə  bir  xeyli  fikrə  getdi..

  -Gündə  biri  atır,  yandırır,  asır  özünü..  Yazıq  cavanlar.  Bunlara  bir  yiyə  çıxan  olmayacaqmı?...

 

6

 

    Məhlədəki  binaların  kişiləri  həyətdəki  çayxanaya  yığılıb  televizorun  səsini  qaldırmışdılar.  Ağız  deyəni  qulaq  eşitmirdi,  xəbərlər  hələ  başlanmamışdı...

 

7

 

   Palata  bir  adamlıq  idi.  Kişi  yatağa  yaxın  oturub  başı  bintlə  sarınmış  qadının  əlini  əlləri  içində  saxlamışdı.  Qadının  dodağı  partlamış,  gözlərinin  altı  qan  salmışdı.

  Tibb  bacısı   növbəti  iynəni  vurub  çıxdı.  Sakitçilik  çökdü.  Qadın  göz  qapaqlarını  ağır-ağır  qaldırıb  dodaqlarını  zorla  araladı:

   -Sənin  də  başına  iş  açdım..

  Kişi  zorla  da  olsa  gülümsədi,  sifətindən  duyduğu  qorxunun  izləri  hələ  silinib  getməmişdi:

  -Əzizim,  bunları  fikirləşməyin  əbəsdir.  Hər  şey  keçib,  əsas  odur  ki,  sənə  heç  nə  olmayıb.

  Qadın  yerində  azacıq  tərpənib  duruşunu  düzəltmək  istədi.  Başını  zorla  qaldırıb  ayaqlarına  sarı  boylandı,  onları  tərpətməyə  çalışdı.  Barmaqlarını  azca  hərəkət  etdirib  başını  yenidən  yastığa  qoydu:

  -Sən  aldatmırsan  ki?  Şikəst  qalmaram,  eləmi?

-Yox  əzizim,  həkim  nə  dedi?  Bir  az  vaxt  yatacaqsan,  yüngül  müalicə,  çıxardacaqlar...

     - Amma  gül  kimi  evi  əldən  buraxdıq,  daha  sahibi  razı  olmaz.

     -Yox,  daha  yox,  zəng  elədi,  apardım  açarı  verdim,  narazılıq  elədi  ki,  sabah  polis  doluşacaq  evimə,  başıma  iş  açdınız...  Yaxşı  ki,  birinci  mərtəbədən  düşmüsən...  Mən  sənə  deyirdim  tək  getməyəsən...

   Qadın  peşman  nəzərlərini  kişiyə  zillədi:

     -İstədim  əşyalar  daşınmamışdan  gedim  bir  əl  gəzdirim,  təmizlik  edim.    Azca  hava  almaq  istəmişdim,  həm  də  eyvanın  dəmirlərində  qurumuş  sarmaşıq  çiçəkləri  ilişib  qalmışdı,  əlimi  uzatdım  ki,  təmizləyim...  Nə   biləydim  guppultuyla  gələcəm  yerə?...

    Qapıya  boylandı:

   -Getdilər?

  -Hə,  hamısı  çəkildi  getdi,  hadisə  yerinə  sabah  baxarıq  dedilər,  izahat  aldılar,  getdilər...

  -Səni  incidəcəklər...-qadının  səsindən  üzrxahlıq  duyulurdu-başına  iş  açdım...

   -Məni  incidib  neyləyəcəklər,  yıxılanda  görən  olmasa  da  mənim  o  saatda  işdə  olduğumu  təsdiqləyəcək  iş  kartı  var...   Narahat  olma,  iki  günə  həll  edib  bitirəcəklər...

 Qadın  başını  bir  küncdə  qoyulmuş  televizora  tərəf  çevirdi,  səsi  alınmışdısa  da  xəbərləri  aparan  diktor   öz  işindəydi.

  -Çəkiblər  hər  halda,  indi  verəcəklər,  məşhur  da  olduq

  Kişi  televizorun  səsini  yüksəltdi.  Diktor  xanım  bütün  bədbəxt  hadisələri  sadalaya- sadalaya  gəlib  səhərki  hadisənin  üstündə  dayandı:

   -Bu   gün  Bakı  şəhərində  qadın  özünü  çoxmərtəbəli  binanın  damından  yerə  ataraq  intihara  cəhd  edib.  Hadisə  zamanı   ağır  yaralansa  da  onun  həyatını  xilas  eləmək  mümkün  olub.  Hadisənin  namus  cinayəti  zəminində  baş  verdiyi  ehtimalı  irəli  sürülüb.  Araşdırmalar  davam  etdirilir...

  Kişi  qadına,  qadın  kişiyə  baxdı. Kişi  hirslə televizoru  söndürdü:

   -Belə  xəbərdən  sonra  o  binada  yaşamaq  olardı?

XS
SM
MD
LG