Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Yatdığı otağı üzünə köçürər körpələr...


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

 

 

Hikmət Nazim

 

***

 

Çəlimsiz uşaqların gözündən oxunar

ailənin kasıblığı...

ilk baxışdan anlarsan

ayaqlarının altının döşəməsiz,

divarların suvaqsız olduğunu...

yatdığı otağı

üzünə köçürər körpələr...

 

 

***

 

Bir gün çıxıb gedərəm,

qüzeydə yerləşən evinizin

gün döyməyən pəncərəsindən

həsrət-həsrət boylanarsan arxamca.

 

Bir gün çıxıb gedərəm,

dünyanın düzəni dəyişməz,

kainat qara boyanmaz da

gözlərinin qarası çəkilər ağlamaqdan.

 

Bir gün çıxıb gedərəm,

atam-anam ağlamaz da

itimiz acından zingildəyəndə

anlarsan yoxluğumun ağırlığını.

XS
SM
MD
LG