Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Dünya xəbərləri

Erdogan:"Rusiya çox şey itirə bilər"

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“Əgər Moskva Ankara ilə dostluğu əldən versə, çox şey itirəcək”. Bunu Türkiyə prezidenti Racep Tayyep Erdoğan oktyanrın 6-da Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

O xəbərdarlıq edib ki, əgər Rusiya təyyarələri ölkənin hava məkanını yenidən pozsa,Türkiyə bunu sakit müşahidə etməyəcək.

Həmçinin NATO-nun baş katibi Jens Stoltenberq təşkilatın təcili toplantısında bildirib ki, Türkiyənin hava hüdudlarının pozulması təsadüfi insidentə oxşamır və Moskva Türkiyə sərhədlərinə hörmətlə yanaşmalıdır.

Türkiyə tərəfi son 3 gün ərzində hava məkanının Rusiya təyyarələri tərəfindən 2 dəfə pozulduğunu bildirir.

Məlumata görə bu insidentlər oktyabrın 3 və 4-də qeydə alınəb.

Ankara buna görə Rusiya tərəfinə rəsmi narazılığını bildirib.

Bütün xəbərləri izləyin

İranda rejissor Cəfər Pənahiyə qiyabi həbs cəzası kəsilib

Cəfər Pənahi Kann festivalında
Cəfər Pənahi Kann festivalında

İran tanınmış kinorejissor, azərbaycanəsilli Cəfər Pənahini bir il qiyabi həbsə məhkum edib. Onun ölkədən çıxışına isə iki illik qadağa qoyulub.

Pənahi "sistemə qarşı propaqanda fəaliyyəti"ndə təqsirli bilinib. Bu haqda onun vəkili Mustafa Nili X platformasında yazıb. Vəkil hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

C.Pənahi isə dekabrın 1-i axşam Nyu-York şəhərinə çatıb. O, "Sadəcə qəza idi" filminə görə "Qotem" Mükafatı mərasimində üç mükafat alıb. Bu film bu ilin mayında Kann Festivalında "Qızıl Palma" mükafatına layiq görülmüşdü.

Kinorejissor hökmü şərh etməyib. AP onun İrana qayıdacağının da bilinmədiyini yazır.

65 yaşlı Pənahi son 20 ildə dəfələrlə həbs olunub, səyahət qadağası ilə üzləşib, ev dustağı edilib. O, "Sadəcə qəza idi" filmini İranda gizli çəkib. Bundan öncə isə yeddi ay həbsdə yatıb. O, filmin süjetini digər məhkumların hekayətləri üzərində qurduğunu deyir. Bu, bir qisas dramıdır. Bir qrup keçmiş məhbus onlara həbsxanada işgəncə verən kişini tapdıqlarını düşünürlər. Amma həbsdə gözübağlı olduqlarından bundan əmin olmaq istəyirlər.

Fransa bu filmi "Oskar" mükafatına təqdim edəcəyini bildirib.

Qara dənizdə Rusiyanın daha bir tankerinə hücum olub

Qara dənizdə "Kairos" tankerində yanğın. 28 noyabr 2025
Qara dənizdə "Kairos" tankerində yanğın. 28 noyabr 2025

Rusiyadan Gürcüstana gedən "Midvolga-2" tankeri Qara dənizdə, Türkiyə sahilindən 129 km məsafədə hücuma məruz qalıb. Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Gəmi günəbaxan yağı daşıyır və heyətində 13 nəfər var. Nazirliyin məlumatına görə, heç kim xəsarət almayıb, yardım istəməyib. Hazırda gəminin Türkiyənin şimalındakı Sinop istiqamətinə doğru hərəkət etdiyi açıqlanıb.

"VesselFinder" gəmi izləmə xidməti "Midvolga-2" tankerinin 2014-cü ildə inşa edildiyini, Rusiya bayrağı altında üzdüyünü bildirir. Gəminin sahibi Moskvada qeydiyyatdan keçmiş Orta Volqa Gəmiçilik Şirkətidir. Bu şirkət Ukraynanın sanksiyaları altındadır.

Rusiyanın Dəniz və Dənizçilik Agentliyi "Midvolga-2"yə dronlarla hücum olunduğunu bildirib. TASS-ın məlumatına görə, üst qurğuda kiçik zədələr yaranıb, su sızması yoxdur.

Noyabrın 28-də Qambiya bayrağı altında üzən "Kairos" və "Virat" tankerlərinə hücum edilib. Novorossiyskə gedən "Kairos" gəmisi göyərtədə yanğın siqnalı verib. "Virat" tankerində də yanğın olduğu üzə çıxıb. Rusiya hərbi bloqerləri gəminin arxa hissəsinə beş dəniz dronunun zərbə endirdiyini yazıblar. Türkiyə Nəqliyyat Nazirliyi noyabrın 29-u səhər "Virat" tankerinə yenidən hücum olduğunu, sağ tərəfdə kiçik zədələr yarandığını bildirib.

Ukrayna mediası Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) istinadla bunun ölkə kəşfiyyatı və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olduğunu yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gəmilərə hücumları pisləyib. "Bu hücumları heç bir şəraitdə əsaslandıra bilmərik", – o deyib.

Cənub-şərqi Asiyada daşqınlar 1200-dən çox insanın həyatına son qoyub

İndoneziyada xilasedicilər daşqından zərər çəkmiş sakinlərin təxliyəsi üçün şişmə qayıqdan istifadə edirlər.
İndoneziyada xilasedicilər daşqından zərər çəkmiş sakinlərin təxliyəsi üçün şişmə qayıqdan istifadə edirlər.

İndoneziya, Şri-Lanka və Tailandda daşqınlarda 1200-dən çox insan həlak olub, 800-dən çox insan isə itkin düşüb. Ötən həftə başlayan musson yağışları regionda çayların daşmasına səbəb olub, şəhərlər su altında qalıb, infrastruktur dağılıb.

İndoneziyada 659, Şri-Lankada 390, Tailandda 181 nəfərin həlak olduğu xəbər verilir. Ən böyük ziyan İndoneziyaya dəyib. Yolların, körpülərin dağılması, üstəlik, havanın pisləşməsi xilasedicilərin işini çətinləşdirir, Sumatra adasındakı kəndlərə çətinliklə gedirlər. Ölkədə daşqınlardan 3.2 milyon insan zərər görüb, 2 min 600 nəfər yaralanıb, 470-dən çox insan isə itkin düşüb.

"The Guardian" yazır ki, musson mövsümü adətən güclü yağışlara, bunlar da torpaq sürüşmələri və daşqınlara səbəb ola bilər. Bu il yağıntıları Malakka boğazındakı nadir tropik fırtına daha da şiddətləndirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) regiona çevrik reaksiya qrupları ilə ilk yardım göndərdiyini, həmçinin epidemioloji nəzarəti gücləndirdiyini bildirib.

Ermənistan Aİ ilə yeni strateji tərəfdaşlıq sənədi imzalayıb

Ermənistan və Aİ bayraqları
Ermənistan və Aİ bayraqları

Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər. Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirilib.

Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas imzalayıb.

"Bu, bir növ fəaliyyət planıdır, bizin edə biləcəklərimizin yol xəritəsidir", – Avropanın Genişlənmə Komissarı Marta Kos bir gün öncə jurnalistlərə deyib.

Tərəfdaşlığa təhlükəsizlik və müdafiə sahəsində daha güclü əməkdaşlıq, iqtisadi inkişafa, institutlarım gücləndirilməsinə dəstək daxildir.

Komissar Kos deyib ki, Aİ Ermənistanın 2026-cı il parlament seçkiləri öncəsi dezinformasiya, kiberhücumlar, digər hibrid təhdidləri önləməsinə dəstək göstərəcək. Bu dəstəyin 12 milyon avro təşkil edəcəyi bildirilir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, M.Kos dəstəyin Ermənistanda qurumların hibrid təhlükələri öncədən görməsi, onlara cavab vermək imkanlarını artırmaq məqsədi güdür.

A.Mirzoyan yeni tərəfdaşlıq gündəliyi sənədini "iddialı" adlandırıb, Ermənistan-Aİ ikitərəfli əməkdaşlığını daha da dərinləşdirəcəyini vurğulayıb.

Yerevan və Brüssel 2024-cü ilin əvvəlində bütün səviyyələrdə əməkdaşlıq üzrə birgə prioritetləri müəyyənləşdiriblər. Bu ilin iyununda tərəflər yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqları yekunlaşdırdıqlarını açıqlayıblar.

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanılıb

Vidadi Mustafayev
Vidadi Mustafayev

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev saxlanılıb. "Kommersant", E1 və 66.ru onun fitnes-kluba daxil olarkən saxlanıldığını xəbər verir.

V.Mustafayevə torpaq satışı ilə bağlı dələduzluq ittihamı verildiyi bildirilir. Daha öncə onun mənzilində axtarış aparılıb.

Mustafayevdən öncə diaspor rəhbəri Şahin Şıxlinski idi. O, avqustda qətldə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə şübhəli bilinərək həbs olunub. İyulda isə onun oğlu Mütvəli saxlanılıb.

Bütün bunlar iyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reydlərdən sonra baş verib. 50-dən çox azərbaycanlı saxlanılıb, iki azərbaycanlı ölüb. Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü bildirib. Amma Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümlərə çoxsaylı xəsarətlərin səbəb olduğunu müəyyənləşdirib.

Reydlərin 10-20 il öncə törədilmiş sifarişli qətllərin üstünün açılması işi çərçivəsində keçirildiyi bildirilib.

Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib. Ötən ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra əlaqələrdə gərginlik yaranıb. Rəsmi Bakı Moskvadan üzrxahlıq, kompensasiya, günahkarların cəzalandırılmasını tələb edib. Nəhayət, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşü tərəflər arasında barışıq kimi dəyərləndirilib. Vladimir Putin İlham Əliyevə dekabrdakı qəzadan sonra zəngində üzr istədiyini xatırladıb, kompensasiya ödəniləcəyini deyib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 30-da Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində deyib ki, Bakı Moskva ilə "anlaşılmazlıqlar səhifəsini çevirib": "Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi üzr istənilməsini, hərtərəfli araşdırma aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Bu məsələlər həllini tapdığından biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdiririk".

Vəkil jurnalist Nika Novakın Sibir həbsxanasında olmadığını deyir

Nika Novak
Nika Novak

AzadlıqRadiosunun ötən il Rusiyada peşə fəaliyyətinə görə həbsə məhkum edilmiş keçmiş əməkdaşı Nika Novak Sibirdə islah koloniyasından yoxa çıxıb. Məlumatı vəkil yayıb.

Yuliya Kuznetsova sosial şəbəkədə yazıb ki, Novak İrkutsk vilayətinin Bozoy kəndindəki 11 saylı cəza koloniyasından başqa yerə köçürülə bilər, ancaq yeri bəlli deyil.

Vəkil koloniyadan Novak barədə informasiya ala bilmədiyini əlavə edib. Dediyinə görə, bir vəkil həmkarı bu həftə Nikanı ziyarət etmək istəyib, amma ona koloniyaya daxil olmağa icazə verilməyib.

Novak qapalı məhkəmə iclasında "xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əməkdaşlıq"da təqsirli bilinərək 4 il həbsə məhkum edilib. Özü və hüquq müdafiəçiləri hökmü ədalətsiz sayırlar.

Martın 1-də cəza koloniyasına köçürülən jurnalist orada işgəncə xarakterli şəraitdən şikayət edib, aclıq aksiyası keçirib.

AzadlıqRadiosunun prezidenti Stiv Kapus Rusiya hakimiyyətini Novakı azad etməyə çağırıb. O deyib ki, jurnalistə qarşı "siyasi motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq məqsədi daşıyır".

Novak həbs olunanadək "Chita Media"da çalışıb, zab.ru saytının baş redaktoru olub. O, 2022-ci ildə AzadlıqRadiosunun "Siberia.Realities" layihəsi ilə əməkdaşlıq edib.

33 yaşlı jurnalistə qarşı cinayət işi Rusiyanın Ukraynaya tammiqyaslı işğalından bir neçə ay sonra 2022-ci ildə qəbul olunmuş 275.1-ci maddə üzrə hökm çıxarılan ilk hadisə olub.

Hüquq ekspertləri bu qanunun mahiyyətini və mətnini tənqid ediblər. 2024-cü il iyulun 22-də Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatı Novakı siyasi məhbus kimi tanıyıb.

Kobaxidze bir neçə ilə qanunsuz miqrasiyanı aradan qaldırmaq vədi verir

İrakli Kobaxidze
İrakli Kobaxidze

Bu ilin 11 ayı ərzində Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ölkədən 1 min 131 qeyri-qanuni miqrantı çıxarıb. Bunu hökumətin iclasında Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, bu göstərici son 7 ilin ümumi nəticəsinə yaxındır.

Baş nazir qeyd edib ki, DİN qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə xeyli səmərəli işləyib: "Artıq təsirli nəticələrimiz var. Effektivlik ciddi artıb, amma DİN-in Miqrasiya Departamentini daha da gücləndirməyə ehtiyac var və nazirlik bunun üzərində fəal işləyir".

"Exo Kavkaza" yazır ki, İ.Kobaxidze gələn il azı 3 min 500 qeyri-qanuni miqrantın ölkədən çıxarılmasının planlaşdırıldığını vurğulayıb.

"DİN-in təqdim etdiyi proqrama əsasən, üç-dörd ildən sonra qeyri-qanuni miqrasiya problemi tamamilə aradan qaldırılacaq. Bu, təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır", –baş nazir bildirib.

Bundan öncə "Gürcü Arzusu" xarici vətəndaşların ölkədən çıxarılması ilə bağlı qanunvericiliyi sadələşdirib. Artıq əcnəbi etiraz aksiyalarında iştirak qaydalarını pozduğuna görə ölkədən çıxarıla bilər. Gürcüstanda yaşayan əcnəbilər üçün məşğulluq şərtləri də sərtləşdirilib: 2026-cı il martın 1-dən əmək fəaliyyəti üçün icazə tələb olunacaq.

Tramp Maduro ilə danışdığını təsdiqləyib

Tramp və Maduro
Tramp və Maduro

Bazar günü ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə danışdığını təsdiqləyib.

"Bunu şərh etmək istəmirəm. Cavab "bəli"dir", – Tramp jurnalistlərin sualına cavabında deyib.

Bu barədə ilk dəfə "The New York Times" qəzeti yazmışdı.

Tramp şənbə günü – noyabrın 29-da isə Venesuelanın hava məkanının bağlandığını bildirib.

"Reuters" əlaqə saxladığı ABŞ rəsmilərinin bu açıqlamadan təəccübləndiklərini deyiblər. Ağ ev əlavə açıqlama verməyib.

Venesuela hökuməti isə Trampın dediyini pisləyib, ölkəyə qarşı "kolonialist təhdid" adlandırıb.

Tramp administrasiyası amerikalıların ölümünə səbəb olan qanunsuz narkotik ticarətində Maduronun rolundan danışır, onunla mübarizə yollarını götür-qoy edir. Sosialist Maduro qanunsuz narkotik ticarəti ilə əlaqəsi olmadığını bildirir.

Ötən il dünyada silah satışından 679 milyard dollar gəlir əldə olunub

Gəlirlərin yarısı ABŞ silah şirkətlərinin payına düşür.
Gəlirlərin yarısı ABŞ silah şirkətlərinin payına düşür.

Ötən il dünyada ən böyük 100 silah istehsalçısının silah və hərbi xidmət satışından gəlirləri 5.9 faiz artaraq rekord 679 milyard dollara çatıb. Dekabrın 1-də Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) bu barədə hesabat açıqlayıb.

Ötən il qlobal silah gəlirlərinin kəskin artmasına Ukrayna və Qəzzadakı müharibələr, qlobal və regional geosiyasi gərginliklər, hərbi xərclərin yüksəlməsi səbəb olub. 2018-ci ildən bəri ilk dəfə olaraq ən böyük beş silah şirkətinin gəlirləri artıb.

Bu yüksəlişin əsas hissəsi Avropa və Birləşmiş Ştatlardakı şirkətlərin payına düşür. Amma ümumilikdə ilk 100-lükdə olan şirkətlərin illik gəliri artıb. Asiya və Okeaniya istisnadır, Çinin silah sənayesindəki problemlər regional statistikaya təsirini göstərib.

SIPRI-nın tədqiqatçısı Lorentso Skaratsato deyir ki, şirkətlərin istehsal gücünü artırmasına baxmayaraq, xərclərə, çatdırılma qrafikinə təsir göstərə biləcək bir sıra problemləri var.

2024-cü ildə "Top 100"dəki ABŞ silah şirkətlərinin gəliri 3.8 faiz artaraq 334 milyard dollara çatıb. Siyahıya "Lockheed Martin", "Northrop Grumman", "General Dynamics" kimi şirkətlər daxildir.

İlk 100 şirkətdən 26-sı Avropada (Rusiyanı çıxmaqla) yerləşir, onlardan 23-nün gəlirləri artıb. Bu artım Ukraynadakı müharibədən, Rusiyadan gözlənən təhdiddən qaynaqlanır.

SIPRI bildirir ki, sanksiyalara, işçi çatışmazlığına baxmayaraq, Rusiyanın silah gəlirləri də yüksəlir. İlk 100-lükdə "Rostec" və Birləşmiş Gəmiqayırma Korporasiyası yer alıb. Onların ümumi silah gəlirləri 23 faiz artaraq 31.2 milyard dollar çatıb.

Honkonqda antikorrupsiya idarəsi yanğına görə daha 6 nəfəri saxlayıb

Yanğın
Yanğın

Honkonqun antikorrupsiya idarəsi "Wang Fuk Court" yaşayış kompleksində yanğınla əlaqədar daha 6 nəfəri saxlayıb.

Yanğında ölənlərin sayı 128 nəfərə çatıb, 200 nəfər itkin sayılır.

Noyabrın 26-da dünyanın ən sıx məskunlaşan şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı səkkiz binadan ibarət yaşayış kompleksində güclü yanğın baş verib.

Polis yanğına təhlükəli materiallardan istifadə edən tikinti şirkətinin "ağır" səhlənkarlığının səbəb ola biləcəyini bildirib.

Polisin məlumatına görə, binalar yanğın standartlarına uyğun olmayan qoruyucu tor və plastiklə örtülüb. Yanğından zərər görməmiş bir binada təmir işləri aparan tikinti şirkəti isə bəzi pəncərələri köpük materialı ilə möhürləyib.

Tikinti şirkətinin iki direktoru və bir mühəndislik müşaviri yanğındakı ölümlərlə əlaqədar şübhəli qismində saxlanılıb.

1948-ci ildə Honq-Konqda anbarda yanğında 176 nəfər həlak olmuşdu.

Tramp: ABŞ 'üçüncü dünya' ölkələrindən miqrasiyaya 'daimi fasilə' verəcək

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp noyabrın 27-də deyib ki, administrasiyası "üçüncü dünya" ölkələrindən miqrasiyaya "daimi fasilə" verəcək. Məqsəd ABŞ sisteminin tam bərpasıdır.

"Reuters" yazır ki, Tramp konkret ölkə adı çəkməyib, "üçüncü dünya ölkələri", "daimi fasilə" deyəndə nəyi nəzərdə tutduğunu da deməyib. O, plana keçmiş prezident Co Bayden administrasiyasının təsdiqlədiyi işlərin salınacağını, Bayden dövrünün milyonlarla "qanunsuz" qəbulunu ləğv edəcəyini yazıb.

Prezident həmçinin qeyri-vətəndaşlar üçün bütün federal imtiyazlar və subsidiyaların kəsiləcəyini, təhlükəsizlik riski yaradan, "Qərb sivilizasiyasına uyğun gəlməyən" istənilən əcnəbinin deportasiya olunacağını əlavə edib.

"Reuters" Ağ evdən, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən (USCIS) şərh ala bilmədiyini yazır.

Prezident həmçinin Bayden administrasiyası dövründə 19 ölkədən vətəndaşlara verilmiş "green card"ların və sığınacaq müraciətlərinə yenidən baxılması göstərişi verib.

USCIS 19 ölkə ilə bağlı "Reuters"in sorğusuna cavabında Trampın iyunda səyahət qadağası qoyduğu ölkələri göstərib. Həmin siyahıda Əfqanıstan, Burundi, Laos, Toqo, Venesuela, Syerra-Leone və Türkmənistanın adları var.

Bütün bunlar Ağ ev yaxınlığında Milli Qvardiyanın iki əməkdaşının güllələnməsindən sonraya təsadüf edir. Onlardan biri aldığı yaralardan ölüb. Şübhəli kimi saxlanan əfqanıstanlıya isə bu il, Tramp administrasiyası dövründə sığınacaq verilib. "Reuters" müvafiq sənədləri gördüyünü yazır.

ABŞ hökuməti artıq Əfqanıstan vətəndaşlarının immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb.

Tramp administrasiyasının 'Green Card' yoxlamaları Azərbaycana da şamil ediləcək?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00


İmran Xanın partiyası həbsdə onunla görüş tələb edir

İmran Xan
İmran Xan

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın partiyası onunla görüş tələb edir. Partiya bildirir ki, üç həftədən çoxdur siyasətçiyə ailəsi və vəkilləri ilə görüş verilməyib deyə, onun səhhətindən narahatdır.

Xan 2023-cü ilin avqustundan həbsdədir. Ona korrupsiya ittihamları ilə 14 il həbs cəzası kəsilib. Özü isə ordunun onu siyasətdən uzaqlaşdırmaq üçün cinayət işlərini düzüb-qoşduğunu bildirir. Ordu bu iddianı rədd edir.

Xanın "Təhrik-i-İnsaf" partiyasının sözçüsü Zülfikar Buxari deyib ki, noyabrın 4-dən bəri onu görən olmayıb, buna səbəb də göstərilməyib. "Keçmiş baş nazir" statusuna baxmayaraq, Xana ziyarətdən, tibbi yardımdan imtina olunur.

"Onun səhhətindən, qanunsuz təcridindən narahatıq", – Buxari "Reuters"ə deyib.

Xanın ailəsi, partiya üzvləri son günlər həbsxana qarşısında etiraz edərək onunla görüş tələb ediblər.

Qanunla o, həftədə azı bir dəfə kənardan gələnlərlə görüşə bilər.

Yerli medianın yazdığına görə, 73 yaşlı Xanla görüşləri çətinləşdirmək üçün onu sərt rejimli həbsxanaya da köçürə bilərlər.

Pakistanın Daxili İşlər Nazirliyi sorğuları cavablandırmayıb.

Həbsxana rəsmisi keçmiş baş nazirin səhhətinin yaxşı olduğunu deyib.

2018-ci ildə baş nazir seçilən Xan 2022-ci ildə ordu ilə mübahisədən sonra parlament səsverməsi ilə vəzifədən kənarlaşdırılıb. Onun 2023-cü ildə həbsi ölkədə etirazlara səbəb olub.

Putin KTMT-ni Rusiyanın yeni silahları ilə silahlandırmağı təklif edir

Bişkekdə KTMT sammiti
Bişkekdə KTMT sammiti

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrini yeni Rusiya silahları ilə təchiz etməyi təklif edib. O, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən iclasında bu haqda danışıb: "Biz kollektiv qüvvələrin real hərbi əməliyyatlar zamanı effektivliyini sübut etmiş müasir Rusiya silah və texnika nümunələri ilə təchiz olunması üçün irimiqyaslı proqramın işə salınmasını təklif edirik".

"Vedomosti"nin yazdığına görə, Putin onu da bildirib ki, Rusiya KTMT-nin hərbi potensialını gücləndirmək üçün təşkilatdakı müttəfiqlərlə birgə işləyəcək. Prioritetlərə gəlincə, buraya milli kontingentlərin döyüş qabiliyyətini artırmaq, kollektiv qüvvələrin idarə olunmasını təkmilləşdirmək var.

Putin noyabrın 25-də Bişkekə dövlət səfərinə gedib.

25 noyabr

Ermənistan KTMT-nin sammitinə qatılmayacaq

Ermənistan noyabrın 27-də Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmayacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Amma Yerevan sammitdə razılaşdırılmış sənədlərin qəbuluna qarşı deyil, - Uşakov əlavə edib.

Ermənistan artıq iki ildir KTMT-nin tədbirlərinə qatılmır.

Rusiyanın başçılıq etdiyi KTMT ilə Yerevanın münasibətləri son illər gərginləşib. Ermənistan Qarabağ və ətrafındakı Rusiya sülhməramlılarını Azərbaycanın əməliyyatının qarşısını almamaqda ittiham edib. Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini deyib, alyansı bunu qınamağa çağırıb. Bakı o zaman mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Krım körpüsündəki partlayışa görə 8 nəfərə ömürlük həbs kəsilib

Krım körpüsündə partlayış
Krım körpüsündə partlayış

2022-ci ilin oktyabrında Krım körpüsündə partlayışa görə səkkiz nəfər terror aktında, silah və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bu barədə Rostov Cənub Hərbi Məhkəməsi qərar çıxarıb. Rusiya, Ukrayna və Ermənistan vətəndaşları olan bu şəxslərə ömürlük həbs cəzaları kəsilib.

Krım körpüsü Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tikilib, yarımadanı Rusiyanın cənubuna birləşdirir. Körpünü 2020-ci ildə şəxsən prezident Vladimir Putin açıb. Körpüdən hərbi texnikanın Krıma, Rusiyanın Ukraynanın cənubunda işğal etdiyi ərazilərə daşınmasında istifadə olunur.

2022-ci il oktyabrın 8-də Krım körpüsündə güclü partlayış baş verib, iki avtomobil aşırımı uçub və dəmiryol hissəsində güclü yanğın yaranıb. Beş nəfər həlak olub. Rusiya partlayışı "terror aktı" kimi qiymətləndirib. Putin terror aktının hazırlanmasında Ukrayna xüsusi xidmətlərini günahlandırıb. İstintaq isə partlayışı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbəri Vasili Malyukun təşkil etdiyini bildirib. Həmin partlayışdan sonra Ukrayna hərbçiləri körpüyə bir neçə dəfə dəniz dronları ilə hücum edib.

Malyuk Ukrayna jurnalistlərinə bildirib ki, partlayışın təşkili üzərində o və daha iki xüsusi xidmət əməkdaşı işləyib. Partlayıcının körpüyə necə daşınması barədə deyib ki, xüsusi xidmət "çox sayda insanı özlərinin xəbəri olmadan istifadə edib".

Rusiyada bu iş üzrə həbs olunanlar günahlarını etiraf etməyib və yük maşınındakı yükün partlayıcı olduğunu bilmədiklərini bildiriblər.

Körpünün partladılması üzrə cinayət işindən əlavə, Rusiyada həmin partlayışla bağlı sosial mediada paylaşımlar edənlərə "terrorizmin təbliği" maddəsi üzrə onlarla cinayət işi açılıb, onlar həbs cəzalarına məhkum olunublar.

'Reuters': ABŞ Belarusla 100 siyasi məhbusun buraxılmasını müzakirə edir

Belarusda 2020-ci il prezident seçkisindən sonra etirazlar zamanı tutulan siyasi məhbusların Varşavanın mərkəzində portretləri.
Belarusda 2020-ci il prezident seçkisindən sonra etirazlar zamanı tutulan siyasi məhbusların Varşavanın mərkəzində portretləri.

ABŞ prezidenti Donald Tramp administrasiyası Belarus hakimiyyəti ilə azı 100 siyasi məhbusun buraxılmasını müzakirə edir. Bunu "Reuters" mənbələrə istinadla yazıb.

Mənbələrə görə, bu, "Minski Moskvadan geosiyasi baxımdan uzaqlaşdırmağı hədəfləyən uzunmüddətli, daha geniş strategiyanın bir hissəsidir".

Amma Belarusun avtoritar lideri Aleksandr Lukaşenko noyabrın 26-da Qırğızıstanda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Putin deyib ki, onlar Bişkekdə "dostların əhatəsindədirlər".

Sentyabrın 11-də Belarusda Lukaşenkonun əfv fərmanı ilə 52 siyasi məhbus azadlığa çıxıb. Onların arasında Sergey Tixanovski və AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti İqar Losik də olub. Casusluqda ittiham olunmuş 14 əcnəbi də azad edilib.

Bu əfv ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koulun Minskə səfəri fonunda gerçəkləşib.

Noyabrın 5-də ABŞ Maliyyə Nazirliyi Belarusa məxsus "Belavia" dövlət aviaşirkətini, yüksəkvəzifəli Belarus rəsmilərinin və Lukaşenkonun ailə üzvlərinin istifadə etdiyi "Bombardier Challenger 850" biznes təyyarəsini sanksiya siyahısından çıxarıb. Bu sanksiyalar 2021-ci ilin dekabrında tətbiq edilmişdi.

Tramp avqustda demişdi ki, Vaşinqton və Minsk daha 1300 məhbusun azadlığa buraxılmasını müzakirə edir.

"Reuters" yazır ki, tərəflər bu dəfə razılığa gələ bilsə, Belarusda bir dəfəyə ən böyük siyasi məhbus qrupu azadlığa çıxa bilər. Belarusun "Vyasna" hüquq-müdafiə mərkəzi ölkə koloniyalarında 1246 siyasi məhbusun cəza çəkdiyini bildirir.

Lukaşenko özü 2006-cı ildən ABŞ sanksiyaları altındadır.

Davamı

XS
SM
MD
LG