Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 02:58

Rassel bunumu istəyirdi? (Polemika)


Bertran Rassel
Bertran Rassel

-

"Bütün bu iradları birbaşa  tərcüməçiyə deyil, öz gözəlliyini  itirməyə  başlamış Azərbaycan dilinin hədsiz dərəcədə türkləşdirilməsinə  etiraz kimi qəbul etmənizi xahiş edirəm."

 

Ziya F.M.

 

Tərcümənin tərcüməsi

 

Mənim ən başlıca məqsədim hər şeydən öncə aydın danışmaq olmuşdur.

Bertran Rassel 

Ziya F.M.
Ziya F.M.

Bu  sözləri  görəndə  Bertran  Rasselə hörmətim birə  beş  artdı.

Çünki uzun illərdir Azərbaycanda “ağıllı” yazılar yazmaq istəyənlər  mümkün qədər anlaşılmaz  sözlərdən  istifadə  edirlər  ki, onları mümkün qədər az adam başa  düşsün.

Başa  düşməyib  desin  ki, bu  adam  gör nə  qədər məndən  ağıllıdır  ki, mən  onun  dediklərinin, yazdıqlarının heç on faizini də başa  düşmürəm.

Etika. Biz elektriklə bağlı olayların təbiət qanunları üzrə baş verdiyini bilsək də, ancaq hamılıqla ildırımötürən quraşdırmağı da gərəkli sayırıq.

(Qara hərflərlə yazılanlar  tərcümədən iqtibaslardır.)

İldırımötürənin niyə cərəyanla  bağlı quraşdırılmasını başa  düşə bilmirəm. İldırımötürəni  ildırıma  görə quraşdırırlar. Cərəyana görə olan  isə  rusların  “заземление”  dedikləri, amma  bizim  dildə  qarşılığı olmayan “torpağa birləşdirmə” və ya “torpaqlanmış”  kimi  axmaq  bir  tərcüməsi  olan, elektrik naqillərindən  birinin  artıq  cərəyanı  torpağa ötürməsi  üçün  fikirləşib  tapılan  bir kəşfdir.

Ola bilsin mən səhv  edirəm, bəlkə  elə  ildırımötürənin burada  işlənməsi boş-boşuna  deyildir, amma...

Biz cərəyanla bağlı  hadisələrin təbiət qanunlarına tabe olduğunu bilsək də,  ildırımötürən quraşdırmağı unutmuruq .

Belədə bu,  gözəl  bir  aforizm  də  sayıla  bilər.  Bir  az dili  sadələşdirəndə fikir  gözəlləşir. Filosofun ən çox can atdığı şeylərdən biri yəqin  ki, onun fikrinin  düzgün başa düşülməsidir.

Onsuz da  onların  dedikləri  o  qədər  də  asan  qavranılan, dərhal  başa  düşülən  olmur. Çünki ideyaları  dilə  gətirmək  üçün  abstrakt  ifadələrdən, sözlərdən, məfhumlardan  istifadə etməli  olurlar.

Bertran Rasselin  isə  həyatda, fəlsəfədə, elmdə ən  böyük  istəyi elə  burada  özünün də  yazdığı  kimi  çətin  anlaşılan  fəlsəfi  məfhumları  sadə  dildə  ifadə  etmək  olub. Həmyerliləri, dövrünün insanları  yəqin  bütün  bunlara  görə  ona  çox  minnətdar  olublar. 

“...davranışlarını ən az qorxu ilə yürütməyə çalışırlar.”

Yəni  ki, nə  etməkdən  qorxmasınlar? Davranışlarını yürütmək  nə  deməkdir ?  Davranışlarını  yürütməyə  çalışmaq nədir? Yürütmək  sözü Azərbaycan  dilində səhv etmirəmsə bir söz birləşməsində  var; fikir  yürütmək.

Başqa  heç  bir  sözlə  bir  yerdə və  ya  ayrı-ayrılıqda  işlənməsi  yadıma  düşmür. Davranışı  yürütmürlər! Fikri  yürüdürlər. Ola  bilsin neologizm kimidir, amma  onların  nə  etməyə çalışdıqları qaranlıq  qaldı.

Fikirdə  hərəkət  yoxdur, fikir  yürütmədə  də  həmçinin. Amma  davranış hərəkət, fəaliyyət  tələb  edir. Dediyini  yeritmək, fikrini  yürütmək, davranışını isə...

Bilmirəm. Davranışa  görə  orta  məktəbdə danlanmaq  olar, valideynləri məktəb  direktorunun  qabağında  əsir-yesir  etmək  olar. Mən  də əsir-yesir   qalmışam, “davranışın” əlində. Davranışla  davranmaq  qaydalarının  bilmədiyimə görə.

“ aşılanan üzüyolalıq”

Aşılanmaq  sözünü  lüğətlər  Azərbaycan  dilindən rus  dilinə  “прививаться”  kimi, amma  geri  tərcümədə “calamaq”, “calaq  etmək”, “peyvənd  etmək” və  ən  sonra  “aşılanmaq” kimi tərcümə  edirlər. Belə çıxır ki, bu  ifadə rus dilində “прививаемое соглашательство" kimi  olub, yoxsa  mən  səhv  edirəm?

“çoxlu güclü iqtidarlar”

«Много  сильных  правительств» ?  «Очень  сильные правители»?  Hakimiyyətdə  olan  bir  çox  güclər? Güclü  hakimiyyətlər? Nəyəsə  qadir (iqtidar  sözünün  kökü) olan çoxlu  miqdarda  hakimiyyət  nümayəndələri?  Rus dilində bu  ifadə  necə səslənir, çox maraqlıdı.

“sıx-sıx yanlışlar”

Yəqin, belədir;  “tez-tez təkrar  olunan  səhvlər”. Düz  başa  düşdüm, yoxsa  başqa  mənadadır bu  ifadə ? 

“Onların ən başlıca yanlışlarından biri bəlli yaxşılıqların ortalıqda olan hansısa yamanlıqların olmasına görə yarandığını bilməmələridir”...

Çalışım Azərbaycan dilindən Azərbaycan  dilinə  tərcümə  edim. Onların  ən  əsas səhvlərindən  biri  mövcud olan yaxşılıqların kökündə ...yox... Yəni  yaxşılıq  ancaq pislik  olduğuna  görə yaranır. Düzmü büşü düşdüm?  

Çətindir yaman. Rassel bunumu istəyirdi? İstəyirdimi  ki, onu  azərbaycanlılar  başa  düşməsinlər? Bu  yamanlığı niyə bizə rəva gördün Bertran bəy?

“ona görə də hansısa yaxşılığın yerinə qoymaq istədiyimiz başqa bir yaxşılığın yararlarını dəyərləndirəndə gərək bu yeni yaxşılığın ona uyğun yamanlıqlarla birlikdə götürüləndə, onacan olan yaxşılıqla yanaşı olan yamanlıqları üstələyə bilməsi başlıca ölçü olsun.”...

Bütün  yaxşılıqlara and  olsun, heç  nə  başa  düşmədim.

Bir  yaxşılığı başqa  bir  yaxşılıqla  əvəz edən  zaman  fikir  vermək  lazımdır  ki, təzə  yaxşılığın gətirəcəyi  pislik əvvəlki  yaxşılığın vaxtında olan  pislikdən  daha  pis  olmasın.

Düzmü başa  düşdüm?  Çox  çətin  idi. On  dəqiqəyə yaxın fikirləşdim. Sözləri, ifadələri  bir-birndən  ayırdım, aralarındakı  əlaqəni  tutmağa  çalışdım, hansının hansına bağlılığını və  ya  inkarını  dərk  etməyə  çalışdım.

Hətta bütün bunlardan sonra da yazılanı düzgün  anladığıma  arxayın deyiləm.  Mən çox istərdim  bu cümlənin rus  dilindəki  qarşılığını  oxuyum.

“Yer yumrusu”...

Bəlkə Yer kürəsi?

“əmtəə istehsalının insanın mənəvi özgürlüyə çatması üçün gərək olduğunu anlamamaq, əksinə, insana əmtəə istehsalı üçün vasitə kimi baxmaqla, onlar da iqtisadi yarışa girişdikləri kommunistlərin uymuş olduğu yanlışa qapılırlar.”

Əmtəə  istehsalının  insanların  mənəvi  azadlığına xidmət etməsini  anlamamaqla, əksinə , İnsana  əmtəə  istehsalı  üçün  bir  vasitə  kimi  baxmaqla  onlar  da elə  iqtisadi yarışa girdikləri kommunistlərin etdiyi  səhvləri  təkrarlayırlar.

“Əksinə"nin heç  yeri  deyildi. Çıxardanda fikir başa düşülür.

Hərdən lazımsız, gərəksiz sözlərdən imtina  eləməyi  bacarmaq  lazımdır.

Hərdən  də özünün  də  başa  düşmədiyin fikirləri bir dildən başqa  dilə  çevirməyi...

Tərcüməçi  məni  bağışlayar  yəqin  ki. Ya  da  bağışlamaz. Hər iki  halda  mən onun  zəhmətini  danmaq  istəmirəm. 

Amma  özümə  də  yazığım  gəlir. Ağıllı söhbətləri  sadə  dildə oxumaq  istəyirəm.  Olsun  lap  mürəkkəb  sözlərlə. Amma  Azərbaycan  dilində  olsun.

Qəliz, çətin, mürəkkəb  sözləri  lüğətlərdən  tapmaq  olar. Sağ olsun Elmlər  Akademiyamız, yüz neçə  minlik  izahlı  lüğət  nəşr  edib, oxuyub  feyziyab  oluruq, neçə-neçə  yeni sözlər  tanıyırıq, qalır  bircə  onları  harada  istifadə  etməyi  öyrənmək.

Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir

Nə  vaxtsa Sabir belə bir ifadə  işlətmişdi: “Osmanlıcadan tərcümə türkə - nə deməkdir?”

Bilmirmiş, xəbəri yox  imiş  ki, bu  mümkün olan bir şeydir, sadəcə “osmanlıca”nın da “türkcə”nin  də yerinə “azərbaycanca”  yazmaq lazım imiş.

OxuZalında Bertran  Rasselin "Ağıl, Materiya və Əxlaq sözlüyü" kitabının  tərcüməsi dərc olunandan sonra yazılıb.

Bütün bu iradları birbaşa  tərcüməçiyə deyil, öz gözəlliyini  itirməyə  başlamış Azərbaycan dilinin hədsiz dərəcədə türkləşdirilməsinə  etiraz kimi qəbul etmənizi xahiş edirəm.

XS
SM
MD
LG