Ağ evin yaxınlığında güllələnən iki Milli Qvardiya üzvündən biri aldığı xəsarətlərdən ölüb. 20 yaşlı Sara Bekstromun vəfatı barədə prezident Donald Tramp noyabrın 27-də məlumat verib. Müdafiə naziri Pit Heqset xəbəri sosial mediada təsdiqləyib. Trampın sözlərinə görə, Milli Qvardiyanın ikinci üzvü, 24 yaşlı Endryu Volf "həyatı uğrunda mübarizə aparır".
Hadisədə şübhəli kimi tanınan əfqan Rəhmanullah Lakanvalın durumunun ağır olduğu bildirilir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Lakanvalın Əfqanıstanda olarkən həm CIA, həm də ABŞ ordusu üçün çalışdığını təsdiqləyib.
ABŞ-də yaşayan əfqanlar isə silahlı insidentdən sonra onlara təzyiqlərin artacağından, onları qisas hücumlarının hədəfinə çevirəcəyindən narahatlıqlarını dilə gətiriblər.
"ABŞ-də bir ildir qaçqın kimi yaşayıram, hələ də qrinkart almamışam, indi isə çox narahatam", – Kaliforniyada yaşayan bir əfqan AzadlıqRadiosunun əfqan xidmətinə deyib.
"Tək deyiləm, burada bütün əfqanlar narahatdırlar. Qorxuruq, bizi deportasiya edərlər, ya başqa problemlər çıxar. Buraya böyük çətinliklərlə gəlmişik. Əfqanıstanda bizi çoxlu təhlükə gözləyir", – adının açıqlanmasını istəməyən qaçqın söyləyib.
Qonşu Pakistanda bir qaçqın isə deyib ki, hadisənin sarsıntısı dünyanın yarısına qədər yayılıb.
"Olan-qalan hər şeyimi Əfqanıstanda satdım, ailəmlə Pakistana getdim. Gələcəyimizin dəyişəcəyinə, Amerikanın bizi qəbul edəcəyinə ümid edirdik. Burada ümidsiz vəziyyətdə gözləyirik. Onun hərəkətlərinə görə bir nəfəri cəzalandırmalıdırlar, bütün əfqan qaçqınlarını yox", – deyən qaçqın 20 il ABŞ qüvvələri ilə işlədikdən sonra İslamabada köçdüyünü vurğulayıb.
Əfqan qaçqınlar üçün ABŞ-də Müvəqqəti Qorunan Statusu (TPS) iyulun 14-də başa çatıb. Bu dəyişiklik həmin proqram çərçivəsində ABŞ-də qanuni yaşayan və işləyən təxminən 9 min–12 min əfqana təsir edir.
Daxili Təhlükəsizlik Departamenti bildirib ki, TPS-in ləğvi Əfqanıstandakı vəziyyətin "kifayət qədər" yaxşılaşdığı, artıq TPS-nin tələb etdiyi qanuni meyarlara uyğun gəlmədiyi barədə qiymətləndirməyə əsaslanır.
27 noyabr
ABŞ Əfqanıstandan immiqrasiya müraciətlərinə baxılmasını dayandırır
Noyabrın 26-da Ağ ev yaxınlığında bir əfqanıstanlının iki Milli Qvardiya əməkdaşını güllələyərək ağır yaralamasından sonra ABŞ Əfqanıstanla bağlı bütün immiqrasiya müraciətlərinə baxmağı dayandırır.
Prezident Trampın açıqlamasından sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti X-də yazıb ki, "Əfqanıstan vətəndaşları ilə bağlı bütün immiqrasiya müraciətlərinə baxılması təhlükəsizlik və yoxlama protokollarının yenidən təhlili bitənədək qeyri-müəyyən müddətə dayandırılır. Vətənimizin və amerikalıların təhlükəsizliyinin qorunması bizim yeganə məqsədimiz və missiyamızdır".
ABŞ-nin bir neçə media orqanı xəbər verir ki, Lakanval Əfqanıstan ordusunda 10 il xidmət edib, bu isə o vaxt ölkədə olan ABŞ xüsusi qüvvələrinə dəstək deməkdir.
Bu insidentin Trampın bir sıra böyük şəhərlərə Milli Qvardiya yerləşdirməklə bağlı mübahisəli qərarını yenidən diqqət mərkəzinə gətirəcəyi gözlənilir. Həmin addımın məqsədinin ölkə üzrə cinayət səviyyəsini azaltmaq olduğu bildirilir.
Müdafiə naziri Pit Heqset deyib ki, paytaxtda artıq yerləşdirilmiş 2 min nəfərə əlavə olaraq daha 500 Milli Qvardiya əsgəri göndəriləcək.
Vaşinqton meri Müriel Bauzer Milli Qvardiyanın paytaxta yerləşdirilməsini açıq mübahisələndirən siyasətçidir. O, hücumu "dəhşətli və vicdansız" adlandırıb, şübhəlinin qanunun imkan verdiyi sərtliklə cəzalandırılacağını əlavə edib.
26 noyabr
Ağ ev yaxınlığında Milli Qvardiya əsgərləri güllələnib
Noyabrın 26-da Vaşinqtonda Ağ ev yaxınlığında Milli Qvardiyanın iki əsgərini güllələyərək ağır yaralayıblar. Rəsmilər bunun hədəfli pusqu olduğunu deyirlər.
İnsident zamanı yaralanan şübhəli saxlanılıb.
Daxili təhlükəsizlik Departamenti şübhəlinin əfqan Rəhmanullah Lakanval olduğunu bildirib. Onun insidenti törətməkdə motivi hələlik müəyyənləşdirilməyib.
Lakanval ABŞ-yə 2021-ci ildə gəlib. O zaman ABŞ-yə Əfqanıstan müharibəsində yardım etmiş, "Taliban"ın təqibindən çəkinən minlərlə əfqan köçüb. "Taliban" həmin il Əfqanıstanda hakimiyyəti ələ keçirmişdi.
Tramp administrasiyasının adı çəkilməyən rəsmisinin dediyinə görə, Lakanval 2024-cü ilin dekabrında sığınacaq üçün müraciət edib, bu ilin aprelində müraciəti təsdiqlənib.
Vaşinqton ştatında yaşayan 29 yaşlı Lakanvalın kriminal tarixçəsinin olmadığı bildirilir.
Prezident Donald Tramp insidenti "şər əməli, nifrət və terror aktı" adlandırıb. O deyib ki, administrasiyası ölkəyə Co Baydenin prezidentliyi dövründə gəlmiş əfqanları yenidən yoxlayacaq.