Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Milli Məclisin komitə sədri: 'AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır'


i Əli Hüseynli
i Əli Hüseynli

"Hesab edirəm ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli modern.az-a deyib.

Onun vurğulamasına görə, əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar: "Azərbaycanda da "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, - o partiya ki, Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, - belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar".

Seymur Həzi: 'Xalqın da qeydiyyatına yenidən baxmaq imkanınız varsa, o, ayrı məsələ'

AXCP sədr müavini Seymur Həzi Milli Məclisin komitə sədri Əli Hüseynliyə cavab verib.

"Heç şübhə yoxdur ki, Azərbaycandakı "Kreml millətçiləri"nin ideyasıdır. AXCP-yə hücum təkcə Əli Kərimliyə, yaxud partiya funksionerlərinə hücum deyil... Onun əsl kökü AXCP-ni yaradan və ayaqda tutan xalqdadır. Xalqın da qeydiyyatına yenidən baxmaq imkanınız varsa, o, ayrı məsələ", - o, Facebook paylaşımında vurğulayıb.

S.Həzinin sözlərinə görə, AXCP-yə basqı "Azərbaycanın müstəqilliyinin bərpası prosesinə, xalq hərəkatına, onun dəyər və prinsiplərinə, müstəqilliyin əsaslarına hücumdur".

AXCP sədri həbs edilib

Dekabrın 1-də Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs edilib. Onun barəsində 2026-cı ilin fevralın 13-ə kimi həbs-qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ondan başqa, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də eyni ittihamla həbs edilib. Onlar bu ittihamı siyasi və böhtan sayır.

AXCP-nin qeydiyyatına yenidən baxılması ilə bağlı Milli Məclisin komitə sədrinin açıqlamasına isə hələlik həmin partiyadan heç bir münasibət bildirilməyib. Amma AXCP və başqa bir müxalif partiya -Müsavatın fəaliyyətinin dayandırılması ilə bağlı son aylar hakim düşərgəyə yaxın media qurumlarında tez-tez təkliflər səslənir.

Belə təkliflərə cavab olaraq bildirilir ki, əslində ölkədə real müxalifətin bütün fəaliyyət imkanları məhdudlaşdırılıb. Bu da, müxaliflərin fikrincə, ölkədə "tam avtoritar" rejimin yaradılmasının nəticəsidir.

İstər AXCP, istərsə də Müsavat rəhbərliyi İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəklədiklərini açıqlayıblar.

"Siyasi partiyalar haqqında" Qanun 2023-cü ildə təsdiqlənib. Bundan sonra partiyaların yenidən qeydiyyatına başlanıb. Azərbaycanda buna qədər 59 partiya qeydiyyatda olub. Lakin yeni qeydiyyat mərhələsindən onlardan yalnız 26-sı keçib. Həm bir sıra beynəlxalq, həm də yerli ekspertlər hesab edirlər ki, yeni qanunda partiyaların qeydiyyat məsələsi xeyli çətinləşdirilib, onların ləğvi prosesi, əksinə, asanlaşdırılıb. Yeni qanunda qeydiyyat üçün tələb edilən imza sayı artırılıb.

XS
SM
MD
LG