Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Yerevandan gələn təmsilçilər erməni məhbuslarla görüşmək istədiklərini deyirlər


Erməni QHT təmsilçilərinin Bakıya səfərlərinin nəticələrinə dair mətbuat konfransı
Erməni QHT təmsilçilərinin Bakıya səfərlərinin nəticələrinə dair mətbuat konfransı

Yerevandan gələn vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda saxlanılan erməni məhbuslarla görüşmək istəklərinin rədd olunduğunu deyirlər. Bu haqda Bakıya səfərin nəticələrinə dair mətbuat konfransında ekspert Naira Sultanyan məlumat verib. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

"Ermənistan və Azərbaycan tərəfi bizə bu məsələni qaldırmamaqla bağlı məhdudiyyət qoymamışdı... Xüsusilə cənab Hacıyevin iştirakı ilə Azərbaycan tərəfi ilə birbaşa dialoq bizim üçün yeni vəziyyət idi. Sözlərimizi diplomatik şəkildə ifadə etməyə, əsaslandırmağa çalışdıq ki, tərəflər arasında etimad və qarşılıqlı anlayış formalaşsın... Təəssüf ki, saxlanılanların sayı və adları barədə dəqiq və konkret cavab ala bilmədik. Lakin Ermənistan hakimiyyəti bizi daimi səylər göstərdiklərinə əmin etdi, cənab Hacıyev isə öz növbəsində çox fəal danışıqlar prosesinin getdiyini bildirdi", – Sultanyan belə deyib.

Yerevan Mətbuat Klubunun fəxri prezidenti, Bakıdakı görüşün iştirakçılarından biri Boris Navasardyan deyib ki, əgər proqrama salınmayıbsa, deməli, bundan imtina edilib: "Bizə səfərin gündəliyi təqdim olunanda bununla bağlı müəyyən iradlarımız oldu. Biz görüş istəmişdik. Gündəlikdə belə bir görüşün olmaması bunun nəzakətli şəkildə rədd edilməsi deməkdir".

Azərbaycan bu məsələni şərh etməyib.

Rəsmi məlumatlara görə, Bakı həbsxanalarında 23 erməni məhbus saxlanılır. Onlardan bəziləri müxtəlif ittihamlarla azadlıqdan məhrum edilib. Qarabağın keçmiş separatçı liderlərinin məhkəməsi isə səkkiz aydır davam edir.

Bakıda səfərdə olmuş Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin rəhbəri Areq Koçinyan səfərlərin davam edəcəyini deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin köməkçisi H.Hacıyev erməni cəmiyyətinə bir neçə mesaj çatdırılmasını xahiş edib: "Birinci mesaj budur ki, müharibə bitib. Azərbaycan üçün artıq müharibə yoxdur, onların fikrincə, erməni-azərbaycanlı münaqişəsi başa çatıb. Onlar Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istəyirlər və Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur".

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-22-də Azərbaycan paytaxtı Bakıda olub. Bu səfər oktyabrın 21-i və 22-də Azərbaycan nümayəndə heyətinin Yerevan səfərinə cavab olaraq həyata keçirilib.

Boris Navasardyan
Boris Navasardyan

"Ədalətli oyun" qaydaları

Boris Navasardyan AzadlıqRadiosunun Azərbaycan xidmətinin suallarını cavablandırıb. O, yaxın vaxtlarda "Sülh körpüsü" təşəbbüsünün iştirakçı dairəsinin genişləndiriləcəyini deyib. Belə ki, fərqli sahələrdən ekspertlər, qeyri-hökumət sektorunun nümayəndələri prosesə cəlb ediləcək, açıq ekspert konfransları təşkil olunacaq: "Şadam ki, yeni təşəbbüs jurnalistikada "ədalətli oyun" qaydalarının uzlaşdırılmasına, Ermənistan və Azərbaycan fakt yoxlama platformaları arasında əlaqələrin inkişafına qoşulacaq. Ümidvaram ki, bu, bir-birimiz haqqında materiallarda qızğın ədavəti azaltmağa və xarici mənbələrdə yayılan dezinformasiya ilə daha effektiv mübarizə aparmağa imkan verəcək".

Əsasən dövlət qurumlarına bağlı QHT-lərin prosesdə iştirakına gəlincə, B.Navasardyan bunu təbii sayır: "Axı biz istəyirik ki, müzakirə etdiyimiz təşəbbüslər "yuxarı"ya çatdırılsın, elə deyilmi? Biz öz müzakirələrimizin nəticələrini Ermənistan dövlət qurumları ilə bölüşürük. Həm Yerevandakı, həm də Bakıdakı görüşlər göstərdi ki, bu istiqamətdə kommunikasiya səmərəli işləyir".

Yerevan görüşü: 'İdarəolunan prosesdir'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Xatırlatma

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.

XS
SM
MD
LG