Müxalifətdə olan AXCP sədri Əli Kərimlinin hakimiyyətdə bəzi dairələrlə əlaqələri ola biləcəyinə illərdir hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında gizlin-aşkar eyhamlar vurulur. İctimai-siyasi fəallar, siyasətçilər arasında da bu iddianı dilə gətirənlər, AXCP-ni hakimiyyətlə "müxalifətçilik oyunu" oynamaqda suçlayanlar olub.
Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) AXCP sədri Ə.Kərimli, onun müavini Məmməd İbrahim, partiyanın bir sıra üzvlərinin evlərində axtarış aparması, onların saxlanması barədə xəbərlər yayılıb. İndilik rəsmi məlumat verilməsə də, hakimiyyətə yaxın media orqanları Ə.Kərimli və M.İbrahimin prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olduqlarını yazıb. R.Mehdiyev hazırda ev dustaqlığındadır, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.
İddialar
Oktyabrda hakimiyyət mediası R.Mehdiyevə cinayət işi açılması barədə yazsa da, bu haqda rəsmi açıqlama verilməyib. O zaman keçmiş PA rəhbərinin Moskvaya yazdığı iddia olunan məktub da yayılmışdı. Məktubda R.Mehdiyevin çevriliş planının detallarını açdığı iddia olunurdu. İndi AXCP sədrinin evindən həmin məktubun ilkin redaktə variantının, digər materialların tapıldığı iddia edilir. APA yazır ki, bu dəlillər AXCP sədrinin "boz kardinal"la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. AXCP isə bildirir ki, "mediada yayılmış məktubu Ə.Kərimlinin siyirməsinə məxfi sənəd kimi qoyub, sonra da guya axtarış nəticəsində onu aşkarlamaq işin nə qədər qurama və əsassız olduğunu göstərir". AXCP sədrinin saxlanmasını "siyasi motivli" sayır. Partiyanın mövqeyincə, Ə.Kərimlinin "aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib". Partiya noyabrın 30-da yaydığı bəyanatda dövlət çevrilişi ilə bağlı ittihamları rədd etdiyini vurğulayır.
R.Mehdiyevə qarşı ittihamlar yayılanda hakimiyyət mediasında müxalifət fiqurlarının adları onunla əlaqədə suçlananda bunu müxalifətə qarşı yeni repressiya dalğası kimi dəyərləndirənlər oldu. Noyabrın 29-da axşam İstanbulda kirayədə qaldığı evdən polisə aparılan, hazırda yerinin bəlli olmadığı Milli Şura üzvü Gültəkin Hacıbəyli də AzadlıqRadiosuna deyib ki, "Görünür, Azərbaycan hakimiyyətinə R.Mehdiyev olayı siyasi müxalifəti sıradan çıxarmaq üçün lazımdır".
60 yaşlı Ə.Kərimli 2006-cı ildən ölkədən çıxa bilmir, ona xarici pasport verilmir. AXCP sədri son illər onun internetinin, telefon rabitəsinin də kəsildiyini bildirib. Bu il müxalif siyasətçi bir neçə beynəlxalq tədbirə dəvət alsa da, gedə bilməyib. Praqada keçirilən Havel Forumunda isə onlayn çıxış edib. Ölkədə hakimiyyəti açıq tənqid edənlərin, araşdırmaçı-jurnalistlərin həbsdə olduğu bir vaxtda AXCP sədri Ə.Kərimli xaricdə müxtəlif media qurumlarına müsahibələr verir, siyasi mübarizəni davam etdirəcəyini deyirdi. O, AzadlıqRadiosuna açıqlamasında deyirdi ki, hakimiyyət hazırda iki variant üzərində düşünür - AŞPA-ya qayıtsın, siyasi məhbusların bir qismini azad etsinmi, yoxsa ölkəni daha da qapadıb Türkmənistana, Belarusa çevirsin.
"Əli Kərimli fərd olaraq hakimiyyət üçün təhlükə yaratmırdı. Ancaq o, hakimiyyətin qadağan etdiyi şeyi, ölkədə müxalif siyasətin hələ də mümkün olduğunu nümayiş etdirməyə çalışırdı. Məhz bu rolu məhv etmək məqsədilə ona hücum edildi", - bunu siyasətçi Elman Fəttah yazır. O, Ə.Kərimlinin həbsinin Azərbaycanda real müxalifətin bir institut kimi fəaliyyətinə son qoymağı hədəflədyini, ölkədə siyasətin tamamilə iflas etməsi üçün hazırlanmış planın bir hissəsi olduğunu vurğulayır.
Hakimiyyət Rusiya amilini niyə qabardır
AXCP ətrafında baş verənlər fonunda Milli Məclis üzvlərinin açıqlamaları diqqət çəkir. Deputat Kamal Cəfərov Facebook hesabında R.Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə süni "pəncərələr" yaradıldığını iddia edir. Onun fikrincə, "Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir. Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur".
Oxşar tezisi başqa bir deputat Mehriban Vəliyeva "Report"a açıqlamasında səsləndirib. O, Rusiyanın Cənubi Qafqazda proseslərə müdaxilə cəhdlərinin artması ehtimalının yüksək olduğunu bildirir: "Belə şəraitdə Rusiya təsir dairəsini bərpa etmək üçün birbaşa deyil, dolayı və yerli siyasi qruplar vasitəsilə təsir mexanizmlərini işə sala bilər".
Deputatların vurğuladığı geosiyasi duruma nəzər salsaq, qonşu Gürcüstanda müxalifət liderlərinin əksəriyyətinin həbsdə olduğunu görərik. Hakim "Gürcü Arzusu" üç əsas müxalifət partiyasının konstitusiyaya zidd sayılması üçün məhkəməyə müraciət edib.
Ermənistanda baş nazir Nikol Paşinyanın gələn ilki parlament seçkilərində çətin sınaq gözləyir. Rusiyapərəst qüvvələrin fəallaşması müşahidə olunur. Karneqi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal yazır ki, Ermənistanda seçki xarici məsələdir, N.Paşinyan Rusiyanın və diasporun sərt müxalif mövqeyi ilə üz-üzədir, ona ambisiyalı xarici siyasətini irəli aparmaq üçün Avropanın, ABŞ-nin və region dövlətlərinin köməyi lazımdır.
Rusiyaya gəlincə, 2022-ci ildə Ukraynada təcavüzkar müharibə başlayandan ölkədə ən yüngül tənqidə belə sərt reaksiya göstərilir. Mühacirətdə yaşayan müxalifətçilərə qiyabi həbs cəzaları kəsilir.
Belə bir fonda Azərbaycan prezidenti Əliyevlə rusiyalı həmkarı Putinin Düşənbə görüşündən sonra tərəflər arasında siyasi "atəşkəs" saxlanıb. Zatən doqquz aydan çox davam edən diplomatik gərginlik iqtisadi əlaqələrə təsir göstərməmiş, ticarət dövriyyəsi artmışdı. Elə Düşənbədə Əliyevin Putinlə qucaqlaşaraq görüşməsi də diqqətdən yayınmamışdı. Görünür, Azərbaycan hakimiyyəti həm Qərb, həm də yerli ictimaiyyət üçün Rusiya təhdidi amilini qabardaraq əslində ölkəni məhdud sayda tənqidi səslərdən də tamamilə təmizləməyə çalışır. Bu arada Qərbin başı Rusiyanın Ukraynadakı müharibəsində atəşkəsə nail olmağa, Kiyevlə Moskva arasında sülh planını razılaşdırmağa qarışıb.
Azərbaycanın Türkmənistan-tipli avtokratiyaya doğru getməsi barədə isə yerli və beynəlxalq siyasətçilər, insan haqları qrupları zaman-zaman xəbərdarlıqlar səsləndirib. Son illər Orta Asiya ilə təmaslar intensivləşib və tənqidçilər hakimiyyətin Orta Asiyaya yaxınlaşmaqla öz ömrünü uzatmağa çalışdığını deyirlər.
Repressiyanın xaricə genişlənməsi
Üstəlik, Rusiyanın təsir dairəsini bərpa etmək cəhdlərindən əndişələnən hakimiyyət illərdir tənqidçilərinə qarşı Kremlin siyasətini yamsılayır. Hüquq müdafiəçiləri ölkədə siyasi məhbus sayının 400-ə yaxınlaşdığını bildirirlər. Amma hakimiyyət təmsilçiləri israrla ölkədə təməl hüquq və azadlıqların qorunduğunu vurğulayırlar.
Son aylar mühacirətdəki tənqidçilər hədəfə alınıb, azı 20 nəfərlə bağlı cinayət işi başlanıb. Bloqerlərdən bəzilərinə qiyabi hökm çıxarılıb. Onlar dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda, dövlət sirrini yayma, dələduzluq və başqa əməllərdə suçlanırlar.
Bu həftə "Human Rights Watch" insan haqları təşkilatı isə Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə repressiyanı dayandırmağa çağırıb.
Mühacirətdə yaşayan hüquqşünas Səməd Rəhimli də qiyabi cinayət təqiblərinin ölkədən kənardakı tənqidçiləri susdurmaq üçün alətə çevrildiyini yazır. "Azərbaycanda repressiyanın dayandırılması uğrunda kampaniya"nın dərc etdiyi hesabatda deyilir ki, mühacirətdə olan bir çox tənqidçilər üçün bu təqiblər olduqları ölkədə, yaxud səyahət zamanı real risklər yarada bilər. Ekstradisiya müraciətləri rədd edilsə də, siyasi motivli həyəcan siqnallarının olması dindirilmələrə, müvəqqəti saxlamaya, hərəkət məhdudiyyətlərinə səbəb olar.
Hüquqşünas qiyabi məhkəmələrin genişləndirilməsini məqsədli strategiya olduğunu, daxili repressiyanı transmilli sahəyə daşımaq niyyəti güddüyünü vurğulayır.
AXCP sədri və fəallarına qarşı həftəsonu atılan addımlarla bağlı, indilik, Qərbdən reaksiya gəlməyib. AzadlıqRadiosunun Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sorğuları da hələlik cavablandırılmayıb. ABŞ-dən hər hansı reaksiyanın olacağı bəlli deyil.
Bugünlərdə "Reuters" xəbər verib ki, Dövlət Departamenti müsbət ayrıseçkilik siyasətini, abortlara dövlət subsidiyalarını insan haqları pozuntusu sayacaq. Amma qurum rəsmisi Vaşinqtonun "bəzi" dostlar və müttəfiqlərə qarşı da sərt olacağını vəd etmişdi