Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Beş hakim vətəndaşı yazdıqlarına görə həbs etdirdi: 250 min manat da təzminat istəyirlər


Hakim
Hakim

Azərbaycanda beş nəfər məhkəmə hakimi birləşərək onların ünvanına səsləndirdiyi fikirlərə görə vətəndaşı həbs etdirib. 63 yaşlı Hikmət Şükürovun üzərinə bu hakimlərin hər birinə 10 min manat təzminat ödəmək öhdəliyi də qoyulub.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və bu məhkəmənin hakimi Elçin Xasməmmədov, Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev və bu məhkəmənin hakimi Elşən Hüseynov, həmçinin Şirvan şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayev birlikdə xüsusi ittiham qaydasında iddia qaldırıblar. Onlar iddia ediblər ki, Masallı sakini H.Şükürov sosial şəbəkələrdə yazdığı şərhlərdə onları təhqir edib, rüşvət almaqda suçlayaraq böhtan atıb.

Adı çəkilən hakimlər H.Şükürovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci-ci (təhqir) maddələrinə dayanaraq cəzalandırılması ilə yanaşı, ondan hər biri üçün 50 min olmaqla, 250 min manat təzminat tələb ediblər.

Bugünlərdə Binəqədi rayon Məhkəməsinin hökmüylə hakimlərin iddiası əsasında H.Şükürova 2 il həbs cəzası kəsilib. Mülki iddia isə qismən təmin olunub – hakimlərə toplam 50 min manat təzminat ödənməlidir.

"Ədalətsizliyə etiraz edib..."

Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, H.Şükürov bu hökmə qədər də son üç ay ərzində hakimlərə görə iki dəfə həbs olunub. Birinci dəfə o, iyulun 16-da Şirvanda həbs edilib: "Şirvan Apellyasiya Məhkəməsində onun bacısı oğlu Sabit Əliyevin işinə baxılanda ədalətsizliyə etiraz edib. Bundan sonra tutub aparıb Şirvan şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs veriblər. Guya xuliqanlıq edib, polisə müqavimət göstərib. Ali Məhkəmənin Facebook səhifəsində hakimlərin fəaliyyəti barədə şərhindən sonra oktyabrda onu yenə həbs etdilər...".

H.Şükürov bu dəfə Binəqədi rayon Məhkəməsinin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 1 aylıq həbs olunub. Noyabrın 8-də bu həbs müddəti başa çatanda isə o, Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına göndərilib.

"Hikmət Şükürov o məhkəmədə də demişdi ki, xuliqanlıq məsələsi yalan söhbətdir, onu hakimlərin haqqında yazdıqlarına görə tutublar", - yaxınları belə deyiblər.

"Hakim adına ləkə gətirən və rüşvətə görə namusunu satmağa hazır olan əməkdaşlarınızı elan edirəm!", - H.Şükürov Ali Məhkəmənin sosial şəbəkə hesabındakı paylaşımına belə şərh yazıb. O, daha sonra bir-bir hakimlərin adlarını sadalayıb.

Məhkəmə də belə nəticəyə gəlib ki, H.Şükürov adlarını çəkdiyi hakimlərin şərəf və ləyaqətini alçaldıb, onlara böhtan atıb.

H.Şükürov isə özünü təqsirli bilmir.

AzadlıqRadiosunun bilgisinə görə, H.Şükürovun bacısı oğlu S.Əliyev Masallı rayonunun Qəzvinoba kəndində yerləşən torpaq sahəsi ilə bağlı mübahisəyə görə xuliqanlıq ittihamıyla həbs olunub. 2025-ci il martın 18-də Masallı rayon Məhkəməsinin hökmüylə ona 2 il həbs cəzası kəsilib. İyulun 16-da Şirvan Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG