Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il 6 ay həbs: yol polisi saatda 159 km sürətlə gedirmiş...


Qəzadan sonra İmişlidə etirazlar olub, DYP-nın maşını aşırılıb, "istefa" şüarı səslənib.
Qəzadan sonra İmişlidə etirazlar olub, DYP-nın maşını aşırılıb, "istefa" şüarı səslənib.

İmişlidə yol polisi avtomobilinin iştirakı ilə baş vermiş, üç məktəbli qızın öldüyü qəzaya görə həbs olunan yeniyetməyə 7 il 6 ay həbs cəzası kəsilib. Bəylər Bayramlıya Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

17 yaşlı B.Bayramlı sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozaraq üç nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə və hadisə yerindən qaçmaqda ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, B.Bayramlı 2025-ci il yanvarın 18-də dayısının "Mercedes Benz 190" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı maşınını götürüb İmişli şəhərində sürüb. O, "Əlillərin binası" adlanan ərazidə sola dönərkən qarşı tərəfdən gələn yol polisinə məxsus BMW avtomobilinə yol verməyib: "O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb. Lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib".

Deyir, yol polisi çox yüksək sürətlə hərəkət edib

B.Bayramlı ifadəsində deyib ki, yolayrıcında sola dönmək istəyəndə BMW çox uzaqda idi. Bu üzdən rahat şəkildə dönə biləcəyini düşünüb. Lakin yol polisi çox yüksək sürətlə hərəkət etdiyinə görə gəlib ona çatıb və toqquşublar.

B.Bayramlı vurğulayıb ki, əksinə, yol polisinin onu əvvəldən görüb şəraiti dəyərləndirmək, aralarındakı məsafə baxımından toqquşmadan yayınmaq imkanı daha çox idi.

O əlavə edib ki, BMW ona çatmağa az qalmış səs siqnalını işə salıb, toqquşmadan əvvəl yol polisi əyləcdən istifadə etməyib.

Dayısının maşınını ikinci dəfə idi götürdüyünü, əməlindən peşman olduğunu deyən təqsirləndirilən şəxs hadisə yerindən qaçması haqda ittihamı qəbul etmir. B.Bayramlı bildirib ki, toqquşmadan sonra düşüb, yol polisinin avtomobilinə tərəf qaçıb. Oturacaqda polisin halsız vəziyyətdə olduğunu, ətrafda da azyaşlı məktəblilərin yerə yıxılıb qaldığını görüb qorxub. Bir qədər kənarda dayısına zəng edib. Dayısı ona polis şöbəsinə gedib təslim olmasını tapşırıb. O da polis şöbəsinə yollanıb.

'Ədalət deyilən şey yoxdur' - İmişli etirazlarında həbs olunanların yaxınları narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

"Toqquşmadan sonra huşumu itirdim"

Sözügedən polis əməkdaşı Ülvi Əhmədov da B.Bayramlının məhkəməsində şahid kimi dindirilib. O, iddia edib ki, həmin vaxt saatda 60-70 km sürətlə hərəkət edirdi, həm sayrışan işıqları, həm də səs siqnallarını işə salmışdı. Öz yolu ilə gedərkən "Mercedes-Benz" sol tərəfdən çıxıb, onun idarə etdiyi avtomobili vurub: "Toqquşmadan sonra mən huşumu itirdim, nə baş verdiyindən xəbərim olmadı. Bir də hospitalda ayılanda hadisənin nəticələrindən xəbər tutdum".

Ekspertiza isə rəy verib ki, yol polisinin idarə etdiyi BMW-nin orta sürəti həmin vaxt saatda 159 km olub.

Qəza nəticəsində iki məktəbli – 6-cı sinif Zümrüd Mirəliyeva və 4-cü sinif şagirdi Ayan Məmmədova hadisə yerində həyatını itirib. Ayanın sinif yoldaşı olan Məhbubə Əlizadə isə Bakıya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

Bu uşaqların ailə üzvləri B.Bayramlıdan şikayətçi olmayıb. Onlar zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edərkən ifadələrində belə deyiblər. Məhkəməyə təqsirləndirilən şəxslə barışdıqları, ondan şikayət və tələblərinin olmaması haqda ərizə veriblər.

Həmin qəzadan sonra İmişlidə etirazlar olub, DYP-nın maşını aşırılıb, "istefa" şüarı səslənib. Yerli sakinlər azı 100 nəfərin saxlandığını, saxlananlara, xüsusilə "istefa" şüarı səsləndirənlərə işgəncə verildiyini deyiblər. Bu ilin iyulunda 19 şəxsə xuliqanlıq ittihamı ilə müxtəlif cəzalar kəsilib. İş üzrə təqsirli bilinən səkkiz nəfərə 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası verildiyi bildirilib. Habelə 11 şəxsə də 1 ildən 4 ilə qədər azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi açıqlanıb.

XS
SM
MD
LG