Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

NATO baş katibi: Rusiya ilə razılaşma elə olmalıdır ki, Ukraynaya hücum sərfəli olmasın


Mark Rutte
Mark Rutte

ABŞ-nin sülh təklifi ilə bağlı ABŞ və Ukraynanın Cenevrə danışıqları "çox uğurlu keçib", bu təklif tərəflərin Rusiyanın Ukraynadakı müharibəsinin sonuna yaxınlaşmasına kömək edib.

Bunları Azadlıq Radiosuna müsahibəsində NATO-nun baş katibi Mark Rutte deyib. Müsahibəni alyansın Brüsseldəki qərargahında radionun Avropa üzrə redaktoru Rikard Yozvyak alıb.

Rutte 28-bəndlik sülh planı haqda deyib ki, "bəzi elementləri gerçəkdən müzakirə etmək lazımdır".

Mediaya sızdırılan planda Kiyevdən böyük güzəştlər – Donetsk, Luqansk vilayətlərinin, Krımın verilməsi tələb olunur, bu isə Kremlin tələbləridir. Avropa diplomatları isə Kiyev üçün daha asan əks təkliflər hazırlamağa çalışıblar.

Ukraynanı necə qorumalı

ABŞ prezidenti Donald Tramp təklifə razılaşmaq üçün noyabrın 27-ni Ukrayna üçün son tarix qoysa da, sonradan bu tələbi yumşaldıb.

Ukraynanın təhlükəsizliyinin gələcəkdə Rusiyanın təhdidlərindən necə qorunacağı, müharibədən sonra Ukraynanın bərpasının necə maliyyələşəcəyinə dair müddəaların necə dəyişdirildiyi bəlli deyil.

Rutte həftəsonu həm Tramp, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə təmasda olduğunu deyib, amma təklifləri bir-bir müzakirə etməyə meyl göstərməyib.

NATO baş katibi vurğulayıb ki, danışıqların yekununda "irəliyə gedən suveren və güclü Ukrayna və ona bir daha hücum etməyə çalışmayan Rusiya var". Onun sözlərinə görə, Rusiya ilə razılaşma elə olmalıdır, onu pozmaq sərfəli olmasın.

Bəs, Ukraynanın NATO üzvlüyü?

Rutte NATO-nun Rusiya ilə gələcək dialoqu və Ukraynanın alyansa potensial üzvlüyü barədə danışıb. O deyib ki, gələcək müzakirələr NATO-Rusiya Şurası çərçivəsində aparılmayacaq. Bu şura sonuncu dəfə Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğala başlayandan az öncə görüşüb. Danışıqlar 1997-ci ildə imzalanmış NATO-Rusiya Təsis Aktı çərçivəsində də keçirilməyəcək. NATO baş katibi deyir ki, Putin Ukraynanı işğal etdiyindən "bu iki institut ölüdür". Onun sözlərinə görə, Kremlin qonşusunu işğal etməsi Qərb dəyərlərinin təməlinə ziddir.

O, Ukraynanın gələcəkdə NATO-ya üzvlüyünü tamamilə istisna etməyib. ABŞ-nin ilkin təklifində isə bu məsələ çıxdaş olunurdu. NATO baş katibi deyir ki, alyansa üzvlük üçün bütün üzvlərin razılığı tələb olunur, hazırda belə bir yekdillik yoxdur.

Rutte hazırda Kiyevin NATO üzvlüyünün gündəmdə olmadığını əlavə edib.

"Hazırda bir neçə müttəfiq Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu açıq bildirir. Amma ötənilki Vaşinqton sammitinin bəyanatı da var, Ukraynanın NATO-ya doğru dönməz yolda olduğu vurğulanır. Bu da bir reallıqdır", – NATO baş katibi bildirib.

XS
SM
MD
LG