Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:00

Rusiya Pokrovsku tutduğunu iddia edir. Putinin Uitkoffla görüşü gözlənilir


Ukrayna xüsusi təyinatlı batalyonunun əsgəri Rusiyanın Pokrovsk şəhəri yaxınlığında cəbhə xəttində.
Ukrayna xüsusi təyinatlı batalyonunun əsgəri Rusiyanın Pokrovsk şəhəri yaxınlığında cəbhə xəttində.

Rusiya Ukraynanın Donbas bölgəsində strateji Pokrovsk şəhərini ələ keçirdiyini iddia edib. Bu açıqlama ABŞ rəsmilərinin Kremldə Ukrayna sülh planı ilə bağlı müzakirələrindən öncə verilib. Ukrayna rəsmiləri isə Rusiyanın Pokrovskla bağlı iddiasını təkzib ediblər.

Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Ağ evin xüsusi elçisi Stiv Uitkoffu qəbul etməlidir. Bu, Uitkoffun yanvardan bəri Putinlə altıncı görüşü olacaq.

Rusiyanın Ukraynada təcavüzkar müharibəsi dörd ilə yaxındır davam edir, son həftələr Qərb müharibəyə son qoymaq səylərini intensivləşdirib. ABŞ-nin hazırladığı ilkin plan daha çox Rusiyanın tələbləri ilə səsləşirdi. Ukrayna rəsmiləri isə Cenevrədə ABŞ-nin yüksəkvəzifəli rəsmiləri ilə danışıqlar aparıb, Rusiyanın tələlərinə alternativlər təqdim etməyə çalışırdılar.

Qerasimov Kupyanskın da tutulduğunu deyirdi

Kremlin dekabrın 1-də yaydığı videoda Rusiyanın Baş Qərargah rəisi, general Valeri Qerasimov Rusiya qüvvələrinin son döyüş uğurlarından söz açıb. Ukrayna aylardır şimalda Kupyansk, cənubdakı Pokrovsk şəhərləri ətrafında Rusiya qoşunlarını dəf etməyə çalışır.

Qerasimov Pokrovskun köhnə rus adını çəkərək Rusiya qüvvələrinin şəhəri, nəhayət, ələ keçirdiyini iddia edib.

"Xidmətinizin nəticələrinə görə sizə və Krasnoarmeysk istiqamətindəki bütün komandanlığa və şəxsi heyətə təşəkkür edirəm", – Putin Qerasimova deyib.

Məlumata görə, onlar noyabrın 30-da görüşüb, video isə dekabrın 1-də, Uitkoffun səfərindən bir gün öncə yayımlanıb.

Rusiya müharibədə Ukraynada vacib qələbələr qazandığını vaxtaşırı iddia edib, amma bəzən bunların vaxtından öncə verildiyi, yaxud tamamilə yanlış olduğu üzə çıxıb. Məsələn, Qerasimov bu yaxınlarda Kupyansk ətrafında Ukrayna qüvvələrini mühasirəyə salındığını deyib, amma bu iddia düz çıxmayıb.

Zelenski deyir, Kupyanskı "təmizləmişik"

Pokrovsku müdafiə edən Ukrayna bölmələrindən biri bildirib ki, Kiyev qoşunları "Rusiyanın hücumunu dəf etməkdədir".

Dekabrın 1-də Ukrayna prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla görüşündə Rusiyanın cəbhədə irəlilədiyini etiraf edib.

"Rusiya irəliləyir, şübhəsiz ki, bir neçə hücum əməliyyatı aparır. Bu əməliyyatların heç biri uğurlu olmayıb", – o, mətbuat konfransında deyib.

"Pokrovsk və digər ərazilərdə ağır döyüşlər gedir. Məsələn, əsgərlərimiz Kupyansk istiqamətində daha çox uğur qazanırlar. Rusiya Kupyanskı ələ keçirdiyini iddia edir, amma biz şəhəri, demək olar, tam təmizləmişik", – Zelenski əlavə edib.

XS
SM
MD
LG