Almaniyada yaşayan, Azərbaycan hökumətini kəskin tənqid edən bloqer Qabil Məmmədovdan Milli Məclis də, Bakı şəhər İcra Hakimiyyəti də şikayətçidir. Bu qurumların təmsilçiləri Q.Məmmədov haqqında Bakıda keçirilən məhkəməyə zərərçəkmişin nümayəndəsi qismində qatılaraq şikayətçi olduqlarını dilə gətiriblər.
Bloqerin 16 il həbsə məhkum edilməsi barədə hökmdən apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qiyabi hökm qüvvədə saxlanılıb.
Q.Məmmədovun vəkili şikayətində göstərib ki, obyektiv və hərtərəfli məhkəmə araşdırması aparılmayıb, zərərçəkmiş və şahidlərin çoxu dindirilməyib. Müdafiəçi 16 illik cəzanın həddindən artıq ağır olduğunu da vurğulayıb.
Bloqer Cinayət Məcəlləsinin 20-dən çox maddəsiylə, o cümlədən dələduzluq, terrorçuluq, kütləvi iğtişaşların təşkili, hədə-qorxu ilə tələbetmə, terrorçuluğu maliyyələşdirmə kimi əməllərdə suçlanır. İddia edilir ki, o, adamları işə düzəltmək adıyla aldadaraq pulunu ələ keçirib, sosial şəbəkələrdəki çıxışlarında terrora çağırış edib və s. Bloqerə qarşı ittihamlardan biri də 2020-ci ilin iyulunda Bakıda "Qarabağa dəstək" yürüşündən sonra bir qrup şəxsin Milli Məclisin binasına daxil olmasıyla bağlıdır. Q.Məmmədov Almaniyadan həmin hadisələrin təşkilində və idarə olunmasında ittiham edilir.
Milli Məclis və Bakı şəhər İcra Hakimiyyəti də elə bu üzdən onun işində zərərçəkmiş kimi tanınıb.
Milli Məclisin nümayəndəsi iddia edir ki, adamlar Q.Məmmədovun çağırışı ilə binaya daxil olublar. Orada dağıntı nəticəsində 22 min manatdan çox ziyan dəyib və ödənilməyib.
Bakı şəhər İcra Hakimiyyəti isə həmin hadisə vaxtı Şəhidlər Xiyabanına ziyan dəyməsi üzündən şikayətçidir. İttihama görə, dəymiş ziyanın məbləği 1 min 436 manat olub və ödənilməyib.
Niyaməddin Əhmədov da məhkəməyə gətirilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi çalışmış, 5 il yarımdır həbsdə olan Niyaməddin Əhmədov da Q.Məmmədovun məhkəməsinə gətirilib.
2020-ci ilin aprelindən həbsdə olan və terroru maliyyələşdirmə ittihamıyla 13 il azadlıqdan məhrum edilən N.Əhmədov Q.Məmmədovla əlbirlikdə təqsirləndirilir. İttihamda göstərilib ki, Q.Məmmədov ona terror məqsədilə pul göndərib.
N.Əhmədov ittihamda yazılanları yalan adlandırıb. Bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabilgillə qonşu olublar. 2017-ci ildə Qabilə 10 min manat borc verib. O, Almaniyaya gedəndən bir müddət sonra onun borcunu bölüm-bölüm qaytarmağa başlayıb. Bir neçə dəfə pul göndərsə də, heç borcunu tam ödəməyib. Toplam 5 min 500 manat göndərib.
N.Əhmədov öz məhkəməsində də demişdi ki, həbsinin gerçək səbəbi Ə.Kərimlinin mühafizəçisi olmasıdır. N.Əhmədovun fikrincə, AXCP sədri 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi etiraz aksiyasında tutularkən onu sonadək tək buraxmadığına görə cəzalandırılıb.
Xatırlatma
Xaricdə yaşayan və Azərbaycan hökumətini tənqid edən 20-dən çox şəxs haqqında Bakıda cinayət işi başlanıb. Bu işlərdən bir neçəsi artıq məhkəməyə göndərilib və bloqerlərdən bəziləri haqqında qiyabi hökm çıxarılıb.
Baş Prokurorluqda haqqında araşdırma gedən mühacirlər arasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, Youtube platformasında "Azad söz" kanalının rəhbəri Tural Sadıqlı, ABŞ-də yaşayan jurnalist Sevinc Osmanqızı və başqaları var. Onlar dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanırlar. Bəzilərinə dövlət sirrini yayma, dələduzluq və başqa ittihamlar da irəli sürülüb.
Xaricdə yaşayan jurnalist və bloqerlər ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.