Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:47

Quş qripi virusu COVID-dən betər pandemiyaya səbəb ola bilər - mutasiya edərsə


Fransada quşçuluq ferması
Fransada quşçuluq ferması

Quş qripi virusu COVID-19-dan daha ağır pandemiyaya səbəb ola bilər, əgər insanlar arasında yoluxmaya gətirib çıxaracaq şəkildə mutasiya edərsə. Belə bir xəbərdarlıqla Fransadakı Pastör İnstitutunun tənəffüs infeksiyaları mərkəzinin rəhbəri çıxış edib. Son vaxtlar müxtəlif ölkələrdə quş qripi vəhşi quşlar, ev quşları və məməlilər arasında yayılmaqdadır.

Yüksək patogen quş qripi son illər yüz milyonlarla quşun məhv edilməsinə səbəb olub. Nəticədə ərzaq təchizatı pozulub, qiymətlər artıb. Bu arada insanlara yoluxma hallarının sayı azdır.

"Virusun məməlilərə, xüsusən də insanlara adaptasiyasından, insandan insana yoluxmaya imkan verəcək səviyyəyə çatmasından qorxuruq. Bu halda, virus pandemiya virusuna çevrilə bilər", – Pastör İnstitutunun tənəffüs infeksiyaları mərkəzinin tibbi direktoru Mari-An Ramey-Velti "Reuters"ə bildirib.

Pastör İnstitutu COVID-19-u aşkarlayan testləri hazırlayıb paylaşan ilk laboratoriyalardan olub.

Bu virusa qarşı anticisim yoxdur

Məsələ ondadır ki, insanlarda mövsümi H1 və H3 qripi ştammlarına qarşı anticisimlər var, amma quşlar və məməlilərə təsir edən H5 quş qripinə qarşı yoxdur. Elə COVID-19-a qarşı da əvvəl belə bir anticisim olmayıb. Ramey-Velti deyib ki, əsasən həssas qruplara təsir göstərən COVID-19-dan fərqli olaraq, qrip virusları sağlam insanları, uşaqları da öldürə bilir.

"Quş qripi pandemiyası ağır ola bilər, hətta yaşadığımız pandemiyadan da ağır", – mərkəz rəhbəri bildirib.

Əvvəllər insanlar arasında H5 quş qripi viruslarına yoluxma çox olub, hazırda ABŞ-də ev quşları və sağmal inəklər arasında yayılan H5N1-ə də. Amma bu adətən yoluxmuş heyvanlarla yaxın təmasdan keçir. Bu ay ABŞ-nin Vaşinqton ştatında H5N5-ə ilk dəfə insan yoluxub. Digər xəstəlikləri olan həmin şəxs ötən həftə vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 2003–2025-ci illərdə insanlar arasında quş qripinə min yoluxma qeydə alınıb, onların 48 faizi ölümlə nəticələnib. Yoluxma halları, əsasən, Misirdə, İndoneziyada və Vyetnamda baş verib.

İnsanlar arasında pandemiya riski aşağıdır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının elm şöbəsinin rəhbəri Qreqorio Torres deyib ki, sadəcə tez reaksiya verməyə hazır olmalıyıq: "İndiliksə meşədə rahat gəzə, toyuq, yumurta yeyə, həyatınızdan zövq ala bilərsiz. Pandemiya riski bir ehtimaldır. Bu ehtimal isə hələ çox aşağıdır".

Ramey-Velti isə qeyd edib ki, quş qripi insandan insana keçəcək formada mutasiya etsə belə, dünya ona COVID-19 pandemiyası öncəsi olduğundan daha hazırlıqlıdır.

XS
SM
MD
LG