Orta Asiyadan Rusiya tərəfdə savaşan və Ukraynada əsir düşən vətəndaşlar qohumlarına, hökumətlərinə müraciət edirlər ki, onları evlərinə qaytarsınlar. İndiyədək kiminsə qaytarılması barədə informasiya yoxdur. Bu haqda AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan "Azattyq Asia" yazır.
Tacikistandan 28 yaşlı Akrambek Abdulnazarov Ukrayna əsirliyindən bacısına müraciət edib ki, onun tez dəyişdirilməsi üçün hərbi prokurorluğa müraciət etsinlər. Abdulnazarov 2018-ci ildə Rusiyaya çörək dalınca gedib, 2022-ci ildə oturum izni bitincə ölkəsinə qayıtmağa hazırlaşırdı. Onun miqrasiya qaydalarını pozduğuna görə saxlandığı güman edilir. Müdafiə Nazirliyi ilə kontrakt imzalaması əvəzində Rusiya vətəndaşlığı təklif olunub.
"Yaşamaq istəyirəm" dövlət layihəsinin məlumatına görə, Ukrayna əsirliyində Orta Asiyadan onlarla vətəndaş var. Onlardan bəziləri vətənlərinə qaytarılmaq üçün ailələrinə, ölkələrinin hakim orqanlarına videomüraciət yazıblar.
Əsirləri dəyişdirib təkrar cəbhəyə qaytarırlar
58 yaşlı qırğızıstanlı Alisir Tursunov ötən il prezident Sadır Japarovdan evinə qayıtması üçün kömək istəyib. O, güc strukturlarının onu Ryazanda küçədə tutduğunu, hərbi komissarlığa apararaq kontrakt imzalamağa məcbur etdiklərini deyib. Bişkek bu müraciətə reaksiya verməyib.
Qazaxıstanlı Yerbol Ordabayev və Şerxan Yeqamberdiyev Pasxa bayramı öncəsi Moskva və Kiyev arasında əsir mübadiləsi çərçivəsində Rusiyaya təhvil verilib. 20 yaşlı Yeqamberdiyev daha sonra qohumlarına xəbər verib ki, FSB əməkdaşları onu dindirib, yenidən cəbhəyə yollayırlar.
"Döyüşmək istəmirəm, dinc həyat, sevdiyim qızın, ailəmin yanına dönmək istəyirəm", – o deyib. Hazırda onun harada olduğu bəlli deyil.
"Prinsipcə, mübadilədən sonra rusiyalı hərbçilərin hamısını cəbhəyə qaytarırlar, əlləri, ayaqları yerindədirsə. Rusiya hərbçiləri üçün əsirlikdə olmaq hərbi xidmətdən məzuniyyət kimi bir şeydir", – "Yaşamaq istəyirəm" layihəsindən "Azattyq Asia"ya deyilib.
Astananın Ordabayev və Yeqamberdiyev ilə bağlı Rusiyaya sorğu göndərib-göndərmədiyi isə bəlli deyil. Xarici silahlı münaqişələrdə iştirak, muzdluluq Qazaxıstanda cinayət sayılır, elə regionun digər ölkələrində də. Amma Orta Asiya paytaxtlarından Ukraynada döyüşənlərin ekstradisiyası ilə bağlı tələb səslənməyib.
Rusiyanı qıcıqlandırmamaq
"Onlar çoxvektorlu xarici siyasət yürütməyə çalışırlar, eyni zamanda Rusiya hakimiyyətini heç cür qıcıqlandırmamağa çalışırlar. Tənqiddən çəkinirlər, bu isə onların imkanlarını məhdudlaşdırır", –Londonda yerləşən "Central Asia Due Diligence" analitik mərkəzinin direktoru, politoloq Alişer İlxamov Orta Asiya ölkələrinin siyasəti haqda belə deyir.
Ukraynaya qarşı müharibədə iştirak edib vətənə qayıdanlar Qazaxıstan, Özbəkistan və Qırğızıstanda cinayət məsuliyyətinə cəlb edilir, beş ilədək həbs olunurlar.
Tacikistanın baş prokuroru Xabibullo Voxidzodanın sözlərinə görə, müharibədə iştirak etmiş vətəndaşlarla bağlı heç bir cinayət işi açılmayıb. Müşahidəçilər bunu Moskvaya sadiqlik jesti kimi görürlər. Axı Düşənbə Rusiyada çalışan əmək miqrantlarının pul köçürmələrindən çox asılıdır, Rusiyanın isə müharibəni davam etdirmək üçün insan resursuna ehtiyacı var.
"İki stulda oturmaq"
İlhamov bildirir ki, Orta Asiya ölkələri nə Ukraynada əsirlikdə olan vətəndaşlarını geri tələb edir, nə də Rusiyanın onları müharibəyə cəlbinə qarşı çıxa bilir. Özbəkistan xüsusi xidmət orqanları bu yaxınlarda sənədli film yayımlayıb; filmin qəhrəmanları Rusiyada müqavilə imzalamaq üçün necə aldadılmalarından, təhdidlərdən danışırlar.
"Filmdə deyilir ki, bəzilərini aldadıblar, təzyiq göstəriblər, amma bunu kim edib, açıqlanmır. Bu mövzu tabu olaraq qalır. Onlar iki stulda oturmağa çalışırlar: bir yandan öz vətəndaşlarının müharibədə iştirakını, digər yandan (Rusiya prezidenti) Putinlə münasibətləri korlamaq istəmirlər", – İlxamov belə deyir.
Noyabrda "Yaşamaq istəyirəm" layihəsi yazırdı ki, Rusiyanın silahlı qüvvələrinə Orta Asiya ölkələrindən 7 min yarımdan çox muzdlu qoşulub, onların təxminən 1 min 500-ü həlak olub. Siyahılar həmin ölkələrin dövlət qurumlarına təqdim edilib.
Layihə rəsmilərin reaksiyası, Orta Asiya dövlətlərinin diplomatik və ya digər kanallarla əsir düşən vətəndaşlarının geri qaytarılmasını tələb edib-etmədiyini açıqlamayıb, "həssas məsələ" adlandırıb.