Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Tramp elçisini Putinlə görüşə göndərib


Stiv Uitkoff və Vladimir Putin
Stiv Uitkoff və Vladimir Putin

ABŞ prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoffu Moskvaya prezident Vladimir Putinlə görüşə göndərdiyini deyir.

Tramp sosial mediada yazıb ki, ABŞ-nin hazırladığı ilkin 28-bəndlik sülh planı dəqiqləşdirilib, hər iki tərəf ona əlavələr edib və cəmi bir neçə razılaşdırılmayan məqamlar qalır.

"Bu Sülh Planını yekunlaşdırmaq ümidi ilə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ordu naziri Deniel Driskoll ukraynalılarla görüşəcək", – o əlavə edib.

Ağ evin elçisi S.Uitkoff Moskvaya gələn həftə gedəcək. Bunu Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov noyabrın 26-da təsdiqləyib.

25 noyabr

ABŞ Rusiya ilə sülh planını müzakirə edib

Noyabrın 25-də ABŞ-nin quru qoşunları naziri Deniel Driskoll Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə görüşüb. Məqsəd Donald Tramp administrasiyasının Ukraynada sülh planı ilə bağlı fikir ayrılıqlarını azaltmaqdır. Bir gün öncə ABŞ və Ukrayna rəsmiləri Cenevrədə görüşmüşdülər. "CBS News" və "The Financial Times" Ukrayna rəsmilərinin də əlavə danışıqlar üçün Əbu-Dabiyə uçduğunu xəbər verib.

D.Driskollun sözçüsü danışıqların yaxşı getdiyini, nikbin olduqlarını deyib.

Cenevrə danışıqlarında ilkin 28-bəndlik plan 19 bəndə salınıb. Ukrayna rəsmilərinin dediyinə görə, Kiyevə təhlükəsizlik qarantiyaları daxil olmaqla ən həssas məsələlər müzakirə olunur.

"Cenevrədə görüşlərdən sonra sülh yolunu reallaşdıracaq xeyli perspektivlər görünür. Möhkəm nəticələr var, xeyli görüləsi iş var", – bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Keçmiş müdafiə naziri, hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Facebook-da yazıb ki, sülh planında ən vacib məqamlar razılaşdırılıb: "Nümayəndə heyətlərimiz Cenevrədə müzakirə olunan razılaşmanın əsas müddəaları üzrə ümumi anlaşma əldə ediblər. İndi isə gələcək addımlar üçün avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik".

ABŞ-nin ilkin təklifində Kiyevdən ərazi güzəştləri, ordusunun sayına məhdudiyyət qoyması, NATO-ya üzvlük niyyətindən əl çəkməsi tələb olunurdu. Kiyev isə bunları təslimçilik sayır.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın hələlik Ukrayna ilə bağlı yenilənmiş plan almadığını deyib: "Hazırda yeganə məzmunlu sənəd amerikalıların, Trampın layihəsidir. Bunun danışıqlar üçün çox yaxşı bir əsas ola biləcəyini düşünürük. Hələ də bu mövqedəyik".

Peskov Ukrayna münaqişəsinin həllində Avropanın roluna toxunaraq deyib ki, təhlükəsizlik sistemini avropalılarsız müzakirə etmək mümkün deyil, buna görə də müəyyən mərhələdə Avropanın iştirakı zəruri olacaq.

Cenevrə danışıqları
Cenevrə danışıqları
23 noyabr

ABŞ: Sülh planı 'Ukraynanı tam qorumaq' üçün yenilənib

Ağ ev bildirir ki, Cenevrədə Kiyevlə danışıqlarda Ukraynadakı müharibəni bitirmək üçün "mənalı proqres" əldə olunub, ölkənin suverenliyini tam qoruyacaq çərçivə "yenilənib və yonulub".

Vaşinqtonun noyabrın 23-də verdiyi bu bəyanatda 28-bəndlik sülh planına hansı dəyişikliklərin olunduğu açıqlanmayıb. Ötən həftə prezident Donald Trampın irəli sürdüyü planı Kiyev tərəfdarları rusiyayönlü deyərək tənqid ediblər.

"Danışıqlar konstruktiv, məqsədyönlü, hörmət əsasında aparılıb, ədalətli və davamlı sülhə ortaq öhdəliyi əks etdirib", – Ağ evin Ukrayna ilə birgə bəyanatında deyilir. Tərəflərin yenilənmiş və cilalanmış sülh çərçivəsi yaratdığı vurğulanır.

Hələlik Trampdan şərh gəlməyib.

Ötən həftə açıqlanmış təklifləri Ukraynanın Avropadakı müttəfiqləri, eləcə də bəzi respublikaçılar daxil olmaqla çoxsaylı ABŞ konqresmenləri də tənqid edib, Kremlin "tələb siyahısı" adlandırıblar.

Ağ ev bildirib ki, Ukrayna nümayəndə heyəti görüşdə bütün əsas narahatlıqlarının – təhlükəsizlik zəmanətləri, uzunmüddətli iqtisadi inkişaf, infrastrukturun qorunması, siyasi suverenliyin ətraflı müzakirə edildiyini təsdiqləyib.

Rubio deyir, Tramp da məmnun qalıb

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edib. Rubio görüşdə "çox böyük irəliləyiş" əldə olunduğunu deyib, müzakirələr haqda Trampa məlumat verdikdə onun məmnun qaldığını bildirib.

Vaşinqton Kiyevə planı tez bir zamanda qəbul etməsi üçün təzyiqini artırırdı. Tramp isə plana qarşı çıxış etdiklərinə görə Ukrayna və Avropa müttəfiqlərinə narazılığını bildirmişdi.

Ukrayna nümayəndə heyətinə rəhbərlik edən, Zelenski administrasiyasının rəhbəri Andrey Yermak jurnalistlərə danışıqlarda "çox yaxşı" irəliləyiş əldə olunduğunu deyib. Onun sözlərinə görə, "Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülhə doğru irəliləyirlər".

Qərbin çoxsaylı agentlikləri adlarını çəkmədiyi mənbələrə xəbər veriblər ki, bu həftənin əvvəlində Zelenski Vaşinqtona gedə, Trampla müzakirələr apara bilər.

"Reuters" bir mənbəyə istinadla 28 -bəndlik planın ən həssas məsələlərinin, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsinin əsas müzakirə olunacağını yazıb.

İlkin plan rəsmən açıqlanmasa da, əsas elementləri sızdırılıb. Şərtlərdə Kiyevdən böyük güzəştlər tələb olunub, çoxu da Kremlin tələblərini əks etdirib – Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərinin, eləcə də Krımın verilməsi, ordunun sayının azaldılması və sairə.

ABŞ konqresnmenləri və xarici müttəfiqlərin təpkisindən sonra Tramp noyabrın 22-də plana dəyişiklikləri istisna etməyib.

Avropa planı

Almaniyanın "dpa" agentliyinin yazdığına görə, Avropanın planından Ukraynanın ərazi güzəştə getməsi nəzərdə tutulmur. Amma silahlı qüvvə sayı üçün 800 min hərbçi sayı limiti qoyulub. ABŞ-nin təklifində bu say 600 min idi. Ukraynaya güclü təhlükəsizlik qarantiyaları da verilir.

Kiyevin NATO üzvlüyü tamamilə istisna olunmur, Rusiyaya hərbi cinayətlərə görə ümumi amnistiya verilmir. "dpa" bunları mənbələrə istinad etmədən yazır.

Avropa və Afrika liderləri noyabrın 24-də Anqolada iqtisadi sammitdə görüşəcəklər. Ukrayna müharibəsinin əsas mövzu olacağı gözlənilir.

Kreml Cenevrə danışıqlarını şərh etməyib. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacağını, Ukraynada sülh səylərini müzakirə edəcəyini bildirib.

XS
SM
MD
LG