Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Ülviyyə Əlinin həbs müddəti uzadılıb


Ülviyyə Əli
Ülviyyə Əli

Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsindəki həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə jurnalistin yaxınları məlumat yayıblar. Onların bildirməsinə görə, noyabrın 26-da Xətai rayon Məhkəməsində keçirilmiş prosesdə ittiham tərəfinin verdiyi təqdimat əsasında həbsin müddəti 20 gün-dekabrın 27-ə qədər uzadılıb.

Yaxınları bildirib ki, Ü.Əli məhkəmədə müdafiə çıxışı etməyi mənasız saydığını deyib. "Bu, yuxuma haram qatmaqdan başqa bir şey deyil", - vurğulayan jurnalist əvəzində "Xoruz" şeirini səsləndirib.

"Bu şeirin məhkəməyə nə qədər aidiyyəti varsa, ittihamların da mənə o qədər aidiyyəti var", - o əlavə edib.

Buna qədər Ü.Əlinin həbs müddəti bir neçə dəfə uzadılıb.

4 noyabr

Yaxınları Ülviyyə Əlinin vəkili ilə görüşə buraxılmadığını deyir

"MeydanTV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) vəkili ilə görüşməyə imkan verilmir. Bu barədə onun yaxınları deyib. Onların sözlərinə görə, buna səbəb jurnalistin vəkili ilə görüşdən əvvəl üzərinin yoxlanmasına etiraz etməsi olub. Yaxınlarının vurğulamasına görə, onlar bildiriblər ki, bundan əvvəl Ü.Əli vəkili ilə görüşə gedərkən onun üzərini yoxlayıblar, bu dəfə isə jurnalist buna etiraz edir: "Noyabrın 3-də Ülviyyə vəkillə görüşə gedəndə yenə də üstünü yoxlamaq istəyiblər. Ülviyyə buna etiraz edib. Buna görə ona vəkillə görüşməyə imkan verməyiblər".

Onlar düşünür ki, bu, Bakı İstintaq Təcridxanasının rəhbərliyinin jurnalistə qarşı qərəzli münasibətindən irəli gəlir. Yaxınları deyirlər ki, Ü.Əlinin ad günündə anasının görüş üçün içəri buraxılmamasını ictimailəşdirdiyinə və jurnalistin təcridxanada etirazlarına görə ondan bu formada qisas alınır.

Ü.Əlinin yaxınlarının bu dediklərinə təcridxana rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma xidmətdən, bir qayda olaraq, oxşar şikayətlərlə bağlı bildirirlər ki, onlar həbsdə olan şəxslərlə yalnız qanun çərçivəsində davranırlar.

Jurnalist Ü.Əli bu il mayın 7-də "MeydanTV" ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də "MeydanTV işi" üzrə ittihamlar ağırlaşdırılıb. Hazırda bu iş üzrə həbs olunan 10-dan çox şəxs Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.

MeydanTV-nin əməkdaşları – Aynur Elgünəş, Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva Ramin Deko ötən il dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də "MeydanTV" ilə bağlı cinayət işi üzrə tutulub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Libre, fevralın 28-də isə Fatimə Mövlamlı.

Xatırlama

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG