Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Həbs olunan şəxs hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevdir.
Noyabrın 23-də o, şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama sözügedən şəxsin özü, yaxınlarından və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb. Həmin ittiham üzrə şəxsə 10 ilə qədər həbs cəzası verilə bilər.
21 noyabr
Yasamalda yanğında üç nəfər ölüb
Noyabrın 21-i saat 19:50 radələrində Bakının Yasamal rayonu, M.Seyidov küçəsində yaşayış binasında yanğın olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub: "20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub... Üç nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb".
+++
Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib.
Yerli saytların məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.
Mənzillərin yanğından mühafizə olunduğu, sakinlərin isə təhlükəsiz əraziyə tam təxliyə edildiyi deyilir.
Cinayət işi açılıb
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində əmələ gələn tüstüdən üç nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
"Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", - məlumatda bildirilir.