Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Zelenski keçmiş biznes ortağına sanksiyalar tətbiq edib


Timur Mindiç
Timur Mindiç

Ukrayna prezidenti Volodimir Zelenski biznesmen, "Kvartal 95" layihəsindəki tərəfdaşı Timur Mindiçə və maliyyəçi Oleksandr Tsukermana sanksiyalarla bağlı fərman imzalayıb.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAPO) bu iki şəxsin "Energoatom" dövlət şirkətində genişmiqyaslı korrupsiya sxeminin təşkilatçıları olduğunu bildirir. Onların hakimiyyətin yuxarı eşelonlarına yaxınlıqdan istifadə edərək podratçılardan "otkat" (rüşvət) tələb etdiyi bildirilir.

Mindiç və Tsukerman dövlət mükafatlarından məhrum ediliblər. Ukraynadakı aktivləri üç illiyə dondurulub, ticarət əməliyyatları aparmaq imkanları məhdudlaşdırılıb. Onların torpaq sahələri alması, digər oxşar əməliyyatlar aparması yasaqlanıb. Fərmanda biznesmenlərin İsrail vətəndaşı olduqları qeyd edilir.

Mindiç evində axtarış aparılmazdan bir neçə saat öncə Ukraynanı tərk edib. Tsukerman da hazırda Ukraynada deyil. Amma onların hər ikisinin ölkədən çıxışına qadağa qoyulub.

2019-2020-ci illərdə baş hərbi prokuror, 2020-ci ildə isə baş prokuror vəzifəsini icra etmiş Viktor Çumak AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, Ukraynada müharibə dövrünün səyahət məhdudiyyətləri şəraitində hüquq-mühafizə orqanlarının köməyi olmadan ölkəni belə tez tərk etmək mümkünsüzdür.

Timur Mindiç və Oleksandr Tsukerman
Timur Mindiç və Oleksandr Tsukerman

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" araşdırma qrupunun jurnalistləri noyabrın 12-də Mindiçlə əlaqə saxlaya biliblər. Korrupsiya ittihamları ilə bağlı suala o, "Doğru deyil, hamısı yalandır" cavabını verib.

Zelenski prezident seçilməzdən öncə Mindiçlə "Kvartal 95" komediya layihəsinin həmtəsisçisi olub. Elə siyasətə gəlməmişdən komediyaçı və aktyor kimi populyarlıq qazanmasında da bu biznes böyük rol oynayıb.

46 yaşlı Mindiç Zelenskini 2019-cu il seçki kampaniyasında dəstəkləmiş milyarder İqor Kolomoyskinin də biznes tərəfdaşı olub. Sonuncu 2023-cü ildən dələduzluq və çirkli pulyuma ittihamları ilə həbsdədir.

Şübhəlilər

Bu işdə adları çəkilən bəzi vəzifəlilər artıq istefa verib, yaxud vəzifədən kənarlaşdırılıb. Qerman Qaluşşenko noyabrın 12-də ədliyyə naziri vəzifəsindən uzaqlaşdırılıb. O, əvvəllər energetika naziri olub. Keçmiş müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun, baş nazirin keçmiş müavini Oleksiy Çernişovun adları da işdə hallanır. Qaluşşenko, Umerov iddiaları rədd ediblər.

Energetika naziri Svitlana Qrinçuk noyabrın 12-də istefa verib, amma qanunu pozmadığını deyib. Onu istefa verməyə Zelenski çağırıb.

NABU və SAPO enerji sektorunda "böyük cinayətkar təşkilat"ın 100 milyon dollarlıq korrupsiya əməllərinin üstünü açdıqlarını bildirir. Şübhəlilərin "Energoatom"un özəl subpodratçılarından kontraktlarının qüvvədə qalması üçün 10-15 faizlik rüşvət tələb etdikləri iddia olunur.

NABU-nun əldə etdiyi səs yazılarından birində keçmiş energetika naziri müşaviri İqor Mironyukun bu kontraktları ləğv etməklə hədələdiyi eşidilir.

"Sizi tamamilə məhv edəcəklər… Əməkdaşlarınızın hamısı orduya çağırılacaq", – onun belə dediyi eşidilir. Mironyuk isə hər hansı qanun pozuntusuna yol vermədiyini bildirir.

NABU istintaq çərçivəsində 70 evdə axtarış aparıb, min saatlıq gizli audioyazılar toplayıb.

XS
SM
MD
LG