Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Zelenski korrupsiya qalmaqalının öhdəsindən gələcəkmi


Volodimir Zelenski
Volodimir Zelenski

Xülasə

  • Timur Mindiçlə bağlı korrupsiya qalmaqalı onun keçmiş biznes ortağı, prezident Volodimir Zelenski böyük siyasi risk yaradır.
  • Mindiç və digər şübhəlilər enerji kontraktlarından milyonlarla dollar rüşvət tələb etməkdə ittiham olunurlar. Zelenski onlara sanksiya tətbiq edib.
  • Bu qalmaqal Zelenski hökumətinə inamı sarsıda bilər – həm ölkədə, həm də xaricdə.

Ukraynanı çalxalayan korrupsiya qalmaqalının mərkəzi fiquru Timur Mindiç prezident Volodimir Zelenskinin köhnə dostu, keçmiş biznes ortağıdır. Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, polis onun evində axtarış aparmazdan bir qədər öncə Mindiç ölkəni tərk edib.

İddialara görə, prokurorlar məhkəməyə deyiblər ki, onlarda istintaqın digər hədəflərindən biri, ədliyyə naziri Qerman Qaluşşenko ilə Zelenskinin telefon söhbətinin yazısı var. Qaluşşenko həmin vaxt Mindiç və Oleksandr Tsukerman ilə qrup zəngi edirmiş. Sonuncu da işdə şübhəli sayılır, o da ölkədən çıxıb.

Zelenski istintaqa cəlb olunmayıb. AzadlıqRadiosunun redaktoru Stiv Qutterman yazır ki, onun Mindiç ilə əlaqələri bu qalmaqalın 2019-cu ildə prezident seçilməsindən bəri Zelenskinin üzləşdiyi ən böyük problemə çevrilməsinin səbəblərindən yalnız biridir.

Zelenski Mindiç ilə birgə sahib olduğu "Kvartal 95" şirkətinin televiziya şousunda prezident rolunu oynayanda siyasətdə təcrübəsiz idi.

Sonradan seçkidə platformasının əsas hissəsini sülh səyləri tuturdu. O zaman rusiyayönlü və Kiyev əleyhdarı qüvvələrlə şərqi Donbas bölgəsində müharibə alovlanmaqda idi. Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlaması isə siyasəti arxa plana keçirdi, Zelenskini sülh dövrü liderinin üzləşməli olacağı sınaqlardan qorudu.

Birincisi, Ukraynanın konstitusiyası hərbi vəziyyət dövründə seçkiləri qadağan edir; işğalın ilk günündən bu rejim qüvvədədir. Ən vacibi, ukraynalılar Rusiyanın hücumuna qarşı güclü birlik sərgiləyiblər. Bu isə Zelenskinin dirənişinə sıx bağlı fenomendir. Baxmayaraq ki, bir çox kənar müşahidəçilər Rusiyanın hücumunun ölkəni tez bir zamanda diz çökdürəcəyinə inanırdılar.

Bu arada zaman-zaman siyasi qüsurlarla bağlı narazılıqlar üzə çıxıb. Məsələn, Zelenski ilə ovaxtkı baş komandan, general Valeri Zalujnı arasında gərginlik 2023-cü ildə açıq-aşkar dərinləşdi. Sonucda populyar komandan vəzifədən kənarlaşdırıldı, seçkilər keçirilərsə, prezidentliyə namizəd ola biləcəyi ehtimalları ortaya çıxdı.

Volodmir Zelenski və Valeri Zalujnı
Volodmir Zelenski və Valeri Zalujnı

"Nəzarətə gəlməyən siyasi böhran"

"Midas əməliyyatı" adlı korrupsiya işinin miqyası o qədər böyükdür ki, siyasi çalxalanma riskini də xeyli yüksəldir.

Ukraynalı politoloq Volodimir Fesenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, qalmaqal ani nəticələrlə yanaşı, gələn il müxtəlif daxili siyasi münaqişələrin və situasiyaların hərəkətverici qüvvəsinə çevrilə bilər, özəlliklə də müharibə bitərsə və seçkilər keçirilərsə.

Zelenskiyə siyasi riski təkcə Mindiç və istintaqa cəlb olunan digər şəxslərlə əlaqələri yaratmır. Qətiyyən.

Zelenskiyə və hökumətinə inamı ciddi sarsıda biləcək başqa amillər də var – ölkənin şərqindəki cəbhədə döyüşən əsgərlərdən tutmuş, qərbdə Kiyev tərəfdarlarına, eləcə də ölkə daxilində və xaricindəki ukraynalılara qədər.

Qalmaqal isə birbaşa müharibə ilə, hökumətin əsas öhdəliyi – vətəndaşların qorunması ilə bağlıdır, həm də Rusiyanın ölkədə enerji infrastrukturuna amansız hücumları fonunda üzə çıxıb.

Şübhəlilər "Energoatom" dövlət atom elektrik stansiyaları operatorunun özəl subpodratçılarından 10-15 faiz rüşvət tələb etməkdə ittiham olunurlar. Buraya enerji obyektlərini qorumaq üçün tikililərin inşası ilə bağlı müqavilələrin də daxil olduğu əlamətləri var. İddia olunan korrupsiyanın ümumi dəyəri təxminən 100 milyon dollardır.

NABU və SAPO

Diqqətçəkən daha bir məqam – Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiyaya Prokurorluğu (SAPO) bu işi 15 aydır araşdırırmış, bu həftə ictimailəşdirilib. Bu isə Zelenski və müttəfiqlərinin iyulda bu iki agentliyinin müstəqilliyini məhdudlaşdırmaq səylərini yenidən gündəmə gətirib, Kiyevin istintaqı dayandırmağa çalışmasına dair şübhələr yaradıb. O zaman küçə etirazları Zelenskini geri çəkilməyə vadar etdi. Bu dəfə isə nümayişlər gözə dəymir.

Rusiya atəşkəs çağırışlarını rədd edir, müharibənin sonu görünmür. S.Qutterman yazır ki, bu qalmaqal Avropa və ABŞ-də siyasətçilərə "yem" ola bilər, axı onlar Ukraynaya yardıma qarşı arqumentlərini korrupsiyadan narahatlıqla əsaslandırırdılar. Bu, həm də Kiyevin Moskvaya ərazi güzəştə getməsi üçün təzyiqlə nəticələnə bilər.

Zelenski özünü Mindiçdən, digər yeddi şübhəlidən kənar tutub. Noyabrın 13-də isə Mindiç və Tsukermana sanksiyalarla bağlı sərəncam imzalayıb. O, "Bloomberg"ə müsahibəsində təhqiqat elan ediləndən Mindiçlə danışmadığını deyib.

İnam məsələsi

Qaluşşenko, enerji naziri Svetlana Qrinçuk istefa veriblər, amma yanlışa yol vermədiklərini deyirlər.

Baş nazir Yuliya Sviridenko deyib ki, dövlət şirkətlərinin hamısında audit aparılacaq.

Zelenski Qərbi də rahatlamağa çalışıb. Almaniya kansleri Fridrix Mertslə telefon söhbətində tam şəffaflıq, antikorrupsiya qurumlarına dəstək vəd edib.

Amma bunun yetərli olub-olmadığını zaman göstərəcək. Mindiç və Tsukerman Ukraynaya qayıdıb məhkəməyə çıxarılacaqmı, hökumət korrupsiyanın kökünü kəsmək üçün hansı işlər görəcək və s.

Amma indilik elə bu qalmaqalın ortaya çıxması Zelenski üçün ən yaxşı arqument ola bilər - Rusiyada, sərt nəzarət altında olan başqa bir ölkədə bunun baş verməsi real görünmür.

Araşdırmaçı-jurnalist Yuri Nikolov deyir ki, bu korrupsiya, Qaluşşenko, Mindiç barədə illərdir danışır. "Sonuc uzaqdan görünürdü, amma hakimiyyətin diqqətindən necəsə yayınırdı. Məncə, bunun özü böyük bir rahatlıqdır ki, dünyaya təkcə korrupsiyamızın olduğunu deyil, onunla savaşdığımızı da göstərir", – o, AzadlıqRadiosunun rusdilli "Current Time" layihəsinə deyib.

XS
SM
MD
LG