Elmar Şahmar. Kaş...


Kaş  səninçün  necə  darıxdığımı  biləydin...

Kaş  sənin  eşqindən  necə  əzab  çəkdiyimi,

səsini  eşidib  simanı  görmək  üçün

nələrdən  keçməyə  hazır  olduğumu,

baxışlarında  ərimək  üçün

gözlərinə  necə  həsrət  qaldığımı  duya  biləydin...

Kaş...

Onda  bilərdin  səni  necə  sevdiyimi,

səninçün  necə  darıxdığımı,

bu  sevginin  gücünü...

Onda  hiss  edərdin 

hicran  atəşindən  alovlanan  ürəyinin  çırpıntısını,

vüsal  arzulayan  həzin  pıçıltısını...

               Gözlərin  baxaraq  görmədiyini,

qulaqların  eşidərək  duymadığını  bilirsənmi?

Mən  yaxşı  bilirəm...

Bu, ruhun  bədəndən  ayrılması,

insanın  xəyala  dalmasıdır...

Bir  şeir  yazarkən,

bir  də  səni  düşünərkən  mənim  ruhum  bədənimdən  ayrılır,

ya  qafiyə, söz  axtarır,

ya  da  səni...

Qafiyəni  də, sözü  də  tapmaq  olur,

amma  səni...

Ruhum  acizdir  səni  tapmağa,

hey  axtarışdadır,

gözəl  olduğunçün  bütün  gözəlliklərə  yalvarışdadır,

bəlkə  səndən  bir  xəbər  ala  deyə,

bəlkə  səni  onlarda  tapa  deyə,

ətrini  duya  deyə...

Amma  təəssuf  ki, ala  bilmir,

tapa  bilmir  səni  və

hər  dəfə  əliboş  qayıdır  cismimə...

Bax  belədir  mənim  yaşam  tərzim,

həyatım,

xəyallar  içində  keçən  bir  həyat,

yalan  bir  həyat...

Bəlkə  də  özünü  yalana  həsr  etmiş  həqiqi  bir  həyat...

Səncə  hansıdır?

Hansıdır  mənim  yaşadıqlarımı  səciyyələndirən  ifadə?

Yalan  yoxsa  həqiqi  həyat?

Səncə  mən  yaşayırammı?

Yox... yaşamıram,

yaşamaq  istəyirəm  səni  taparaq,

həqiqi  həyata  addım  ataraq,

səninlə  nəfəs  alaraq,

birlikdə  qocalaraq...

                İndi  mən

yalan  bir  həyatın  dərinliklərində

səni  tapmaq  ümidilə

ruhunu  sonsuz  xəyallar  içində  azdıran

tənha, kimsəsiz  bir  adamam...

Yaşlı  gözləri

həm  bütün  varlıqları  görüb  dərk  etməyəcək  qədər  kor,

həm  sənin  ruhunu  belə  görə  biləcək  qədər  iti,

qulağı

həm  saatın  əqrəbinin  səsini  belə  duyacaq  qədər  həssas,

həm  atom  bombasının  partlayış  səsini  belə  eşitməyəcək  qədər  laqeyd,

ürəyi

həm  səni  duymaq  üçün  döyünməyən,

həm  sənin  eşqinlə

etiraz  edirmiş  kimi  çırpınaraq  döyünən  bir  halda  olan

zavallı, çarəsiz  bir  adam...

Hətta  bir  yox,

yarım  adam... 

Mən  sənin  eşqinlə  bir  ola  bilərəm,

tamlığım  yalnız  səninlə  mümkündür.

Mən  səni  axtarıram

tam  olmaq  üçün,

bir  olmaq  üçün,

yaşamaq  üçün,

həqiqi  bir  həyat  üçün...

                Bezmişəm  tənhalıqdan,

səssizlikdən,

sənsizlikdən,

yorulmuşam  yalan  həyatdan,

bitib – tükənmişəm  xəyallar  dünyasında  yaşamaqdan...

Darıxıram,

çox  darıxıram  səninçün,

sənin  darıxmadığın  qədər...

Sənin  sevmədiyin  qədər  sevirəm  səni...

Çünki,

sən  mənimçün  heç  darıxmırsan.

Təbiidir,

insan  heç  sevmədiyi  biriyçün  darıxarmı?!

Onun  nələr  çəkdiyini  anlayarmı?!

Onun  nələr  yaşadığını  duyarmı?!

Çətin...

Kaş  anlayaydın...

Kaş  duyaydın...

Kaş...

                                     
11 fevral  2011