Vaqif Bayatlı Odər. Üzümdəki işıq

                        R.Rövşənə

Doğulan günü
Hansı işıq düşür adamın üzünə,
o işıq ölənəcən qalır üzündə.
Mən danüzünə yaxın doğulmuşam;
                         çıraq işığından,
                       gün işığından qabaq
qara torpağımı da nurla dolduracaq
                                           qədər
ay işığı düşüb üzümə.

Anamdan da qabaq
                    ay işığını görmüşəm bu dünyada -
eləcə ay işığı üzümdə qalıb.
Harda bir naməhrəm şey görsəm,
                    örtərəm üzümdəki ay işığını.
Bu dünyaya gələn kimi
                    ay işığıyla dolmuşam,
bəlkə anadan deyil,
                     ay işığından doğulmuşam?!
Bəlkə ondandı, hara getsəm
yaxşı adamlar
                      ay işığıtək qalar yadımda,
Bəlkə ondandı,
qocalmaz yaxşı adamlar, -
                   ay işığından doğulan adamların
                   ay işığından dolan adamların
ağaran saçlarında elə bilərəm
                   ay işığı gəzir.
Ay işığı göy üzünün amanatıdı;
                   minəndə əcəl atını
                   qara torpağına qaytarasıyam...