Ramiz Rövşən. Mən də tanrı quşu olsam

Ə.Əylisliyə

Gün doğsa da, işıqlanmaz
                      ömrün qara günləri.
Tanrıyla kim barışdırar
                      bəxtindən küsənləri?

Canımıza hardan dolub
                      bu dəlilik havası?
Ağaclar da Məcnun olub
                      başında quş yuvası.

Quşa dönüb mollalar da,
                     qonub minbər başına.
Əzan verib bu şəhəri
                     basdırarlar axşama.

Mən də Tanrı quşu olsam,
                     mən də qonsam minbərə,
Hər nə desəm küfr çıxar
                     bəlkə bütün dinlərə.

Bəlkə məni dörd bir yandan
                    nişan alar ovçular
O minbərdən damla-damla
                    qanım yerə damcılar.

Bir yaralı molla uçar
                    sənə sarı. İlahi.
İnsanf elə bu yaramı
                    özün sarı, İlahi!..