Əli Kərim. Palatada saxlanmış şeirlərdən

Ey mənim yerimdə
                     yatan qardaşım
bəzi məsləhətə ixtiyarım var;
Dəmir yaddaşında bu çarpayının
qalar o çəkdiyin sonsuz ağrılar.
Can vermək təcrübəm,
                sancı vuruşum,
Qızdırma yanğınım,
                üşütmə qışım,
İcazə verir ki,
               ağır halına
bircə qədəm atım
               azca qarışım.
Qorxu!
         Ürəyinə yol tapsa qorxu,
insan da ölməyə başlar o gündən.
Qorxu - kəşfiyyatçı,
          xəbər verəcək
ölümə o sənin hər illətindən.
O yol açacaqdır.
         ölüm gələcək,
Gəlib hazırına
         nazir olacaq,
Səni içəridən
         alacaq onlar,
yanacaq sinəndə
         sönməz bir ocaq.
Dərmana fikir ver.
         iynəyə də bax.
qarışıb onlara
         qorxu da keçər.
Qorxudan qorunmaq
          qüdrətin olsa,
Ölüm baş götürüb
          dünyadan köçər.

1969