Musa Yaqub. Burda Yoxam

Aman Allah, vallah burda mən yoxam,
Ünüm gedib yaylaqlara çatırmı?...
Baş götürüb çıxım gedim dağlara,
Görüm dağlar başımızı qatırmı.

Söz padşahın, dağlar hələ bizimdi,
Orda izim, amma köhnə  izimdi.
Yoxuşlarda  gücdən  düşən dizimdi
Ayaqlarım daş cığırı  tuturmu...

Daha mənə gül verərmi yaylağım,
Göz-göz olub buludundan  mən yağım,
Palıd kökü qayalarda qarmağım
Qövsi-quzeh göyə qurşaq atırmı?

Dağ buğlanır güzgü  daşa  tər gəlir,
Duman tutur keçidləri,dərkəli
Sürüsünə keşik çəkən dağ kəli
Bir-birinin istisində yatırmı?

Aman Allah, bu İsgəndər quşları!
Bir avazla başdan alır huşları.
Qayanın da sədalanır daşları
İlahilər bu səsə səs qatırmı?!

Mişar dişli daş qayanın çatları
Bu çatlara dolub torpaq qatları,
Sim-sim olub bitib ruzu  otları,
Kəklik qırpıb ağzı şehə batırmı...

Səyyar könlüm nə tez düşdü atından
Dağ-daş çıxıb ayağımın yadından
 Birdən-birə çıxıb yerin qatından
Çay özünü daşdan-daşa  atırmı?

Ağac olum dağlar olsun yanımda
Bulaq suyu çilvələnsin qanımda
Dərmanları can qoymadı canımda
Bu apteklər zəhər alıb satırmı? -
Canım dağlar, səsim sizə çatırmı?...

Yaz, 2010 Bakı