Musa Yaqub. Qalıb

Fısdıq  koğuşunda arılar öldü,
Pətəksiz, cırsayaq meşəmiz qalıb.

Getdi insanlığın şirin cağları,
Arada şər-şeytan peşimiz qalıb.

Sınıq könlümüzü  kim yamayacaq –
Köksümüzdə qırıq şüşəmiz  qalıb.

Köhnə məktubların sətirlərində
Bir nöqtə məhəbbət güşəmiz qalıb.

Fərhad külüngündə eşqin gücü yox,
Düşüb başımıza  tişəmiz qalıb.

Ağır romanlardan can qurtarmışıq,
Bir-iki yazardan köşəmiz qalıb.

Çarıqdan qurtardı ayaqlarımız,
Boğaza keçilən kövşəmiz qalıb.

Sürüşüb düşmüşük dərə dibinə
Bizdən ucalarda  kirşəmiz qalıb.

Bu qəmlər içində kef də qurmuşuq
Şou dediyimiz nəşəmiz qalıb.

Yaz, 2010 Bakı