Elmar Şahmar. Bağışla

-
Bağışla

Səni sənə bağışladım,
                        məni mənə bağışla...
Min dəfə mən bağışladım,
                        bir dəfə sən bağışla...

Elə bil ki, sinəmdəki
                        ürəyim yox, nəyimdi,
Bir qüsurlu ürəyim var,
                        qüsuru sevməyimdi.

Unut, məni bu sevgidən
                        dönə-dönə bağışla...
Unutmasan, gəl başıma
                        dönə-dönə bağışla...

Səmaya bax, o gördüyüm
                        duman deyil, ahımdı,
Səni günahsız sevməyim
                        ən böyük günahımdı.

Ya sus, odlu gözlərinlə
                        dinə-dinə bağışla...
Ya da danış, eşq odundan
                        sönə-sönə bağışla...

Gücüm çatmaz tək daşıyam
                        həsrətinin yükünü,
Bağışlamaq böyüklükdür,
                        göstər böyüklüyünü.

Məni sənli xatirəli
                        aya, günə bağışla...
Nə qədər səhv eləsəm də,
                        yenə, yenə bağışla...

Səni sənə bağışladım,
                        məni mənə bağışla...
Min dəfə mən bağışladım,
                        bir dəfə sən bağışla..