Günel Şamilqızı. Lal tülkünün mahnısı

-

LAL TÜLKÜNÜN  MAHNISI

Evimin  küncündə  toz  yoxdur,  qonaq,
Mən  küncə  qısılıb  gözlədim  səni.
Bu  birdir,  bu  iki,  bu  üç,  bu  da  dörd
Ardını  saymağa  səslədim  səni.

Balaca  otaqlar  qatdı  başını
Bu  boyda  tələni  ev  bilib  gəzdin.
Malasız  divarda  daş  adamları
Bilmədən  söykənib  o  qədər  əzdin...

Kaş  Allah  mənə  də  dil  verəydi,  dil.
Deyəydim,  ay  yolçu,  adını  söylə,
Bilim  ki,  bir  ömür  kimi gözlədim?
Kimdir  gəlib  çıxan  bu  möcüzəylə?

Deyəydim,  ay  qərib,  yuxuna  qurban,
Ayıl,  bağrındakı  yaranı  bağla.
Mən  səni  ölməyə  çağırmamışam,
Yatma,  dirəyim  ol,  evimi  saxla.

Ömrümdə  bir  dəfə  tülkü  olmazdım
Sinəmdə  sızlayan  yalan  yeridir.
İndi  doğrunu  da  səssiz  deyirəm:
- Bura  qanadların  sınan  yeridir.

Hanı  mənim  səsim,  hanı,  İlahi?
Onu  səsləməkdən  batdı,  bilmədim.
Hanı  mənim  ruzum,  hanı,  İlahi?
Bu  yazıq  acından  yatdı,  bilmədim.

Bu  gün  qonağıma  nə  verə  bildim,
Sabah  ayılmağa  nə  gücü  olsun?
Mənim  stolumun  üç  ayağı  var,
Üçü  də  istəmir  dördüncü  olsun.

Bəlkə  yuxu  bildin  bu  qonaqlığı,
Bəlkə  də  unutdun  nə  dediyimi.
Xörəyi  nimçədə  soyuyan  durnam,
Ya  ac  qal,  ya  sındır  öz  dimdiyini.