Bu şeirlərə görə kitabı satışdan çıxarmaq olar? (Bəxtiyar Hidayətlə söhbət)

Bəxtiyar Hidayət

-


Bu günlərdə “Ağ qaranlıqlar” şeirlər toplusu  Bakıdakı “Akademiya” kitab mağazasında satışdan çıxarılmış yazar Bəxtiyar Hidayətlə müsahibə


-  Mağazadan mənə zəng vurub dedilər ki, biz bu kitabı sata bilmərik, gəlin aparın. Əsas kimi də onu göstərdilər ki, guya kitab dövlətçilik əleyhinədir. Mən onlara dedim, qazaxdanam, rayonda yaşayıram, nə vaxt yolum düşsə, gəlib götürərəm. Sonra fikirləşdim ki, yox, bu məsələni belə qoymaq olmaz, ictimailəşdirmək lazımdır. Ona görə də mətbuata xəbər verdim.

- Kitabı “Akademiya” kitab mağazasına kim təqdim etmişdi? "Akademiya" kitab mağazasının meneceri Nigar İsmayılova Azadlıq Radiosuna bildirib ki,  kitabda ayrı-ayrı məmurlar təhqir olunub...

- Özüm təqdim etmişdim, qaimə də mənim adımadır. Kitabı alanda baxmadılar, görünür, sonradan oxuyub bu qərarı veriblər.

Mənim kitabımda dövlətçilik əleyhinə heç nə yoxdur. Əksinə, dövlətçiliyin xeyrinə şeirlər daha çoxdur.  Sadəcə, şeirlərimdə hakimiyyəti sərt şəkildə tənqid etmişəm. Bu adamlar hakimiyyətlə dövlətçiliyin eyni şey olduğunu düşünürlər. Mən konkret adlar çəkmişəm, görünür, kitab mağazası bundan çəkinib. Məsələn,

Mən Elçibəyin vaxtında düşmənə güllə atdım
Heydərin vaxtında qəpiyə güllə atdım
Ilhamın vaxtında qolumu sındırdılar
Qolum boynumdan asılı
Boynum dar ağacı oldu qoluma.


(“Dar ağacı” şeirindən)

Bundan başqa, elə şeirlər var ki, kimsənin adı çəkilmir, amma görünür, mağaza sahibi bundan da qorxub. Məsələn, “Pələş üçün” şeirində deyirəm ki,

                   şahımız həm ölkə şahıdı
                           həm bölgə şahıdı
                           həm olimpiya allahıdı
                           həm növbəti şahlığa namizəddi
                           həm elmlər namizədidi
                           həm ingiliscəni su kimi içir
                           həm qanımızı su kimi içir

                             
Yaxud, ayı məsələsinə aid şeir yazmışam. Ağ canavar, delfin saxlayan məmurlar haqda olan şeiri oxuyanda söhbətin kimdən getdiyi təxmin edilə bilər. “Çolpalar” poemasından da şübhələnə bilərdilər. Orda deyirəm ki:
                        
                           sən yaxşı tanımırsan o çolpaları
                                hərəsinin var bir oxşarı
                                bir tomağalısı var ki
                                sanki başı taclıdır
                                və sanki ölkənin şahıdır
                                necə kəsim onu mən?
                                Bir saqqallısı var ki
                                lap bənzəyir şeyxə
                                kim qıyar elə bir şeyə
                                Bir neçə papışlısı var
                                şeytana papış tikən nazirlərdi sanki onlar.

                                o başı taclını da yaman dimdikləyillər
                                zalımlar özlərinə görə deyillər
                                Var bir dənə də yapon xoruzu
                                heç vədə kəsmərəm onu
                                o da yada salır yapon yeznəmizi
                                sən canın işə salma bizi
                                indi
                                yeznə, yeznə, yezdirim
                                vurum onu çezdirim?

Amma kitabda təkcə iqtidar yox, müxalifət də tənqid olunub.

                                 Biri də var ki boynuyoluqdu
                                 o qədər təpəsinə döyülüb ki yaman arıqdı
                                 o da yada salır müxalifəti
                                 zəqqum dadar onun əti


Ümumiyyətlə, mənə zəng vuranda təhqir haqqında bir kəlmə deməyiblər. Bizim nəslin yazı üslubuna, düşüncə tərzinə baxanda o kitabda təhqir yoxdur. Belə deyək, ünvanlı təhqir yoxdur.

Bəli, vulqar ifadələr yazmışam, amma bu, təhqir demək deyil. Bu adamlar ilk dəfədir ki, təcnislərdə, qoşmalarda, dodaqdəyməzlərdə sarkazmlar, hakimiyyətin tənqidini görürlər. Mən qəsdən, məqsədli şəkildə heç kimi təhqir etmərəm. Konkret hadisələrdən şeirlər yazmışam.

Məsələn, Facebookda yazmışdılar ki, mitinqlərin birində Fəzail Ağamalı krana çıxıb mitinqi ordan seyr edirmiş. Bu hadisə haqqında "Kran və pişik" şeiri yazmışam. (Şeirdə F.Ağamalı "pişik" adlandırılır - Oxu zalı).

...Xalq iqtidarın pişiyini
Ağaca da yox eey,
Krana dırmaşdırdı...


Yəqin bu məsələlər onları qıcıqlandırıb.

- Eyni münasibətlə başqa kitab mağazalarında üzləşməmisiniz ki?

- Yox, konkret olaraq mənə heç kim zəng vurub nəsə deməyib. Amma deməsələr də, soyuq münasibət hiss etmişəm. Kitabımı üzə qoymurlar, oxucu mağazaya girəndə mənim kitabımı görmür.

Məsələn, “Əli və Nino” mağazasında kitabımı görmədim. Hətta axtardım, tapa bilmədim. Bu mağazada kitabım satılmadığına görə Nigar Köçərliyə də iradımı şəxsən bildirmədim. Beş-altı ay ərzində cəmi 19 kitab satılıb.

Ümumiyyətlə, yerli müəlliflərin kitablarının göz qabağına qoyulmadığı təkcə mənimlə bağlı deyil. Yaxşı yerlərə rusdilli müəlliflərin kitabları qoyulur. Görünür, bazarda bizim kitablara tələbat yoxdur, ona görə bu münasibətlə üzləşirik.

- Şeirlərinizə görə rayonda, iş yerinizdə sizə hansısa təzyiq olunmayıb?

- Rayonda onsuz da kitab oxuyan yoxdur. On beş kitab satıldı, onu da alan dostlarımdır, adbaad bilirəm kim alıb. Mənim iş yerim Ağstafadadır, müəlliməm. Hələ ki hansısa şəkildə reaksiya verilməyib.

İkincisi də, mən o yolları çoxdan keçmişəm. İki dəfə işdən çıxarıblar, bərpa olunmuşam, həbsdə yatmışam. Amma hər halda müəyyən narahatlığım var. Amma şərt qoysalar ki, kitabdan imtina et, razı olmaram. İndi yuxarıdan bir zəng gəlsə, əlbəttə, işdən çıxara bilərlər. Onların əlində bu nədir ki...