Sədaqət Əliqızı. Adı il öyünən kişi... (Seçmə şeirlərdən)

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Sədaqət Əliqızı


BU GÜNDƏ DƏ

Bu gün də gerçəkləşmədi ümüdüm.
Daha bir arzumu dəfin etdim.
Arzular qəbirsitanlığıdır ürəyim,
Bu gün də dardı şəhərin küçələri,
                     Sıxır məni ruhum cismimi
                                               sıxdığı kimi.
Yanında dayandığım binanın,
               birinci mərtəbəsi, duyuram
                                 şən musiqi sədasını
Bir xoşbəxtin sevgilisinə
                                        etdiyi etirafını.
Çəkib ciyərlərimə payızın  rutubət
                qoxuyan havasını, gedirəm
Bu axşam da gecələyə biləcəyim 
                                       yerə tələsirəm.



SEVİRƏM DƏLİCƏSİNƏ

Ağır yağış yağır çöldə,
sərsəri ruhum bu gecə də 
                       Islanır  küçələrdə.
Yaşayıram yağmurlarda
                          Küləklərdə.
Daha sevgi axtarmıram
buza dönmüş ürəklərdə.
Gecənin nəm çəkmiş kiprikləri
                                     ağırlaşır.
Buludların yaşı axır 
               göz yaşlarıma  qarışır
Oturub üz-üzə nəfəs-nəfəsə,
Yağmurlarla dərdləşirəm 
                                  səssizcə.
Mən yağmurları sevirəm,
                                   dəlicəsinə.


İNSAN  ÖMÜRLƏRİNİ

Dostum, yaman qorxudur 
                  dünyanın işləri məni
Yoxa çıxıb sevənlərin gözündəki 
                               xoşbəxtlikləri
Gərəksizləşib körpə gülüşləri,
Ucuzlaşıb insan ömrünün dəyəri...
Qorxuram öləndə ağlayan
                             Olmasın məni,
                     Odur ki yas qurmaq 
O ki var ağlamaq istəyirəm özümü.
Bütün dəyərsizləşmiş insan ömürlərini.


O ADDIMLAYIR

O adımlayır boş küçələri 
                         tələsmədən.
İllər öncə keçmişdi 
Tələsəcəyi yeri görmədən
Nəyi vardı itirmişdi
                    elə  birdən.
İtirmək istədiyi şeyi 
              Itirə  bilmirdi  istəsə də.
Çünki  dükanların ən cazibəli,
Vitrinlərində düzürdülər onu həmişə.
                         O bir şüşənin içi qədər
                               cənnət bağışlayırdı ona.
Sonra cəhənnəm alardı ağuşuna.
Təzədən əli şüşəyə yetənə  qədər.


ADI İLƏ ÖYÜNƏN KİŞİ

Xor gördün qadını,
               Zəkasını, işini.
Qorxu üstündə qurdun hakimiyyətini,
                              özünə  güvənməyən kişi.
İllərlə əydin sındıra
                           bilmədin,
Görəndə səndən güclüdür,
                                   çıldırdın.
Hər zaman itirməkdən qorxdun,
                          Özün itərsən deyə
Dəymədin sevgisinə,
Adına qadın desən də.
Çəkdirdin ona çilə,
Sevinci qramla  verdin ,
Kədəri batman ilə.
Öldürmədin əllərinlə,
“Öldürdün sevginlə”
Adı il öyünən kişi.