Xeyransa

-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Yeganə Kərimzadə


XEYRANSA


O  gecə  Xeyransa  öldü. Səhər  qapım  döyüldü,  qonşu   Minəxanım  həmişəki  kimi    xələtinin  açıq  yaxasını  əli  ilə  tutub,  üzümə   baxır,  yenə  də  qara  rəngə  boyanmış   pirpız  saçlarının  arasından  boylanan   nazik  uzun  sifətindən  mənasız-mənasız  boylanan  xırda  gözləri   bir  nöqtəyə   zillənib,  dodaqları  rabitəsiz  sözləri  pıçıldadı:- “Bilirsən, hardan  başlayım  bilmirəm,  səhər  Rasim  məni  oyatdı  ki, …hə  axşam  xəbərin   oldu  da  həyətdəki   tut  ağacı  şaqqalandı  axı…

Həyətə  ötəri  nəzər  saldım, tut  ağacı  doğurdan  da  yoxuydu,  onsuzda  o  ağacın  xeyrindən  çox,  ziyanı  vardı. Yayda  həyət  qan  rənginə  bayanardı,  uşaqların  əlləri  qap-qara  olardı  tut  yeməkdən,  xəzəli  bir  yandan  nəsə  bir  sürü  əziyyət,  görəsən  Minaxanım  bunamı  görə  gəlmişdi? – Canın  sağ  olsun,-dedim.

Qadın  mənə :-sağ  ol,-deyib,  sözünün  gerisini  gətirdi.

-Axşam  tut  şaqqalananda  Rasim  dedi  ki,  ay  Minəxanım,  Xeyransa  daha  yaşamaz,  ölər…

-Niyə?

-Bilirsən  də  Xeyransa  o  tut  ağacıynan  yaşıd  idi  axı…

Özümdən  asılı  olmadan  bağırdım:-Nə  olsun,  ağac  qırılıbsa, Xeyransa  niyə  ölməlidi,  bu  nə  danışıqdı,  nə  demək  istəyirsən?!

-Hirslənmə  bacı, Xeyransa  doğurdan  da  öldü!..  Səhər  hamamlanıb, sonra  çıxıb  həyətə…  elə səkidə  oturduğu  yerdəcə…

Birdən-birə  -məməəə…  deyib,  evdən  çıxdığım  yadımdaydı. Xeyransanın  evinə  girəndə  qarının   üzünü    örtüb,  ətrafına  yığışıb,  ağlayan  qonşu  arvadları  gördüm.  Onlar  məni  görcək  səslərini  bir  az  da  ucaltdılar. Mən  Xeyransanın   doqquz  uşağından   sağ  qalan  yeganə  qızının  nəvəsi,  onunsa  nəticəsiydim. Mənim  oğlum  ona  artıq  yad  olan  kötücəsi  olsa  da  Xeyransa   onu  çox  sevərdi,  ona  evim-eşiyim,  dudu-dumanım,  girdavoy  balam,-deyərdi.

Xeyransanın  yaşı  yəqin  ki,  yüzu  çoxdan  haqlamışdı.  Qohum-əqrabasından  heç  kim  qalmamışdı. Nənəm  dünyasını  dəyişəndə   Xeyransa  başına  döyə-döyə  xırda  gözlərinin  suyunu  sıxıb,  daha  mən  də  öldüm!-dedi. Nənəm  anasından  cəmi-cümlətanı  on  beş  yaş  kiçik  idi  ondan  sonra  səkkiz  uşaq  doğsa  da  heç  biri  sağ  qalmamışdı,  elə  körpə  yaşındaca  ölmüşdülər. Nənəm  anasının  yanından  ötüb  keçəndə  arvad  öz  qızının  arxasıycan  baxıb,-başyeyən-deyərdi. Qonum-qonşu  artıq  buna  alışmışdılar,  bilirdilər  ki,  arvad  belə  desə  də  artıq  özü  nənə  olan  bircə  qızını  çox  sevir.

Xeyransa   yeddi  oğuldan  sonra  yeddi  qurbanla   doğulan  qız  imiş.  Atası  neftxuda  olsa  da  sovetlər  gələndə  heç  bir  yerə  qaçmamışdı. Mədənləri  sovetlərə  könüllü  verib,  yeddi  oğlunu  bir  qızını  yanına  alıb,  şəhərin  mərkəzindəki  mülkünə  razılıqla  köçmüşdü.  Kişi  düşünmüşdü  ki,  yəqin  ki,  ondan  əl  çəkərlər.  Amma  elə  olmadı…  Qızıl  orduyla  birgə  şəhərə  girən  ermənilər,  sanki  and  içmişdilər ki,  Bakıda  bir  başıpapaqlı  qoymayacaqlar. Qoydular  ki,  evlərə  girib,  elə  ordaca  camaatı  qanına  qəltan  elədilər. Xeyransa  evin  sonbeşiyi  idi.  Sovetlər  gəlməmişdən  bir  az  əvvəl  doğulmuşdu.

Bakıdakı  mülklərində  hay-küy  düşmüşdü. Şəhərin  ən  adlı-sanlı  həkimi  xanıma  baxmağa  gəlmişdi.  Neftxuda   evdə  çalışanlara,  qonum-qonşuya  qızıl  pullar  bağışlamışdı. Qurbanlar  kəsilib,  qazanlar  asılmışdı.  Bəziləri  ağanın  bu  halına  arxada  gülsələr  də   üzdə  büruzə  verməmişdilər. Çoxu,-ağa  deyəsən  qocalıb,  ağlı  çaşıb, desələr  də  bilmirdilər  ki,  bu  onların  xoş  günlərinin  son  şənliyi   olacaq.  Elə  onda  da  Ağa   dövrələmə  həyətin   tən  ortasında  tut  şivi  basdıra-basdıra   demişdi  ki, “səni  görüm  yüz  yaşayasan,  qızım  da  sənən  birgə”…   Bütün  olanları  Xeyransa  görməmişdi,  eşitmişdi.  Qundaqda   olan  körpə  nə  bilə  bilərdi  ki…

Xeyransanın   atasını,  qardaşlarını  sovetlər  gecənin  birində  qənşərlərinə  salıb,  harasa  apardılar. Elə  o  gedən  oldular.  Mülklərini  də  sovetlər  anasının  əlıindən  alıb,  ona  körpə  qızıyla   balaca ,  qulluqçular  üçün  ayyrılan   otaqlardan  birini  verib, - sevin  ki,  bunu  da  veririk! -dedilər. Gözünün  qabağında   mülkünü  parça-parça  bölüb,  erməniyə  rusa  pay-puş  etdilər. Gözündə  deyildi, var-dövlət  gəldi,  gedərdi   yeddi  oğul,  Ağa  kimi  kişidən  sonra  bunlar  nəyinə  lazımdı  ki?  Onu  yandıran  başqa  məsələ  idi; vaxtıilə  uşaqlarının  səsiylə   aşıb-daşan  mülkündə  indi  rus  gədələriylə  erməni  qızlarının  kef  məslisləri  qurulur,  yarıçılpaq  qadınlar  döymə  naxışlı  sürahili  eyvanlarda   sovet   əsgərləriylə  birgə   qonum  qonşuya  məhəl  qoymadan   bir-birinə  sarılır,  işlərini  görəndən  sonra   açıq  şalvarlarının   qabağını  islada-islada   üçüncü  mərtəbədən  düz  onlar  qalan  otağın  qənşərinə  sidik  buraxır,  sonra  şaqqanaq  çəkib,  gülürdülər.  Hər  dəfəsində  də  - burjuyskaya  blyad,-deyib,  tüpürəni   də  olurdu. Hara  gedəydi,  kimə  deyəydi? Bu  qız  da  olmasaydı  bircə  gün  belə  yaşamazdı.  Qız  isə   dünyadan  xəbərsiz  böyüyürdü. Özünü  tanıyıb,   əli  qələm  tutanda  bildi  ki,  bir  otağına  sığındığı   bu  mülk   onların  olub,  yazmadığı   yer  qoymadı.  Axırda  onun  səsini   eşidən  tapıldı.  Xeyransanı   anası  ilə  birgə   yuxarı  mərtəbəyə  qaldırıb,  üç   otaqlı  mənzil  ayırdılar.  Həmin  gün  qızın  uçmağa  qanadı  yoxuydu.  Anası  isə  artıq  zəif  görən  gözlərilə   qızına  baxıb,  fərəhlənirdi.  Az  müddət  sonra  evi  onlara  geri  verən  komissar  Cəfər  qıza  elçi  göndərdi.  Əvvəl  anası  razılaşmaq  istəməsə  də  Xeyransa  anasını  yola  gətirdi:-Məmə,  bizim  seçmək  hüququmuz  əlimizdən  alınıb,  başqası  bu  qapını  döyməyəcək,  hamı  mənə  kulak  qızı  deyir.

-Xeyrənsə,  qızım  o  Cəfərin  atası,  atovun  faytonçusu  olub,  məni  yandıran  da  budu…

-Ay  mə…  görürsən,  yenə  də  çörək  itirmir,  yenə  də  sağ  olsun…

-Nə   deyirəm,  onsuzda  başqa  yol  yoxdu.  Mən  də  deyirəm,  niyə  evi  dəyişdi,  sən  demə  qara  gədənin  dərdi  varmış…

-Ay  mə…

Cəfər  pis  adam  olmadı.  Qızdan   on  beş  yaş  böyük  olmasına  baxmayaraq,  hər  onu  görəndə  ayaqları,  əlləri  əsirdi.  Axır  ki,  evlənəndən   bir  il  keçəndən  sonra  Xeyransa   öz  sözünü  ona  dedi:- Ay,  Cəfər…  sənə  nə  olub  ey,  əllərün  nöş  əsirrr?

-Rəhmətliyin  qızı,  hər  səni  görəndə  elə  bilirəm  dədən  gözümün  içinə  baxıb,  mənə  deyir  ki,  “ ay  dəyyuss,  sən  mənim  qızımın  tayısan?”- deyə  astadan  Xeyransanın  qulağına  pıçıldamışdı.

-Ağamı  yaxından  görmüşdünnn?

-Sussss…

Xeyransa  onda  hiss etmişdi  ki,  kişisi   onu  çox  sevir,  ailəsinə  hörmət  qoyur,  elə  o  səbəbdən  də   hər  hərəkətinə,  söhbətinə  fikir  verirdi  ki,  Cəfərin  başını  aşağı  eləməsin. Hər  dəfə  kişisinin  ayağını  suya  qoymaq  istəyəndə,  o   çəkinər   arvadını  yaxın  qoymasa  da  Xeyransa  bu  işdən  zövq  alar,  kişisi   isə  pıçıldayardı:- sən  xanımsan  eyyy,  rəiyyət  ayağı  yumaq  sənlik  deyil…

-Sus,  ayağıvu  bura  uzat,  sən  mənim  ərimsən.

Doğulub,  basdırılan  uşaqların  acısı  Xeyransanı   yandırsa  da  əri  onu  üzməzdi,  əksinə  daha  çox  əzizləyər  könlünü  ovudardı.  Böyük  qızından  sonra  səkkiz  uşaq  itirdi  Xeyransa. Qızı  isə  onunla  birgə  böyüdü . Əri  anasını  ana  kimi  istər,  hörmətini  tutardı,  arvad  isə   hər  gün  artıq  rəngini   itirmiş   naxışlı   eyvana  söykənib,  oturar   zəif  görən  gözlərini   mülkün   giriş  qapısına  dikərdi.  Yəqin  ki,  yeddi  oğlunun  ərinin  yolunu  gözləyirdi  yazıq  arvad.  Hərdən  də   həyətdəki  yeganə  tut  ağacına  baxıb,-  Ağəz,  Xeyrənsə   sən  Allah  ağaca  bax  e,  gör  necə  də  böyüyüb…  Ağəz,  Cəfərə  de  dəə,  qoy  bir  sorağlaşsın,  görsün   qərdeşlərin, atan  hardadı?  Kiçik  Ağamirzənin  iyi  burnuma  gəlir…  Böyük  balam  Məhəmməd  evlənsəydi…  Həsən…  Atam,  atam,  canım  balalarım…

-Ay  mə…

Arvad  balalarım  deyə-deyə  gözü  açıq,  əlləri  qapıya  sarı  uzanılı  vəziyyətdə  canını  tapşırdı…

Elə  həmin  gün  də  Fin  müharibəsi  başladı.  Cəfər  də  müharibəyə  getdi.  Xeyransa   fabrikdə  işə  düzəldi   bir  balasını  böyütməliydi.  Otağın  birini  kirayə  verdi.  Birtəhər  dolanışığını   qaydasına  saldı.  ərindən  də  bir  az   qızıl   pul  qalmışdı,  pulu  az-az  xərcləsə  də  qızılları   qızına  saxlayırdı,  dünyanın  işini   bilməkmi  olardı. Dünya  fırlanırdı,  zaman  qaçırdı,  qız  da  böyüdü,  ərə  getdi   amma  uzağa  getmədi,  anasının  yanında  qaldı.  Onun  da  bir  qızı  oldu,  o  da  böyüdü,  oxudu  ərə  getdi,  onun  da  bir  qızı  oldu   o  qız  mən  idim   oxudum,  anamı,  nənəmi  itirdim,  amma  Xeyransa  yaşayırdı  mən  onun  nəticəsi  idim,  elçilərim  onun  yanına  gəldi.  Xeyransa  bir  elçilərə  baxdı,  bir  də  mənə:-Ağəz, deyirsən  yaxçu  adamdı?

Başımı  aşağı  diksəm  də  sakitcə  pıçıldadım:-ay  məə…

-Nədü,  ağəz  hara  baxıram  uğrəş,  gütvərəndi    özümə  də  şəkki-şübhəm  var…

-Ay  məə…

Nəsə,  Xeyransa  məni  də  ərə  verdi,  təhsilimi  başa  vurmuşdum,  müəlliməydim.  Oğlum  dünyaya  gələndə  isə   Xeyransa  məndən  çox  sevinmişdi.  –Ağəz,  axır  ki,  axır  ki…

-Nə  ay  mə?

-Day  hər  şey  yaxçı   olacaq,  bilirsən  nöşün,  bilməzsən,  hardan  biləsən,  yeddi  qərdeşimdən  sonra  yeddi  qurbannan  doğulsam  da  ayağım  ağır  oldu,  Nikolay  köpəyoğlunu,  Lenin  köpəyoğlu  yıxdı  elə  onnan  da  bizim  evimiz  yıxıldı.  Neftxuda  qızıydım,  faytonçu  arvadı  oldum,  səkkiz  uşaq  basdırdım , bir  qız  balam  qalmışdı  onu  da  Allah  aldı.  Qurban  kəsin,  toxumumuz  dəyişdi,  oğlan  gəldi,  oğlan! Day  hər  şey  yaxçı  olacaq,  inanmırsan? Bax,  bax,  isəyirsən   bu  tut  ağacından  soruş,  mənnən  yaşıddı.

-Ay  mə,  ağac  danışar?



-Sən  bilməzsən,  danışar… Mən  daşa  dönmüş  danışıramsa,  ağac  da  danışar…

Kəsilən  qurbanlığı  tut  ağacından  asmışdılar,  budaqlar  dözməyib,  qırılanda  Xeyransa  heyfsilənsə  də  dinmədi. Hələ  zarafat  da  etdi  ki,-bunun  vaxtı  çoxdan  çatıb,  kəsib  atmaq  lazımdı. Qonşu  arvadlar  hay-küy  saldılar  ki, - paltar  asmaq  üçün   ipin  bir  ucunu  hara  bağlayaq  pec…

Xeyransa  başını  buladı,   dörd  bucaq  şəklində   tikilmiş  həyətə  diqqətlə  baxdı,  baxdı:- Dünya  durduqca  görüm  Lenin  oğraşa   üstünü  örtməyə  torpaq  tapılmasın,-dedi.

Bu  vaxt   qapı  qonşum,  Minəxanım   üçüncü  mərtəbədən   aşağı  baxıb,  qışqırdı:-  Ay,  Sona  xanım,  Xeyransa  xaladan  soruş  gör  atasının  adı  Ağaydı,  neft  maqnatı  Ağa?..

Məhlənin  giriş  qapısına  sarı  asta-asta  gedən  Xeyransa  uşaq  cəldliyi  ilə  qəfildən  çevrilib,- necə  bəgəm?-dedi.

-Gözün  aydın,  televizorda  göstərdilər,  tikdirdiyi  evləri  göstərəndə  bizim  də  evi  çöldən  çəkmişdilər  elə  gözəl  görsənirdi …

-Qərdeşderim,  qərdeşdərim…  onlardan  bir  söz  demədilər  ki?..

-Hamısını  güllələyiblər…

Xeyransa  bir  an  dayandı, sonra  asta-asta  pillələri  qalxmağa  başladı,  pillə  üstündəki  qonşular  ona  yol  verir,  vaxtıilə  yanından  düz  keçənlər  indi  onu  qucaqlayıb,  öpürdülər.  O  gün  ağlıma  belə  gəlməzdi  ki,  Xeyransa  bu  pillələri  sonuncu  dəfə   qalxır.  O   yuxarı  çatıb,  əllərini  arxasında  çarpazlayıb,  başını  dik  tutaraq  xeyli  müddət  yuxarıdan   bir  zamanlar  onun   ailəsinə  məxsus  olmuş  mülkə  baxdı,  baxdı  sonra  öz  balaca  otağına  çəkildi.  O  anlarda   onun  qəlbindən  keçənləri  duymaya  bilməzdim,  axı  mənim  də  damarlarımda  onun  qanı  axırdı. Onunla  birgə  mən  də  bu  gün  qürür  duyurdum. Bu  gün  bu  mülk  sevinirdi,  manqallar   həyətin  ortasında  qalanmışdı,  həyat  yoldaşım  hamını  səsləyirdi:- Ay  camaat,  gəlin,  hərəyə  bir  tikə  də  olsa  gəlin  bir  yerdə  yeyək!

Uşaqların  səsi  aləmi  götürmüşdü,  qadınlar  ərlərinə  qoşulub,  həyətə  enirdi.  Xeyransa   taxtının  üstə  oturub,  təsbehlə  zikr  edirdi.

-Ay   mə,  gözümüz  aydın…

-Aydınlıq  içində,  qızım…

-Axır  ki,  haqq  yerini  aldı…

-Onları  güllələyiblərmiş…

-Zamanə  eləydi…

-İndi  nə  dəyişib?

-Zamanə…

-Deyirəm,  ağamın   neft  payından  süzə   verərlər?..

-İstəmirəm  ay  mə…

-Nöşün?

-Ağan  adi  adam  osaydı,  sən  bu  qədər  çəkərdinmi?

-Yox!

-Elə  ona  görə  də  istəmirəm  ay  mə…  İnsan  kimi,  bir  tikə  çörəyimiz  olsa  bəsimizdi.

-Ağıllasan,  amma  qismət,  bura  nə  yazılıbsa  odu…

Xeyransa  əlini  alnına  dayamışdı,  yaşadıqlarını  yenidənmi  yaşayırdı? Sakitcə   ulu  babamdan  qalan   yeni  təmirdən  çıxan  evimə  keçdim,  qundaqdakı  oğlum  ağlayırdı  yemək  vaxtıydı. Uşağı   yedirdib,  yuxuya  getmişdim,   qapının  səsinə  oyandım.  Artıq  səhər  açılmışdı,  həyat  yoldaşım   gözümə  dəymədi,  axı    bazar  günüydü,   görəsən  hara  gedib? Qapı  döyülürdü.  Uşaq  oyandı. Qapı  döyülürdü. –Xeyransa  öldü! Öldü!

Mənə  elə  gəlirdi  ki,  o  heç  bir  zaman  ölməyəcək,  məni  tək  qoymayacaq  axı  o  Xeyransa  idi, amma  o  öldü! Gecə  isə  tut  ağacı  ölmüşdü…

1 aprel   2012-ci il