Bayramın ikinci günü

-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən


Narıngül
                      

Bayramın ikinci günü 



O, mənim həyatıma elə anda daxil olub ki, tərpənməyə belə imkanım qalmayıb. Başqasıyla evlənməyimizə  sayılı günlər qalmış, polad sədd  olub  dayanıb gözlərimin qarşısında. Çağırılmamış qonaq kimi əndişə, qəfil əsən ruzgar kimi çaşqınlıq gətirib özüylə. Yolun ortasında  haqlayıb məni. Ağıllı rəfiqəm deyir ki, bu bir  qəzadır, sənə tuş gəlib, çıxa bilməyəcəksən. Mən isə bir ilğım hesab etmişəm. Əvvəllər düşünürdüm ki, hər şey ötüb keçəcək. “Həll olunmayan heç nə yoxdur. Təki qadının başı boş olmasın, qalanı asandır”-   ağıllı rəfiqəm belə deyir.

Rəfiqəmdən məsləhətlər almağım  artıq gecdir. Ancaq eyni yerdə çalışdığımızdan, həm də, eyni binada yaşadığımızdan  o, məni daima izləyir,”nəzarətdə” saxlayır. Bir də görürsən hansısa rəsmi bir tədbirdə gözlərini zilləyir üzümə,  haldan –hala düşdüyümü görür, əməlli başlı “oxuyur” məni. Sonra başlayır nəql etməyə. Üz-gözünü turşudub, ittiham edirmiş kimi: “Bu gün əməlli- başlı kövrəlmisən,”-  deyir. Deyim ki,  rəfiqəm  belə şeylərdə həssas və dəqiqdir.

Çıxışçılar elan edilərkən, adını  eşidən kimi, ağlamaq istəyirəm. Mənə nə var ki, ağlamaq ovcumun içindədir. İllah da ki,  onun adını eşidəm. Baxmayaraq ki, o boyda mötəbər adamlarla əyləşmişəm. O adamlarla bir-birimizin gözünün içinə baxaraq siyasətdən, dünyanın böyüklüyündən, tolerantlıqdan, nə bilim daha  nələrdən danışırıq. Heç birimiz də ürəyimizdə inanmırıq danışılanlara. Xarici qonaqlara xüsusi diqqət göstərir, diplomatik görünmək istəyirik. Tədbirin tempini aşağı salmaq yaramaz!  Heç bir səhvə yol vermək olmaz! Şirkət  rəhbərimiz belə tapşırıb. Hamımız həyəcanlı  görünürük. Onunla eyni adı daşıyan çıxışçı odlu-alovlu danışır. Mən hələ də onun adının üstündə gəzişirəm. Artıq buralardan çox uzaqdayam. Özümü güclə saxlamışam. Elə hesab edirəm ki,  məni burada heç kim görmür. Uzun sürən tədbirlər boyunca dəyirmi stolların ətrafında oturaraq, bir- birini müşaiyyət etmək heç də  xoşa gələn deyil. Nəzərlərimi bir nöqtəyə zilləyib burdakıların  diqqətini özümdən kənarlaşdırmağa çalışıram. Adı onun adından olan çıxışçı şövqə gəlib, durmadan nitqini uzadır.  Masanın üzərindəki telefon  titrəyir. Midhəd   zəng edir. Əlimi atıb telefonu söndürürəm.

Mən çıxışımı  mümkün qədər qısa etməyə çalışıram. Nə danışdığımı özüm də bilmirəm. İmkan qədər qlobal və çətin anlaşılan peşə terminlərindən istifadə edir, bir az da kreativ görünmək istəyirəm. Aradabir zala göz gəzdirirəm. Rəhbərimiz üzümə gülümsünür, razılıqla başını tərpədir. Rahatlanıram. Foyedə şəkil çəkdirənlərin arasından  sivişib alt mərtəbəyə enirəm. Midhədi yığıram.

Midhəd nişanlımdır. Daha doğrusu, evli hesab oluna da  bilərik. Bir addım yolumuz qalıb evliliyə. Zaqs şöbəsində qeydiyyatdan   keçmişik. Düz bir aydan sonra toyumuz olacaq.  Şöbənin qızları deyirlər ki, dünyanı çözələyib-çözələyib, ağıllı oğlan tapmısan özünə. Hər şeyi maliyyəyə bağlayan, gəlirini gözüyumulu hesablayan  çöbə müdirimiz isə əlavə edir  ki, lotereyana maşın düşüb.  Daha nə lazımdır, ailəcanlı, mədəni , savadlı! Get, kef elə!  “Bax, bu əsl  qadın xoşbəxtliyidir”, - deyirlər hamısı. Mənimsə xoşbəxtlik haqqında öz mülahizələrim var. Ürəyimdə: ”Xoşbəxtlik deyil, sadəcə gələcək həyatımın təminatı, rahatlığıdır, bu”- deyə düşünürəm.  Əvvəllər  yaman  fərəhlənirdim onların, bu resenziyasından, gizlincə forslanır, çoxlu xəyallar qururdum.  Xoşbəxt olmağa həmişə can atmışam, özümü dərk edəndən bacardığım şəkildə, eninə -uzununa  mübarizələr  aparmışam. Əvəzində rahatlıq tapmışam. Ağıllı rəfiqəm deyir  ki, çoxu həsəd aparır sənə. Amma  sən bunların  tərifləməklərinə baxma, istəməyənlər, paxıllıq  çəkənlər də az deyil. 

Məhz belə bir məqamda, mən artıq başqa bir istəyin, nağıllarda deyildiyi kimi, “dəli bir sevda”nın ardınca düşmüşəm.

Midhəd və onunla bağlı xəyallarım gözümdən düşüb itmək üzrədir. Artıq  inadla qəlbimdə  bir başqasını yaradıram, hansısa  gözəgörünməz bir  qüvvə  israrla məni ona doğru çəkir.  Həyatımın bir parçasına çevrilib, o. Ağıllı rəfiqəm deyir ki,  işin tərsliyi, bəxt deyilən gözəgörünməz məvhumun gətirməməzliyidir, bu! Yaxalayıb səni!  
Onunla  təsadüf nəticəsində, uzaq bir yerdə rastlaşmışıq. Əvvəl dost kimi yaxınlaşmışıq, bir-birimizə. Ağlımız heç nə gəlməyib. Bir neçə gün birlikdə gəzib - dolaşmış, sonra hərəmiz öz vətənimizə dönmüşük. Qayıtdıqdan sonra telefonla, ya da internet vasitəsilə bir-birimizlə əlaqə saxlamışıq. Özümüz də hiss etmədən, bu əlaqə get-gedə güclənib, ayrılmaz hala gəlib. Artıq bir-birimizin səsini eşidib, hənirini duymasaq qala bilmirik. Düz beş aydır, onunla səhəri bir açır, axşamı bir qarşılayırıq. Eyni anda şənlənir, eyni anda kədərlənirik. Ruhumuz tapışıb, birləşib, biz də ruhumuzun ardınca düşmüşük. Bu əlaqə kəsilsə, hər ikimiz dəli ola bilərik  Aramızda altşüurdan, yaddaşın hansısa qatlarından axıb gələn mistik  bir  istək var. Bu  istək ona  haradan gəlib, bilmirəm. Amma mən öz istəyimin haradan gəldiyini dərk edirəm.  Bu, mənim  uşaqlıq illərimdən, qadınlıq hisslərimin  yenicə oyandığı vaxtlar  uzaqdan -  uzağa, bir göz qırpımında  vurulduğum  sonra da eləcə sürətlə  unutduğum  kişilərdən, uğurlu-uğursuz eşqimdən,  çatmadığım arzularımdan, dəli həsrətlərdən  süzülüb gələn istəkdir.  Bu, yekundur, nəticədir! Sən demə, ürək istədiklərini, yerinə yetirilməyən arzularının hamısını  lentə alır, zaman keçsə də,  öz “doyumsuzluğunu” saxlayıb  əvəzini çıxırmış.

O, tez-tez: - “Hər şeyi aç, nişanlına söylə, boşan! ”, - deyir.

Mən də bu barədə çox götür - qoy edirəm. Ancaq bir qərar verə  bilmirəm. Yalnız bunu bilirəm ki, onun səsini eşidən  kimi, sevgimi aləmə car çəkmək istəyirəm. Ağlımın bir küncündə Midhədi  qoruyub saxlasam da,  bədənim, qadın ehtirasım ona  tərəf  tüğyan edir.  Mən onunla olanda dünyanın ən xoşbəxt qadını oluram,  bütün qadınları mənə həsəd apara bilər. Başa düşürəm ki, mənim nişanlım  buna layiq deyil. Ona qarşı insafsızlıqdır, bu.  Amma yolum yoxdur. Ürəyimi məcbur edə bilmirəm. Bir sözlə, onsuz olmur!

Ağıllı rəfiqəm deyir ki, ötəri hissdir,  keçib gedəcək. Hamıda olur. Bir az  dözsən, ağıllanacaq, öz düzənli həyatını əldən verməyəcəksən. Əslində, rəfiqəmin  işlətdiyi “ağıllanacaqsan” sözü “onu atacaqsan” anlamını verir.

Özümə söz verirəm:  “Ağıllı rəfiqəmə sübut edəcəyəm  ki, bu ötəri hiss deyil. Həm də, mən hamı kimi deyiləm, tamam başqayam. İnsanlara eyni cür yanaşmaq olmaz”.Sübut edəcəyəm. Olanlar azmış kimi onunla da mübarizə aparıram...
Midhəd əyninə ağ köynək geyinib, uzaqdan küçədəki adamlardan seçilir Səkinin o üzündə dayanıb  məni gözləyir. Görən kimi əl edir. Kənardan baxanlar üçün necə də xoşbəxt görünürük. Heyf ki, yanılırlar. Küçədəki adamlar gözləriylə  bizi izləyirlər. Ətrafdakılar sevgi, xoşbəxtlik yığmaq istəyirlər bizdən.  Təkcə mən bilirəm ki,  biz indi bir burulağanın üzəri ilə irəliləyirik. Elə hey ürəyimdə təkrarlayıram: demək lazımdır Midhədə.   Nişanlım iri, isti əlləriylə əlimdən yapışır. Əvvəllər əlimdən yapışanda bütün bədənim titrəyirdi.  İndi isə bir bəhanəylə əlimi çəkmək istəyirəm.               Bildirir ki, təzə evin sənədlərini almağa  gedirik.O cidd-cəhdlə  gələcək həyatımızın planlarını cızır. İstəyir ki, hər şey rahat olsun. Yalandan gülümsünürəm. Deyəsən, üz cizgilərim mənə tabe olmur. Gizli  bir instinqlə qurulu sahmanı, düzəni əldən vermək istəmir.
Təzə evin qapıçısı üzümüzə gülümsəyir, kişilərin  hər ikisi  ehtiramla məni  irəli verirlər. Gözətçi bilmir ki, bu saat  Həvvadan bu yana nə qədər xəyanətkar qadın varsa, onların simasını  özümdə cəmləmişəm. İlk addımda ərimə xəyanət edirəm. Hələ təzə qurulacaq evin astanasındaca. Kim bilir, bəlkə  xəyanətkar qadın kimi heykəlimi də ucaldacaqlar küçədə.

Təzə evi nəzərdən keçirirəm, şövqlə danışan nişanlımı süzürəm. Qüssələnirəm.  “Doğrudan, çox gözəl evdir. Sən burda xoşbəxt olacaqsan, Midhəd. Məndən də gözəl, ağıllı qızla evlənəcəksən. O qədər dərdindən ölən var ki.  Sən buna layiqsən”. Mən heç...Hər nə edirəmsə,  ağlımdan çıxmır, o. Bilirəm ki, bu dəqiqə monitorun qarşısında əyləşib  məni gözləyir,  məni düşünür. Bəlkə də, aramızda olan uzaqlığı, sonu görünməyən məsafəni çözməyə çalışır. Mən orda olmayanda uzun məktublar yazıb qoyur, sonra oxumaq üçün.. Artıq öyrəşmişik məktublaşmağa.  Bircə bu uzaqlıq olmasaydı, üzünü görə bilsəydim, əllərinə toxunsaydım. Doğrudur, tez-tez  monitorda şəklini  görürəm, səsini eşidirəm. Ancaq reallıq başqa şeydir. Çox darıxıram. Üzülb getmişəm.

Evə qayıtmaq istəyirəm. Midhətə  bildirirəm ki, başım ağriırır. Həmişəki kimi razılaşır. Nişanlım həmişə mənə qarşı  humanist olub.

Evə çatan kimi monitorun qarşısına keçirəm. Hiss edirəm ki, darıxıb mənimçün.

- Hardaydın bütün günü, darıxmaqdan öldüm...

- Bilirəm.

- Açıb hər şeyi deməlisən.

Yazıq-yazıq udqunuram

- Bilirəm.

- Məni sevirsənmi?

- Çox, dünyalar qədər...

- Mən də! Sənsiz ölürəm.  Həyatım, ruhum, qadınım! 

- Canım, varlığım, dəlim...

Dünyanın ən dadlı sözlərini söyləyirik bir-birimizə.

Birdən-birə isinir hər yer, çiçəklər açır dünyada.

Onunla danışarkan saxta və mühafizəkar qadınlıq  duyğularından tamamilə kənar oluram. Qadın kimi hər istəyimi etiraf edə bilirəm. Halbuki, daxili bir senzura və qorxaqlıq həmişə qarşımda sədd kimi dayanıb.

O,  məni sevgiylə imtahana çəkir, anladır, inandırır, özünü sevdirir, dəli edir. Özünə bağladıqdan, geri çəkilməyə bir addım belə yer qoymadıqdan sonra  inad edir ki, sən,  çətin, bəlkə də, səhv  yoldasan. “Sən mücadilə yolundasan – deyir- xoşbəxt olmaq istəyirsən,  amma unutma ki, bu tərəf qaranlıqdır. Hər an tək qala, həyatını bütün mənasında uduza bilərsən”. O, işarə vurur, bəzi şeyləri üstüörtülü şəkildə mənə anladır, məndən nigaran qalır. Onu başa düşürəm. Öz işinin mahiyyətini  açıb söyləməsə də, hansısa bir  təşkilata üzv olduğundan xəbərim var.  Bilirəm ki, bu təşkilat,  siyasi arenada həm də, hakimiyyətə qarşı  mübarizə xətti kimi qəbul edilir. Bir səhv üzündən həbs oluna bilər. “Bizim yolumuz haqqdır,  araya bəzi qüvvələr daxil olub,-  deyə məni başa salmağa çalışır - biz mücadilə aparacaq, hər şeyi yoluna qoyacağıq, bizi anlayacaqlar! ” Belə anlarda mən bir az üşənirəm. Onunçün qorxuram. Bu yolun təhlükəli olduğunu anlayıram. Nə qədər ideya qurbanları görmüşəm. Siyasət riskdir - bir ömür bahasına başa gələn risk!  Onun siyasi işlərə girişməsini heç istəmirəm. Deyir ki, mən də istəmirəm, səninlə birlikdə olmağın  xoşbəxtliyi bəsimdir. Amma  çox narahat  görünür.

Belə anlarda sakitləşməyə, “yumşalmağa” çalışıram. “Dekabristlərin qadınları da belə idi” – düşünürəm. Özümü mübariz və qürurlu qadın kimi “formalaşdırıram”.  Əslində isə,  mən  qorxağam, daxilimdə həmişə ikili hiss  hakim olub. Həmişə bir səbəb tapıram qorxmağa. Amma öz sevgim üçün israrlıyam, həm də,  bəsit görünmək də istəmirəm. Gizlincə, özüm də  hiss etmədən bəzi ideyalar uğrunda mübarizə aparıram. Şöhrət və qalibiyyət həmişə məni özünə çəkib.Yalnız onların fövqündə sakit həyat qurmağa çalışmışam.

Hər dəfə ondan bəhs edərkən, -  “Mənə hind filmlərinin ssenarisini  danışma - deyir ağıllı rəfiqəm - necə olur axı bu?”.  Hiss edirəm ki, özünü hələ  bir az da “ağıllı” göstərmək istəyir:

- Bəs Midhəd, nişanlın? O necə olsun?

Rəfiqəm hər dəfə  insafsızcasına “zərbələr” endirirməyi xoşlayır:

- O, bu qədərmi qiymətlidir?!  Nizamlı həyatını, qurulu səadətini  dağıdacaq qədərmi vacibdir?

Başa sala bilmirəm ki, mən onsuz yazığın birinə çevrilirəm, ölürəm.  Telefonda bircə an  bir- birimizin səsini eşitməyəndə  həyatımız  boşluğa yuvarlanır.   Həvvadan  bu yana məndən xoşbəxt qadın gəlməyib yer üzünə. Bütün qadınlar həsəd apara bilər mənə. Tələm –tələs xoşbəxtliyimi anlatmaq,  həm də müvazinətimi saxlamaq, özümü sakitləşdirmək istəyirəm.

Küçəni qaça –qaça keçirəm. Onu görməyə, daha doğrusu hənirini duymağa tələsirəm. Virtual sevgidir, bu. Amma get-gedə virtuallıqdan çıxır.

Bircə qısqanclığı olmayaydı bunun. Od söndürən külqabıya bənzəyirəm. Elə hey, onun qısqanclığını söndürməyə çalışəram.Yaraşıqlımın...

Onu məşhur  bir futbolçuya - İbrahim Toramana bənzədirəm. Neçə dəfə istəmişəm bunu  özünə deyəm, ehtiyat etmişəm. Bilirəm ki, o saat soruşacaq: onu hardan tanıyırsan? Sənin futbolçularla nə işin, filan... Onsuz da axır vaxtlar hey narazılıq edir ki, netdən də çıxmırsan.Yalnız mən olanda, o alanda ol. Mən onun qısqanclığıı bildiyimdən mübahisə etmirəm. Bilırəm ki, nə desəm faydası olmayacaq. Desəm ki, ordakı yazıları oxuyuram, deyəcək, elə kitablardan oxu. Desəm:  “orda reklam mətni  yazıram”, deyəcək: “neti söndür, sonra yaz!”  Bilirəm ki,  sevgisinin böyüklüyəndəndir  qısqanclığı. Bəlkə də heç bununla bağlı deyil.  Xasiyyətində bir konservativlik, sahiblik hissi var. Tərslikdən bu da  mənim qadınlıq hisslərimi, ehtirasımı  alovlandırır. Onun mənim üzərimdəki hokmranlıq hissləri qəlbimi coşdurur. Mən öz qadın xislətimlə həmişə  gizli şəkildə   sevdiyim kişiyə tabe olmağı xoşlamışam. Bəlkə də, həmin kişini güclü görmək istəyindən irəli gəlir, bu.

İndi  şüurlu halda ona tabe oluram. Özü də  bu yola  hüdudsuz azadlıqdan sonra gəlmişəm. Həmişə azad olmaq istəyən biri üçün təsəvvür edin ki, bu  nədir!  Amma dözürəm.  Ərini çox sevən qadınlar həmişə belə  olub. Nənələrimiz də belə olub. Ərlərindən qorxublar, hörmət ediblər, seviblər, itaət ediblər. İndi anlayıram onları. Çox çətin imiş. Bəzən əsəblərim dözmür, dartınır, əndazəsindən çıxır. Axı eqom  həmişə tabe etdirməyi xoşlayıb.

O isə  burda,  uzaqdan -uzağa sanki bir pultla idarə etməkdə davam verir. Virtual sevgidir, bu. Ruhlarımız bizdən irəli keçir, razılaşır, cismimiz kənarda qalır. Ruhların, düşüncələrin sevgisi daha amansız və möhkəm olurmuş! Bütün əmrlərini canla- başla yerinə yetirirəm. Sevinirəm, o, razı qaldıqca. Həyatımı onun sevincinə hesablayıram. Bəzən  bütün əziyyətim hədər gedir. Onu sevindirdikdən sonra, təşəkkür  gözlədiyim halda, qəzəbinə tuş gəlirəm. Hərdən mənə elə gəlir ki, onu dərk etmirəm.  İnsan dərketmədiklərini daha çox sevir. Amma özünü oda atan pərvanələr kimi ona can atıram, yandıqca - yanmaq istəyirəm. Zamanımızın çox hissəsini birlikdə keçirirk. “Hansı qadının belə qarşılıqlı sevgisi var” – deyə sual edirəm. Rəfiqəm yenə: “Boş şeydir” - deyir.  Ağıllı rəfiqəmin rəfiqəsi   bir az da  ondan “irəli” gedir: “Kişilərdən yalnız istifadə etmək lazımdır. Onları sevməyə dəyməz. İstifadə et, xoşun gəlmədi, at getsin”. Bir qayda olaraq fikirlərini də bu ifadə ilə yekunlaşdırır: “Ağlın olsun”. Halbuki,  mən onu həmişə ağılsız hesab etmişəm. İndi bu mənə “dərs” keçir.

O, qeybdən gəlmiş kimidir. Real dünyada onunla heç bir bağlantım, əlaqəm yoxdur. Yalnız bir dostu ilə tanışam. Bilirəm ki, dostuna çox bağlıdır, hər şeyi onunla bölüşür. Dostu  dinə çox inanır.. Axirət haqqında uzun-uzadı söhbətlər edir. Məni başa salmağa çalışır. Bildirir ki, sizin izdivacınız düzgün deyil, sən başqası ilə nigahdasan. “Həm də, onun yolu başqadır, - deyir. O başqa təriqətin, başqa yolun adamıdır. Bu mücadilədə aranızda uyğunluq görmürəm. İkinizə də əzab gətirəcək. Tanrı hərənin  bəxtini öz çiyinlərinə yazıb, ulduzunu yaradıb. Bizim işimiz yalnız  haqqın yoluyla getmək, yazılanlara dürüst əməl etməkdir. O, qazi də ola bilər... Axirət dünyamızı qazanmaq bizim bu dünyadakı yeganə fürsətimizdir”- deyir.  Mən inad edirəm,  bir qədər iztehza ilə soruşuram: - “Deyirsən, o dünyada ikimiz də cəhənnəmə düşəcəyik. Nə fərqi var ki, onsuz da birlikdə olacağıq. Bu özü də xoşbəxtlikdir”. O, bir söz demir. Bir qədər düşünüb əlavə edir: “Əgər boşansanız, olar, axirəti qazanmaq imkanı yaranar...”  Ürəyim uçunur: “Aman Allah, birdən  onun beyninə bunları  yeridər”.  “O, mənə qardaş kimidir,- deyir dostu -  onun cəhənnəm odunda yanmağını istəmirəm”. Sonra  mənə dini möizələri xatırladır, hədislərdən, peyğəmbərlərdən misallar gətirir.  Zina edən adamların  cəhənnəm odunda  necə yanacağını təsvir edir.” Günah işlətməyin”, - deyə  yekunlaşdırır.

- Bəs o, nə deyir?  Ürəyim uçuna-uçuna soruşuram. Məni bu an yalnız o maraqlandırır.

- O,  inanır, sitayiş edir,  amma  sənin kimi o da: “ Bir- birimizdən ayrı yaşayanmırıq, onsuz olmur, deyir”.

Sevinirəm. Bütün dünyanı mənə bağışlayırlar.

İmkanım olsa deyərəm dostuna inanma. O, başqa dünyanın adamıdır. Biz başqayıq. Biz onun  dünyasına özü  kimi daxil ola bilmərik. Ancaq demirəm. Ondan bir  nişanə olaraq dostunu da sevməyə başlamışam. Ümumiyyətlə mən ona aid olan hər şeyi sevirəm. Futbolu seyr etməyi, rəngli qadın rəsmlərini, dini lövhələri...  Həyatımda real olan heç nə yoxdur.

Hər şeyi yoluna qoymaq olar, təki ürəyində sevgi olsun.

Bir çətinlik də işimdə yaranıb. Tərslikdən  işimin xüsusiyyəti məndən şən olmağı, formada qalmağı tələb edir. Hər gün  beş dəqiqəlik ənənəvi səhər iclasında  müdirimiz  məni və mənim simamda işçiləri əməlli-başlı danlayır:

- Laqeyd olmusan. Fikrin başqa yerdədir. Müştərilər şikayət edirlər. Unutmayın: siz, turizm və  reklam şirkətindəsiniz. Təkcə sən yox, elə hamınız eləsiniz! Bizim pulumuz onlardan çıxır. Nəzakətli, eyni zamanda, buz kimi soyuq olmaq  gərəkdir.  Reklam,  hissiyatsız olmağı tələb edir. Reallığı bacardığın tərzdə bəzəmək, yeri gələndə aldatmaq.

Diqqətlə dinləyirəm. Müdirim məni anlatdığını düşünür. Elə bilir zəhmi və məntiqli danışığı  ilə məni “şil-küt” edib.  Fikrim onun yanında olduğundan, səs  cılız və təsirsiz gəlir.  Sanki milçək vızıldayır. Ürəyim çoxdan  onu tapıb. Görəsən, nədənsə narazı deyil ki? Mənə ismarıc yazıbmı?

Evə çatan kimi monitorun qarşısına keçirəm. Nəfəsimi içimə çəkib onun nə deyəcəyini gözləyirəm. Titrəyirəm. Bu, həyatımı uduzmaq qorxusudur. Onu itirmək həyatımda olan işıqlı şeyləri itirmək, ən dadlı şeylərdən əl şəkməkdir.

- Hər şeyi at, çıx gəl. Daha bəsdir. Mən bu qədər həsrət çəkmək üçün yaranmamışam, - deyir-  sənsiz hər günüm il kimi keçir!

- Bir az döz. Hər şeyin vaxtı var.

- Anlayıram, ancaq bütün günü şəkillərinə baxmaqla geçinirəm. Burda -  dostluğunda bir  nəfər var, sənə hey komplimentlər  yağdırır. Sil, onu dostluğundan.
Ürəyim düşür, bizim şirkətin aparıcı qüvvəsi olan şöbə müdirimizi deyir, həm də,  onunla neçə il birlikdə oxumuşuq.

- Reklam üçün lazım olur. Bir də ki, tanıdığım adamdır...

-  Mənim xoşum gəlmir. Saçlarının rəngini də dəyiş, qara olsun!

Tərslikdən işlədiyim şirkət də  sarı saçlı qızlara üstünlük verir. Bizdə zahiri görünüş xüsusi önəm daşıyır.

Ürəyimdə üsyan edirəm, danlayıram onu. “Barbar, geridə qalmış. Qədim şərq kişisi!”  Yanıb tökülürəm. “ Avropanın göbəyində yaşayasan, amma belə geri qalmış düşüncələrə sahib olasan”. 

Ağıllı rəfiqəm deyir ki, sən artıq köləsən, xəbərin yoxdur. Bəsdir, axırda dəli olacaqsan! Səni dəlixanaya təhvil verəcəyəm. Nə olub. Sevəndə də adam kimi sev də. Guya camaat sevmir, təkcə sənsən. Fikrin özüündə deyil!

Rəfiqəm  real olmağıyla öyünür. Rəfiqəmin rəfiqəsi isə deyir ki, kişilər sevilmək üçün yaramır. 

Əsəbləşdiyim, qəzəbləndiyim  məqamda  ağlımdan belə bir fikir keçir. “Bəlkə,  rəfiqəm düz deyir. Ayrılım ondan. Bilirəm, çox əzab çəkəcəyəm. Lap özümü öldürmək halına gələcəyəm. Ancaq hər şeyi zamana bağlayacağam. Midhədlə evlənəcəyəm. Uşaqlarımız olacaq. Amma  mən onlara yaxşı ana ola bilməyəcəyəm. Ürəyimdə bir sevgi nisgili olacaq. Bu nisgil məni böləcək  əzəcək. Uşaqlar məni sevəcəklər. Analarıyam axı...  Midhət heç nəyi vecinə almayacaq, onların qayğısına qalacaq. Onu hər yerdə ailəmin içərisində, küçədə, həsrərli mahnılarda axtaracağam.  Mənasız olacağam ətrafdakılar üçün, özüm üçün. Mən - həmişə xoşbəxtlik axtaran birisi -  mənəvi zədə alacağam. Həyatı rol kimi oynayacağam.  Beləcə, hər şey olacaq: dostlarım, tanışlarım, karyeram...Və o, olmayacaq”.  Mən, bunu – ürəyimdəkiləri çözələdikcə  bütün acısı, ağrısı  ilə dərk edirəm.  Dərk etdiyim şeylərdən o qədər qorxuram ki...  Məni həmişə inandığım şeylər qorxudub.
Gözlərimi yumub, onu anlamağa çalışıram.  Uzaqlıq, həsrət, qısqanclıq. Hər şey təsir edir bizə. Yanında olsaydım əsəblərini sakitləşdirərdim, qayğısına qalardım. Hər cür fədakarlığa hazıram.  Rədd olsun azadlıq!  Kölə olmaq xoşdur! Sevdiyin adamın  köləsi!

O,  susaraq mənim cavabımı gözləyir. Gözləyir ki, hər şey aydınlaşsın,  könlümü alsın, sevgisini bildirsin. Monitor görüş yerimizdir.

Ağıllı rəfiqəm deyir ki, əcəb görüş yeri tapmısıznız. Camaat real olana inanmır, dayanıqlı saymır. Bunlat  monitora inanırlar.

“Ruh məsələsidir”,-  deyirəm. Anlamır. Eləcə deyir ki,  get,  müalicə olun. Belə eşq olmur. Bu divanəlikdir. Heyf sənə....Savadın da var, bir işə yaraya bilərdin!
Bu gün bayramdır -  yer üzündəki bütün müsəlmanların bayramı. Mən isə  bu bayramı  daha çox onunla bağlayıram. O, bu bayrama cidd-cəhdlə hazırlaşır. Dünən bütün günü  bu bayramın müqəddəsliyini izah edib, tarixindən danışıb usanmadan. Dinin möcüzələrindən, sitayişlərdən söhbət açıb. Özümü inanırmış kimi göstərsəm də, hiss edib dərk etmədiyimi: “özün bilərsən  belə şeylər məcburi omur, istək və  inamdan asılıdır”.  Amma hər nə olur –olsun, onun bu istəyi  ürəyimdə bir coşqu yaradıb.
Hər şeyi nizamlamağı, qayda-qanun yaratmağı sevən bacım təklif edir ki, bayramı dağların ətəyindəki obada qeyd edək. Bacımla razılaşıram. Üç günlük vidalaşırıq onunla. O da bildirir ki,  həm doğmalarının yanına, həm də bəzi  dini ehkamları yerinə yetirməyə gedəcək. Orada nootbuk olmayacaq, əlaqə qura bilməyəcəyik.Uzun bir ayrılığa gedirikmiş kimi, bütün gecəni danışırıq. Səhər tezdən yenidən zəng edir.  Darıxacağıq. Tanış olduğumuz  gündən ilk dəfədir ki, bir-birimizin  hənirindən, nəfəsindən uzağa düşəcəyik.

Bu kənd Neon nənənin kəndidir. Əsl adını bilmirəm. Nəvələri onu Neon nənə kimi tanıdıblar, mən də “Neon nənə” deyə çağırıram. Burda qohumlarımız yaşayırlar. Kənd o qədər gözəldir ki, seyr etməkdən doymaq olmur. Əvvəllər də bir neçə dəfə bura gəlmişəm. Nədənsə,  hər dəfə bu kəndə gələn kim, bir vaxtlar çox sevdiyim  Rəsul  Həmzətovun “Mənim Dağıstanım” əsərini xatırlayıram. Bacım bura gəlmək üçün əməlli-başlı heyət təşkil edib.  Midhət də onların arasındadır. Qollarımı yaşıllığa, izdihama  açmışam. Obaya çatan kimi uşaqlar dağa dırmaşırlar.

Məndən olsa elə bu ağacın dibindəcə ölüb qalaram, onu düşünərəm. Bu gün,  bu anda  elə şiddətlə onu arzulayıram ki. Hər şey ürəyimə toxunur. 

Tərslikdən  Nəzrinlə Afiq də burdadır. Təzəcə nişanlanıblar. Hər ikisinin gözündən sevgi tökülür. Dünya veclərinə deyil. Elə bil bunlardan başqa adam yoxdur, ətrafda. Nəzrin hey nazlanır, əzizlənmək istəyir. Uzaqdan kəpənək kimi görünür. Əyninə güllü paltar geyinib.  Çiyinləri açıq olan bu “dekalete” geyim  ona yaman yaraşır. Saçlarının  rənginə də söz ola bilməz.  Bir dəfə üzünə  baxan kimi kinin - küdurətin əriyib gedir.  “Yazıq Afiq  necə tab gətirəcək, bu ədaya”-  deyə düşünürəm. Nəzrin həm də   sevgilisinin  diqqətini özünə cəlb etməyə çalışır. Mən onları seyr edirək  hər şeyi sevgiyə bağlayıram. Onların hərəkətləri məni hövsələdən çıxardır. Yaxınlığımdakı adamların xoşbəxtliyinə dözmürəm.Bir xüdpəsəndlik var içimdə..Afiq  imkan tapıb qulağıma pıçıldayır ki, eybi yox, qoy toya qədər naz etsin, sonra mən deyən olacaq. Bir növ “kişilənir”. Gülürəm.  Ətrafımızda fırlanan Samir onu ələ salır: “Qadından qorxursan”-  deyir. Görəsən, o,  indi haradadır?  Yorğun, əldən düşmüş sarvana bənzədirəm özümü.  İri gövdəli, yaşıl ağacın dibində əyləşib,onunla olan  sevgimizin  dərəcəsini ölçməyə çalışıram. Hesablayıb sərhədi tapıram, sonra sərhədlər balıq kimi sürüşüb əlimdən çıxır.  Nəzrin  deyir ki,  uzaqlarda  yaşamaq istəyirəm, buraları bəyənmirəm. Afiqə hərdən başqa qızlardan zəng gəlir. Cəld telefonunu söndürür, istəmir nişanlısını qısqandırsın, itirməkdən çox qorxur.

Bütün bunlar darıxdırır məni, onu xatırladır... Zaman amansızdır.

Samir  telefon əlində bizə yaxınlaşır: “Mila zəng edib,  küsüb məndən. İndi gəl bunun könlünü al, görüm necə alırsan,  - mənə tərəf dönür -  sən bilərsən,  bəlkə bunun könlünü almağın yolunu. Bayaq danışırdım telefonumun danışıq kartı tükəndi birdən”.  Beynimi işə salıb ona kömək etməyə çalışıram.  Nə isə tapıb deyirəm. O, məmnun qalır.

Ağlamaq istəyirəm. Mən onu bu əsrarəngiz  meşə qədər, nəhayətsiz yaşıllıq qədər sevirəm.

Bu da Neon nənə! Adamlar  onun ətrafına toplaşıblar. Əməlli-başlı qələbəlikdir.  Məni də öz sıralarına qatırlar. Onlar ruhumun başqa yerdə olduğunu hardan bilsinlər ki... Amma bu bayramı gerçəkdən sevdim. Bu bayram hamını mehribanlaşdırıb. Mən xoşbəxtəm. O var bu dünyada.  Məndən uzaqda olsa da, bu an mənim olmasa da,  var! Bu dini bayramdır.  O, allahı çox  sevir, elə hey  sitayiş edir. Hərçənd ki, Allahın bir bəndəsini burda diri - diri basdırır. Mən onun inancına  hörmətlə yanaşıram. 
Hardansa musiqi səsi gəlir. Kövrəlib ağlayıram. Ürəyimdə sevinirəm ki,  sevgimi izhar etmək məqamı tapmışam. Həm də ki, sevgim  bir qram da olsun tükənməyib. Ağlaya bilirəmsə demək sevirəm.

Neon nənə köklü - köməcli ağac kimidir. Adam ağlına gətirə bilmir ki, nə vaxtsa ərdə olub. Elə bilirsən elə həmişə beləcə kötük kimi olub.  Ağzında bir neçə sağlam dişi görünür. İşi- peşəsi bayatı demək, cavanlara sataşmaqdır. Məni görən kimi dizinin dibinə çəkir.  Deyir ki,  görək sən çox  bayatı bilirsən, yoxsa mən. Sən oxumuşsan nə qədər olmaya... Onun dizinə qısılıram. O biri tərəfində Nəzrin əyləşib. Neon nənə bir neçə bayatı söyləyir. İstəyirəm, sevgidən danışsın, bayatıları məhəbbətdən  olsun. Təzə eşqə düşmüş, yelbeyin qızlar kimiyəm. Hər yerdən sevgi sözü eşitmək istəyirəm.

- Onu çox sevirəm, Neon nənə. Onsuz ölürəm. Dərdimi özüm bildiyim şəkildə  Neon nənəyə danışıram.

Elə bilir Mithədi deyirəm. Gözü ilə adamların arasından onu tapır. Dişsiz ağzını marçıldadır:

- Istə-istə, sevgilin istəməli oğlandır.

“Eh, Neon nənə, arif adamsan. Amma bilmədin  hardan biləsən ki, Ancaq  düz deyirsən,  Neon nənə, heyf Midhəddən”.

Ürəyimdə Neon nənəyə söz verirəm. Onu bura gətirəcəyəm.  Burda, bu dağ kəndində, doyunca  gəzib dolaşacağıq. O çox qısqanc olduğundan mən ancaq qadınların arasında dayanacağam. Hərdən baxışlarımız toqquşacaq. Ürəyimizdən öpüşmək keçəcək. Ehtirasdan alışıb yanacağıq.  O, mənim qohumlarımın da  əzizi olacaq. Bir anlıq imkan tapıb, hamının gözündən oğurlanıb sevişəcəyik.
Açıb desəm bəlkə də, Neon nənə məni başa düşər. O qədər anlaşıqlıdır ki...
Ağacların arasından yaşıllığa bürünmüş dağlara boylanıram, dağların arxasında üfiq saralıb. Üfüqə qoşulub saralıram. Onun həsrəti ürəyimi elə sıxır ki, nəfəsim daralır.
Neon nənənin üzü çox nurludur, qədim kahinləri xatırladır. Düşünürəm ki, çox gözəl olub gəncliyində. Burda dağlar çox yaxından görünür. Kənd  çox qədimdir. Gözlərimi yumub düşünürəm. Görəsən, indi hansı əsrdir. O, uzaq və  qlobal  ölkənin vətəndaşıdır. Mən, kiçik bir dağ kəndinə sığınmışam.  Arada çox böyük bir məsafə mövcuddur.  Bu məsafənin içində o var. Neon  nənə burda – gəlinlərinin, oğlanlarının əhatəsindədir. Onun üçün heç vaxt sevgi problemi olmayıb.Heç xəyanət də olmayıb. Ərinə bağlı olub, həyatını sevib. İndi də əri yoxdur. Ailəsini, uşaqlarını sevir.  Neon  nənənin gəlini bizə can başla qulluq edir. Ağappaq,  yumru gəlindir.Yaz günəşinə bənzəyir. Gözləri dupdurudur. Elə hey gülümsünür. Elə bil adamlara sevinc bəxş etmək üçün yaranıb.  Neon nənə mənə ondan danışır. Qəribə tarixcəsi var bu gəlinin. Neçə illər əvvəl hələ yeniyetməlik çağına qədəm basdığı günlərdə onu bir oğlana nişanlayıblar. Oğlan ilk sevgisi, yenicə cücərməyə başlamış xəyallarının ilk işartısı olub. Yığışıb dəmdəsgahla ər evinə köçməyə hazırlaşırmış ki, arzuları alt - üst olub.  Nişanlısı meşədə ov etdiyi zaman öz dostunun təsadüfi gülləsinə tuş gəlib.  Dünya gözlərində sönüb gəlinin. Amma bir müddət sonra özünə gəlib. Cavandır,  hər şeyi adlada bilib. Sonralar Neon  nənənin oğlu görüb bəyənib. Evləniblər. Qisməti bu imiş. Gəlin indi o günləri bir nağıl kimi xatırlayır. Acı bir nağıl. Astaca köksünü ötürməklə keçir üstündən. Özünə oxşayan qəşəng bir qızı var. Bütün günü yanımızda fırlanır. Acıyıram gəlinə, həm də düşümürəm ki,  bu gəlin həyatın dərinlərinə baş vura bilməz. O, elə üzdə fırlanmaq, adamlara sevinc bəxş etmək üçün doğulub.

Şübhəsiz,  mənim həyat fəlsəfəm  tamam başqadır. Bəlkə də, insan həyatı anında  dərk edə bilmədiyindən fəlsəfə filan uydurur. Məsələn mən... Dərk etsəm yaxınlığımdakıların dəyərini bilərdim,  xoşbəxtliyimi uzaqlarda axtarmazdım.
Midhəd ağlımdakı insandır. Könlümdəki isə odur. Ürəyimin səsinin ardınca  getməyi qərara almışam. Həyatımı uduzmaq istəmirəm. Yenə də darıxıram.  Midhət deyir ki, sevgi zad yoxdur, hamısı boş şeydir. Həyat var, reallıq var.

Gəlin bizə yaxınlaşır. Çay təklif edir. Gözləri gülür. Əyninə bu yerlərdə dəbə  düşmüş üstü iri güllü paltar geyinib. Ayağındalkı yüngül ev ayaqqabılarını sürüyə-sürüyə həvəslə qonaqlara qulluq edir. Üzündəki sevinc adama siraət edir. Mənə “bacı” deyə müraciət edir. Xoşhallanıram.

İmkanım olsa,  bu yerlərdən getmərəm. Adama elə isti münasibət bəsləyirlər ki, elə bil dünya sənin olur. Ağıllı rəfiqəm deyir ki, geridəqalmışlıqdır, bu. Elə hey geriyə doğru gedirsən. İnkişaf etmirsən.  

Kaş o da  yanımda olaydı. Gülərüz  gəlin bizə çay gətirəydi. Mən çayı birinci onun qarşısına qoyardım. Sonra sevinə-sevinə  kənarda zarafatlaşan gəlinlərə qoşulardım. Maraqlıdır, mən xəyallarımda  onu  Avropanın məşhur, inkişaf etmiş şəhərlərində, gözəl dəbdəbəli şəraitdə deyil, həmişə gözdən-könüldən uzaq, heç yerlə əlaqəsi olmayan bir dağ kəndində canlandırmışam. İstəmişəm çoxlu uşaqlarımız olsun.  Ailəmiz böyük olsun, Neon nənənin  ailəsi  kimi. Bütün günü çalışaq, ancaq imkan tapmayaq görüşməyə.Qəlbimiz sevgidən, həsrətdən alışıb yansın. Axşamın düşməyini gözləyək,  ehtirasla bir-birimizə sarılaq. Bütün bunları  ona danışmışam. Gülə-gülə bildirib ki, hər şey ol bilər. Çoxlu  uşaq, qohumlarım, sənə olan tükənməyən sevgim.... hər şey. Amma o qədim kənd olmayacaq! Onu söz vermirəm. Çünki mən kənddə  yaşamıram.Yaşadığım şəhəri tərk etmək fikrim  də yoxdur. Ancaq   burda da gözəl olacaq səninlə... 

Bu gün, bayramın ikinci günü qərarımı qətiləşdirirəm. Qurtardı hər şey! Onun yanına gedəcəyəm! Gözləməyəcəyəm onun gəlməsini! Onsuz istəmirəm. Bu qərara gələrkən yaşıl dağların qoynundan sərin meh əsir. Hardasa cırcıramalar oxuyur. Ay işığı yaşıl meşənin üzərindən düz gözlərimə dikilib. İçəridə yatanların mışıltısı eşidilir. Mən  qapının ağzına qoyulmuş həsir oturacaqda oturmuşam, onu düşünürəm.

Yazacağam hər şeyi.  Gedəcəyəm onun  məmləkətinə. “Əlvida Midhəd, biz səninlə ər - arvad ola bilmədik.  Arzularımız, planlarımız puç oldu. Uşaqlarımızı böyüdüb oxuda, nümunəvi ailə ola bilmədik.  Mən onunla olacağam. Onun məmləkətini seçəcəyəm.  Mən yalnız  sevgini yaşadacağam. Əlvida, yaxınlarım, doğmalarım! Sizə məktublar yazacağam. Hərdən darıxıb ağlayacağam orda. Nə qədər olmasa qərib olacağam. Uşaqlarımın hərdən mənə yazığı gələcək. Mən ərimə ömürlük sədaqətli olacağam, Həvvadan fərqli olaraq. O, öl, desə öləcəyəm. Yalnız onun üçün yaşayacağam.  Bağışla məni,  ağıllı rəfiqəm, mən sənin zənn etdiyindən də ağılsızam. Rəfiqəmin rəfiqəsi, sən deyənlər düz çıxacaq, bəlkə də. Mən ürəyinin səsinə düşüb gedən ilk qadın fateh olacağam. Onu sevirəm, onsuz mümkün deyil.  Qoy bədbəxt olum. Siz demişkən, gün görməyim. Amma onsuz  dəli ola, ölə bilərəm. Yəqin siz istəməzsiniz bədbəxt olmağımı. Məndən nigaran qalacaqsınız. Məni qınayacaqsınız. Sizə qüssə gətirəcəyəm. Bilirəm hamısını. Amma mümkün deyil. Mən bundan artığını ağlıma gətirə bilmirəm. Onsuz qaldığım bu günlər mənə “dərs verdi”.  Böyük bir məktub hazırlayıram beynimdə. Öz-özünə yazılır. Hər şey hazırdır. Gecədən xeyli keçənə kimi eyvanda  əyləşib, beynimdəkiləri yer -  yurd edirəm. Gəlin  ayağının ucunda mənə yaxınlaşır:  

- Niyə yatmırsan, bacı?

- Yuxum gəlmir.Gəlin sadə kənd  qadınlarına məxsus şirin dillə mənimlə zarafatlaşır:

-  Bilirəm içəridəkini fikrini çəkirsən, darıxırsan. Darıxma,  lap az qalıb, birlikdə olacaqsınız.

Gülümsünürəm. Gəlini bağrıma basmaq, hamıya nəvaziş göstərmək istəyirəm. Görəsən, gəlin bu an   xoşbəxtdirmi?  Hiss olunur ki, yeri  rahatdır. Elə hey zarafatlaşır.  Kənd gəlinləri azarlarını belə zarafatlarla öldürürlər. Bu onların ərlərinə sevgi etiraflarıdır. Burda ərin üzünə deməzlər, “ səni sevirəm”, ayıb sayılar. Amma ər Allah kimi bir varlıq hesab olunur. Bizdə, şəhərdə başqadır. Mənim sevgilim də bu yerlərin adamlarına bənzəyir. Baxmayaraq ki,  inkişaf etmiş Avropa ölkəsində yaşayır. İndi tapıram onun bu kəndlə bağlamağımın sirrini.

Cırcıramalr oxuyur. Cırcıramaların şərqisinə qoşuluram. İlk dəfədir  ki, bu qədər xoşbəxt hiss edirəm. Yaşanmağa dəyərmiş! Dünya lap olsun, beş günlük!
Ürəyimdə bir məşəl yanır. Geri dönəcəyik. Geri dönən kimi  onunla danışacağam. Qərarımı  yazacağam. Vaxtı o, təyin edəcək. Yəqin bir neçə gün çəkəcək. Xoşbəxtlikdən o da mənim  kimi dəli olacaq.  “Təyyarə limanında, görəsən, kim daha tez görünəcək. Necə sarılacağıq bir - birimizə. Camaat  təəccübdən özünü itirəcək. Heç kimi görməyəcəyik. Ürəyimizin döyüntüsü üst-üstə düşəcək, uzun müddət davam edəcək”. İndidən özümü onun qollarının arasında hiss edirəm, az qalıram dəli
olam.

Buradakı adamlar məndən fərqli olaraq  dəlilik etmirlər. Onlar  özlərinin olanı sevirlər. Mən həmişə uzaqları istəmişəm. Yenə də fikrim uzaqlardadır. Həmişə narahatam, nəyisə axtarıram. Tapsam  yəqin ölərəm. Uzaqlıq haqqında bir nağıl da uydurmuşam. Özümə həsr etmişəm. Gedəndə ona danışacağam.  O nağılda qar altından boylanan bir çiçəkdən bəhs edilir. O çiçək elə hey günəşə boylanır.  Bilir ki, günəşi görən kimi öləcək. Amma yenə günəşi istəyir, inadala arzulayır, günəşlə qovuşaraq solub gedir  Qüssəlidir. Bəlkə də, o çiçək mənəm.  Orada, onun  məmləkətində, o çiçəkdən var.  Bir qış günü qarın altından o çiçəyi tapacaq, onu öpüb əzizləyəcəyəm. O zaman  dərdim olmayacaq. Olsa da, yalnız qəriblik xiffətim olacaq.

Evə çatan kimi netə  daxil oluram.Ürəyim çırpınır. Ondan mənə heç bir ismarıc yoxdur.Halbuki, mən uzun bir məktub gözləyirdim. Yalnız bir  ismarıc gəlib dostundan. İsmarıc qısadır: iki cümlə! Oxuyuram, gözlərim qaralır. Təkrar-təkrar, şüursuz halda yazıları oxuyuram. İnanmıram, inanmaq istəmirəm.  Hərflər qarışıb formasını itirir, suya tökülür. Yalnız iki cümlə, ikicə cümlə qalır beynimdə. “O, ölüb. Qəzaya uğrayıb”.

Ürəyim parçalanır.Yer üzü birdən -  birə boşalır. Hər şey bir anda o qədər mənasızlaşır ki, ürəyim bulanır. Ölmək bundan yaxşıdır. O, yoxdur, həm də var. Var ilə yoxun arasındadır.  Hönkürüb ağlayıram.

Niyə?  Nədən?  Bu da mənim xoşbəxtliyim. Hər şey yoxa çıxdı,  hər şey məhv oldu. Nədən başlayacağam bilmirəm. Artıq irəlidə heç nə yoxdur. Dəli adamlar kimi evdən çıxıram.  Ölümün qurğuşun qanadları üzərimə əyilib, məni məngənəsinə alıb aparır. Hər şey rənginui dəyişib. Üstümə şütüyən maşın güclə müvazinətini saxlayır. Sürücü başını çıxarıb əvvəlcə təhqir etmək istəyir. Üzümə baxır, nədənsə fikrini dəyişir. Bir balaca dilxoşluq  da edir:

- Nə olub canından bezmisən?!

- Bezmişəm. Artıq  bezmişəm, çox bezmişəm - deyə ürəyimdə təkrarlayıram. Səsim deyəsən ucadan çıxır. 

-  Bəlkə kömək lazımdır?-  sürücü bu dəfə daha  artıq maraqlanır.

“Nə kömək mənimki köməkdən keçib!”

Yolu o biri tərəfə adlayıram. Bui tərəfə giriş qadağan olduğundan sürücü arxamca baxa-baxa qalır.

Dənizin kənarı ilə gəzişirəm. Demək belə... o, artıq yoxdur. Onunla daha danışa bilməyəcəyəm. Bütün xəyallarım puç oldu. Ən pisi, ürəyimin səsi yoxdur. Mən artıq heç nəyəm. Amma varam. Rəfiqəm deyirdi  ki, o, sənin heç nəyindir. Ərin deyil, nişanlın deyil. Necə deyə bilir, axı bunları.  Dağınıq həyatda mən özüm də səpələnəcəyəm. Yox olacağam. O mənim ümidim idi. İstəyirəm yanımdan keçən adamlardan soruşam: “Ümidsiz adam yaşaya bilərmi?” 

Gözlərimin qarşısına  gülərüz gəlin gəlir. Bəxtindən yarımamış gəlin... Görəsən, özünü necə hiss edirdi ərə gedəndə. Nələr keçirdi ürəyindən? Haralara baş vurub gəlirdi?  H iss etdiklərimi danışsam o duyar.

O, bu dəqiqə  məni görür. Ruhu  ilə hiss edir.  Ürəyim sızıldayır. Yaramın qaysağı qopur. “Ürəyimdəki yara sağalacaqmı?”  Heç kimdən soruşa bilməyəcəyəm. Bəlkə də, belə bir hekayə yazacağam bir zaman: “Uzaqlarda səni sevən birisi vardı, indi yoxdur”. Mən yoxun böyüklüyünü indi dərk edirəm. Yox - elə  var olan bu  dünyanın özü boydaymış. Ağlamaq istəyirəm. Hönkür-hönkür ağlamaq.

Rəfiqəmin rəfiqəsi deyirdi  ki, kişilər yalnız qisas almaq üçündür. Aldat pullarını al, vəssalam. Nə qədər bacarırsan istifadə et. Onlar üçün göz yaşı axıtmağa dəyməz! Dünya vecinə deyil bu adamın. Hər dəfə də məni təəccübləndirirdi.

Rəfiqəm deyirdi: “ Fikir vermə!”  

Başqa rəfiqələrim də ağıl verirdilər.

Rəfiqəm realdır. Deyir ki, özünü ələ al, ayıl. “Bu da mənim reallığımdır”, - yazıq-yazıq zarıyıram.

Görünür, xoşbəxtliyi çox arzulayanda  adamdan qaçır. Mənim də ki, azla işim yoxdur. Hər şeyin qədərindən çoxunu istəyirəm. Çoxun itkisi də ağır olur. Mənim xoşbəxtlik haqqında öz prinsiplərim vardı.

Onun dostu çox inanclıdır. Deyirdi  ki, günahdır, etdikləriniz, Allahın qəzəbinə gələrsiniz.

Hardansa musiqi səsi gəlir.

Son dəfə onun sevdiyi mahnıya qulaq asıram. İkimizin mahnısı. Müğənni oxuyur:

Əlimdə yaşıl fincan,
İçim qan ağlar hicran...

Səs o qədər yanıqlıdır ki... Məndən başqa kim duya bilər bu səsi.

Daha onsuz yaşayacağam, yaşamaq olur. Heç kim ölmür.  Zülüm çəkməkdi  bu.

Sadəcə nəfəs almaqdı. Psevdo yaşamaqdı bu.

İki gün dənizin kənarında veyillənirəm.  Üçüncü gün qərara alıram, onun məmləkətinə gedəcəyəm!

Yola çıxarkan  düşünürəm ki,  onun gəzdiyi yerləri gəzəcəyəm. Nə isə tapacağam. Nə isə axtarıram, ümidim artır. Amma nə?

- Adicə bir yol qəzasıydı – deyir dostu.- əslində, sən özün də qəzaya doğru yol gəlirdin. Düz ortada,  yolun ortasında səni haqladı. Sonra təsəlli verici səslə əlavə edir:

- Heç kim qəzadan sığortalanmayıb.

Dostunun  səsi soyuqdur. Elə bil, məni ovundurmaq üçün başqa dünyadan gələn hansısa mələkdir. Məni taleyin hökmünə inandırmaq üçün   sanki onu   göylərdən göndəriblər.

Onun qəzaya düşdüyü yerə gəlirik birlikdə.

Bura iki böyük yolun kəsişdiyi yerdir. Kəsişmə nöqtəsində yollar ayrılır. Hərəsi bir tərəfə gedir.

Başımı qaldırıb göyün üzünə baxıram. Göyün üzü tərtəmizdir.  Ətrafda yaşıllıqdır. Uzaqdan dəniz görünür. O məni duyur. Ruhlarımız danışır, hiss edirəm.

“Tək,  təkbaşına....tənha ...”  Beynimdə elə hey fırladıram bu kəlmələri. Dostu məni gözlərimin içinə baxır:

- İnsan qəzanı təkbaşına qarşılayır. Əks halda bu hərəkət  olardı, qəza yox! Üzünə baxıram..Özümü mühasirədə hiss edirəm.

Və geri dönməyə  yol var. Geriyə bilet almaq lazımdır. Hansı relslə qayıtmağın əhəmiyyəti yoxdu. Kassadakı qız üzümə baxır, dinmirəm. Sonra təkrar-təkrar  nə isə soruşur. Yəqin ki, hansı relsə bilet istədiyimi dəqiqləşdirmək istəyir. Dostu kənardan seyr edir,  qoluma toxunur, ehmalca kənara çəkir. Bildirir ki, onun yeri cənnətdir. Mən itayətkarcasına onun arxasınca gedirəm. Kənarları taxtadan düzəldilmiş oturacaqda əyləşirik. Burdan dəniz, torpaq və göy aydın görünür. Dostu  mənə həyatı  başa salır. O, həyatı yaxşı anlayır. Mən bilmədiyim nələrisə bilir. Sonra müdrikcəsinə gülümsünür. Mənim  solmuş və saralmış üzümdə heç bir ifadə yoxdur, reaksiya vermirəm.O, mənə əhəmiyyət vermir, havaya danışırmış kimi üzünü boşluğa tutur:  

- Hamı günahlarını tövbə etməyi bacarmalıdır. Xüsusilə qadınlar. Qadınlar mütləq tövbə etməlidirlər. Daha nələrsə danışır. Sonra ayağa qalxaraq mənimlə vidalaşır.  Uzun  nitqini  ayaqüstə tamamlayır.

Ovcumdakı   yol biletini möhkəçmcə sıxıram,  beynimdə dostunun  son sözləri təkrarlanır:   “...Və, sən yol gedirsən. Yol sənin xoşbəxtliyindir.”