Artıq dil bizi birləşdirmir, dil bizi ayırır (Polemika)

-

"Mən istəyirəm ki, üç yaşlı balaca uşaqla 103 yaşlı uzunömürlü bir qoca eyni dildə, doğma dilində, Azərbaycan dilində danışsınlar."

"Adı 1937-ci ildən gəlsə də. Ona qədər türk dili adlandırılsa da. Bu dil doğrudan da türk (indiki) dilindən fərqlənir. Aydınlığı, səlisliyi, təmizliyi, fikrin çox sadə izah oluna bilməsi ilə."

"Yeni söz yaratmaqla... daha əvvəlki oturuşmuş, bədii ədəbiyyatda, tarixi qaynaqlarda, fəlsəfi əsərlərdə işlənmiş, hamı tərəfindən qəbul olunmuş sözlərin ehtiyac olmadığı halda yeni variantlarını tapmaqla yox."

 

Ziya F.M.

Gördüklərimiz və  görəcəklərimiz

Ziya F.M.

Çox  narahat  bir  dövrdə  yaşayırıq.  Deyilən, yazılan  söz  heç  də  olduğu  kimi  başa  düşülmür, fikir kimi yox, artıq bir  məramnamə  kimi, hansısa  hərəkətlərə  çağırış kimi anlaşılır.

Həm aqressivlik çoxalıb, həm dünyada  kifayət  qədər  xoşagəlməz  hadisələr baş verir. Bu hadisələrin fonunda  dil haqqında müzakirə açmaq bəzilərinə qəribə görünə bilər.

Hətta  bu  yazıda  dəfələrlə  təkraralanan  dost  ölkənin dili haqqında fikirlər indiki hadisələrin kontekstində bəzilərinə tamam yersiz də görünə bilər.

Amma  siyasət gəldi-gedərdir, xalqı yaşadan isə onun dilidir. Bayrağı, sərhədi, qoşunu, himni, konstitusiyası səviyyəsində bir atributdur.

Mənim üçün Azərbaycan dili bəzi məqamlarda bayaq saydıqlarımdan da  üstündür.

Çox istəyərdim ki, məni hansısa qəliblərə salmağa cəhd etməyəsiniz. Mən nə fəlsəfi fikrin çətin olduğu fikrini inkar edirəm, nə dilimizin uzun əsrlər gah o dilin, gah bu dilin təzyiqi, basqısı altında olmasını.

Nə vaxtsa Niyazi Mehdinin başladığı bu yeni, bir az yaradıcı fəlsəfi yazı üslubu ilə də tanışam, digər müəllifləri də vaxtaşırı oxuyuram. Radioda, qəzetdə, teatrda işləmişəm, yazılar yazıram, tərcümələr edirəm. Ömrüm boyu dillə  bağlı işlərdə olduğumu  nəzərinizə  çatdırmaq  üçün  bunları  yazdım.

Çox adam məni tanımır, amma tanıyanlar bilirlər ki, düzü qoyub yalanın arxasınca getmək kimi bir vərdişim yoxdur.

Araz bəyin yazılarında işlənən sözlərin arasında doğrudan da gözəl tapıntılar var, o sözlərin bir çoxunun mən də nə vaxtsa yazılarda işlənməsini arzulayırdım. Hətta misallar da gətirə bilərəm; gənəşmək , sayaq (sayağı) , oturuşmuş və s.

Əslində Araz bəy böyük bir iş görür, dünya fikir tarixindən bu günümüzə, bu anımıza gərəkli, yararlı ola biləcək yazıları dilimizə çevirir.

Heç biri də boş-boşuna, yazı xatirinə yazı səviyyəsində deyil, müəyyən siyasi savadsızlığı aradan qaldırmağa, dünyagörüşünü genişləndirməyə xidmət edən yazılardır. Bədii tərcümələri də onun kimi.

Araz Gündüz

Araz  bəyin öz Facebook  səhifəsinə köçürdüyü polemikada bildirilən fikirlərlə də tanış oldum, kifayət qədər məntiqli, obyektiv fikirlər var.

Mənfiləri də, müsbətləri də, mənim düzgün anlaşılmayıb təhrif olunmuş fikirlərimə münasibətləri də.

Bu, təbiidir. Dil mükəmməl deyil. Heç bir dil kamil deyil. İllah da bizim Azərbaycan dili.

Amma Araz bəydən fərqli olaraq, mən bu dilin varlığına və gələcəyinə inanıram. Adı 1937-ci ildən gəlsə də. Ona qədər türk dili adlandırılsa da. Bu dil doğrudan da türk (indiki) dilindən fərqlənir. Aydınlığı, səlisliyi, təmizliyi, fikrin çox sadə izah oluna bilməsi ilə.

Müasir türk 100 il  bundan  qabaq  yazılan nəinki fəlsəfi  mətnləri, heç özünün  poeziya nümunələrini  də  artıq anlamamaq həddindədir. Biz  də  bu  yolu  getməyə  başlamışıq, ya  da  başlatdırmaq  istəyirlər.

Müasir türkün bir cümləsi yarım səhifədən artıq ola bilər, onun nə əvvəlini, nə sonunu  tutmaq mümkün olmaya bilər. Mətnin içərisində bir-birini inkar edən çoxlu fikirlər ola bilər. Mən bunun dəfələrlə şahidi olmuşam. Çoxlarınız da bunu məndən yaxşı bilirsiniz.

Mən türk dilinin  əleyhinə deyiləm, amma  öz dilimi sevirəm. Bu dili öyrənməyin, ondan müəyyən sözlərin alınmasının əleyhinə deyiləm, amma türk kimi danışmaq, fikirləşmək istəmirəm.  Çünki bu, artıq  düşüncə tərzinin, dünyagörüşünün  dəyişilməsidir.

Ola  bilsin, kimsə  bunda  pis  bir  şey  görməyə bilər, bu  təbiidir, xüsusən  də bizim  ölkədə. O ölkədə ki, hamı  kənardan gələn hər bir şeyə daha  çox həvəs  göstərir, nəinki  özündə olana. 

Mən indi bütün xalqı bürüyən - məişətdən tutmuş fəlsəfi fikrə qədər hər yeri çulğayan total türkləşmənin tərəfdarı deyiləm. Amma bu o demək deyildir ki, türk dilindən heç bir söz alınmamalıdır və ya ancaq türk dilindən söz alınmamalıdır. Əsla.

Mənim yazımın son cümləsinə baxsanız, orada bir "hədsiz" sözü var. Mən bir dilin basqısından yenicə qopmaq istəyən dilimin tez də başqa bir dilin total təzyiqinə düşməsini istəmirəm.

Bir əsr boyu dərd dəfə əlifba dəyişən, nəinki 100-cə il bundan qabağını, hətta artıq 25-cə il bundan əvvəlini oxuya bilməyən xalqı bir tərəfdən də dil, üslub, alınma sözlər, sinonimlər, ingilis, rus, ərəb, fars, türk sözlərinin ağır dalğasının altında qoyulmasını istəmirəm.

Onsuz da əlifba dəyişmələri ilə nəsillərin arasında yaranan uçurumlar bir tərəfdən də ona "kömək" etmək istəyən "alim"lərin ucbatından daha da dərinləşir.

Mən istəyirəm ki, üç yaşlı balaca uşaqla 103 yaşlı uzunömürlü bir qoca eyni dildə, doğma dilində, Azərbaycan dilində danışsınlar. Mən istəyirəm ki, bizim hər bir nümayəndəmiz öz dilində fikirlərini rahat ifadə edə bilsin. Biri ingiliscə, biri rusca, biri ərəb-fars, o biri türk ləhcəsi, düşüncəsi ilə danışmasın.

Mən istərdim ki, hər bir azərbaycanlı nəinki öz dilində danışmağa xor baxmasın, hətta bu dildə gözəl danışsın, bütün keçmişini, gələcəyini bu dilə bağlasın, əlbəttə, digər dilləri də öyrənməklə, söz alıb, söz verməklə, söz yaratmaqla.

Yeni söz yaratmaqla... daha əvvəlki oturuşmuş, bədii ədəbiyyatda, tarixi qaynaqlarda, fəlsəfi əsərlərdə işlənmiş, hamı tərəfindən qəbul olunmuş sözlərin ehtiyac olmadığı halda yeni variantlarını tapmaqla yox. İngilislərin bir sözü var; “Əgər bir şey xarab deyilsə, onu düzəltmək lazım deyil”.

Araz  bəyin  mənə  irad  tutduğu, olan adları başqa cür demək və ya onu daha qəliz  sözlə  əvəz etmək  kimi  bir  günahlandırmanın  isə  heç yeri deyildi.

Onun  bir  az təxəyyülünü işə salıb, “yumurtaya  da “toyuq ellipsoidi”, yumruğa da “əl kürəsi” deyilməlidirmi?” ittihamının mənə heç bir aidiyyatı yoxdur. Çünki mən əslində olan sözləri  saxlayıb, olmayanların haqqında  düşünüb-daşınıb yeni sözlər tapılmasının və təklif  edilməsinin və ya olan  sözlərdən daha geniş anlamda istifadə etməyinin tərəfdarıyam.

Yəni bu planet onilliklərlə (əslində daha çox) Yer kürəsi adlanıbsa, onu Yer  yumrusu  adlandırmağa  ehtiyac yoxdur.

“Yer  kürə  şəklindədir” və ya  “Yer kürəsi  yumrudur” demək  olar, birini  böyüklər  üçün, digərini  isə  uşaqlar  üçün  deyə  bilərsən, hətta  lap  balaca  uşaqlara “Yer yumrudur” da demək  mümkündür.

Amma  “Yer yumrusu”  ifadəsi  artıq  bütöv  planetə  aidliyindən çıxıb, yerdə-torpaqda  bitən  şeylərə  yönəldiyinə görə (misal üçün: yeralması, yerfındığı və s.) yaramır.

Biz fəlsəfi kateqoriyanı ifadə etmək üçün niyə dildəki söz vahidinə daha tutumlu məna vermək əvəzinə başqa  dildən  alınma  sözdən  istifadə  etməliyik?

Əgər məchul  bir ifadə lazımdırsa, onu elə öz dilimizdəki  sözü  işlətməklə də edə bilərik. “Nəsnə” yox, “şey”  də deyə  bilərik. Niyə  elə  “nəsnə”  deməliyik  axı?!

Fransızların yaxın tarixində belə bir epizod  var; alimlər təklif ediblər ki, əlifba  dəyişdirilsin. Bunu  isə fransız  dilinin  yazılışında  çətinlik  törədən məqamların  olması  ilə  əlaqələndiriblər.

Doğrudan da, fransız dilinin  yazı  qaydalarında məntiqlə baxanda çoxlu  uyğunsuzluqlar var; bir  səs bir neçə  formada yazılır, eyni səsi  ifadə edən  müxtəlif  hərf birləşmələri  yazını  ağırlaşdırır, sözlərin  sonundakı  samitlər  demək olar  ki, oxunmur və s.

Alimlərin təklifi bütün  Farnsa ictimaiyyətini ayağa  qaldırb. Fransızların  ən  əsas arqumentlərindən biri  bu  olub  ki, biz  əlifbanı  dəyişsək, gələcək  nəsil  keçmiş nəslin  yazdığını  oxuya  bilməyəcək, biz  nəsillərin  arasındakı bağların  qırılmasını istəmirik.

Nə vaxtsa rusların zadəganları öz dillərində  yox, fransız  dilində  danışmağa  üstünlük verirmişlər. 1812-ci ilə qədər. Fransızlarla müharibədən  sonra geri, rus dilinə qayıdıblar.

Yaponlar bir müddət ingilis dilinin təsirində olublar. Amma  aldıqları, istifadə  etdikləri ingilis sözlərini öz  dillərinin qaydalarına uyğun  elə  təhrif  ediblər ki, heç bir ingilis yapon dilində işlənən öz sözlərini tanıya  bilmir. Heç yaponlar  da  fərqində deyillər bu sözlərin.

Kənardan alman dilinə qulaq  asan bu dilin  kobud səslənməsinə fikir verir, amma alman dilini öyrənənlərin  dediyinə  görə, bu  dil  insanın bütün  hissiyyatlarını ifadə etmək gücünə malikdir. Bu  da  filosofların xidmətidir. Onlar  alman dilində yaratdıqları fəlsəfi  əsərlərdə  insan  hisslərinin  bütün çalarlarına  yeni adlar fikirləşib tapıblar.

Bizim  alimlərimiz, filosoflarımız  söz  yaratmaq  istəmirlər. Bizim alimlər, filosoflar əlifbanın da  yox, bütün  dilin  dəyişdirilməsini  istəyirlər  və  cani-dildən  buna  çalışırlar.

Əvvəl adını, sonra əlifbasını, sonra isə dilini. Qazandıqlarımızı qorumaq  əvəzinə, tarixdə, dünyada  yerimizi  möhkəmlətmək  əvəzinə var-gücləri ilə xalqın olan-qalanını da onun-bunun quyruğuna calamağa çalışırlar. Dost olsun, ya düşmən, fərq eləməz. 

Dil özünü qorumağı artıq bacarmır.

Aşağı  səviyyəli təhsil, açılan sərhədlər, damlardakı çanaqlar, iqtisadi gerilik, texnolji asılılıq, beyin axını, yoxsulluq  və ondan doğan fəsadlar, dini  ekspansiya, sosial  şəbəkələrdə yayılan savadsız yazılar və  onların sürətli  yayılma  imkanları, televiziya, radio məkanındakı  öz  dilini  doğru-dürüst  danışa  bilməyən aparıcılar, bayağı filmlər, seriallar, mahnılar, mədəni  tədbir adına iddia  edən toy məclisləri, məişət  pozğunluğu, korlanmış  mənəviyyat, itirilmiş mənəvi dayaqlar, dağılan ailələr, küçədə  böyüyən  tərbiyəsiz uşaqlar, savadsız analar, gündə  yüz  dəfə  əksilən ailə başçıları, dünən dolanma dərdindən  qol-qabırğasını sındırıb rus  dilində, bu  gün  isə  işçisi  olduğu  türkə  salam  əvəzində mərhəba deməyə məcbur olan fəhlələr, əvvəllər  yeyib-içib  keflənəndən sonra rus  dilində, bu  gün  isə türk  və ya  ingilis  dilində  danışmağa cəhd  edən məclis  əhli, dolanma  xatirinə saqqal uzadıb, şalvar  qısaldıb və  ya əksinə salvar  uzadıb, saqqal gödəldib dini mövzularda danışmağa cəhd edən gizli-aşkar ruhanilər, gecə barlarında hər millətin  nümayəndəsi ilə dil tapmağa çalışan sürüşkənlər, ümumiyyətlə məktəb üzü  görməyən qızlar, kompüter arxasında bütün naməlum sözləri olduğu kimi qavrayan kiçik uşaqlar ...

Onlardır bu gün gördüklərimiz. Onlardır bu  gün  dilin “inkişafını” təyin edənlər. Onlar fəlsəfi  traktat  oxumurlar. Onlar  kitab  oxumurlar.

Onları dilin necə  işlənməsindən  daha çox onun necə xeyir gətirə biləcəyi  maraqlandırır. Onlara  yazmaq, oxumaq  lazım  deyil. Onlara  nə  cür  olur-olsun,  pul  qazanmaq  lazımdır, sadəcə  olaraq ayaqda  qalmaq lazımdır.

Məktəb

Savad heç ikinci, üçüncü  yerdə də  də  deyil. Savad -  ümumiyyətlə, onların  maraq  dairəsinə daxil  deyil.

Onlara  bu gündən  o  biri  günə  sağ-salamat  keçmələri üçün vacib  olan  bir şey  var.  O şey  isə  oxumağı, savadlanmağı  tələb eləmir. Onların  biliyini, savadını  “dolanma” əvəz  eləyir.

Bu gün nəzərlər bu adamlara yönəlməlidir. Saymaqla  qurtarmaq  bilməyən  böyük  bir savadsızlar  ordusuna. Nəinki  yazmaq, heç fikrini  şifahi  ifadə  etməyi  bacarmayan böyük  bir kütləyə və...

...artıq ölüm  ayağında  olan  dili məhv  edib yeni dil yaratmağa çalışanlara... görəcəklərimizə.

Onsuz da  hamı çaş-başdır. Heç  olanı başa  düşmür. Siz  də  istəyirsiniz  ki, bir  az  üstünə  qoyasınız. Daha  qəliz, daha  gec  anlaşılan, özünüzün  kəşf  edib tapdığınız, ancaq özünüzün  anladığınız   sözlərdən istifadə  edəsiniz.  

Dil bir fikrin  başqasına çatdırılması  üçündür. Dil  ünsiyyət vasitəsidir. Yazı  isə  ondan  doğulub. Sadəcə  olaraq,  həmin  dili simvollaşdırıb. Bu günkü  şifahi  dilimiz  artıq  təbəqələrə, silklərə, regionlara, sosial  qruplara  bölünüb, parçalanıb.

Dil bizi artıq birləşdirmir, dil – bizi  bölür. Biz də üstəlik, şifahi və yazılı dili  bölürük, onların  arasında  bu  dərinlikdə yarğan yaradırıq. Məqsədimiz nədir?

Nə  vaxtsa  pulla məktub  yazıb, sonra  da  özü  yazdığı  məktubu yenə  pulla  oxumaq  üçün onu  ilan-çayanla dolduran  mollalara bənzəmirık  ki, təsadüfən ?

Mənim fantastik bir arzum var:

Azərbaycan  məktəblərində “Əlifba tarixi” fənni. Orxon-Yenisey mixi  yazılarından tutmuş ərəb əlifbası, kiril  əlifbası, latın  əlifbası  dərslərinə kimi .

Amma qorxuram.

Heç indiki  əlifbanı  da  öyrədə  bilmirlər. Elə  hər  şey  də  bundan  başlayır.

Və ya sona yetir.

Ya da yenidən başlayır…

 

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)