Bu gün, dekabrın 1-də Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs edilib.
AXCP sədri barəsində 2026-cı ilin fevralın 13-ə kimi həbs-qətimkan tədbiri seçilib.
Məmməd İbrahim də həbs edildi
Səbail rayon Məhkəməsinin qərarı ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs edilib. Onun barəsində 12 fevral 2026-cı il tarixinə qədər həbs-qətimkan tədbiri seçilib.
Əli Kərimliyə ittiham irəli sürülüb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumatı onun vəkilləri də təsdiqləyiblər.
+++
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də Ə.Kərimli ilə eyni maddə üzrə ittiham elan olunub. Söhbət Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsindən gedir.
Həmin maddə üzrə şəxsə ömürlük həbs cəzası verilə bilər.
Saxlananlardan bəziləri buraxılıb
Son günlər saxlanan AXCP fəallarından bəzilərinin sərbəst buraxıldığı bildirilir. Onlardan AXCP sədri Əli Kərimlinin köməkçiləri Faiq Əmirli və Ruslan Əmirlinin ifadələri alındıqdan sonra sərbəst buraxıldığı deyilir.
Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun da buraxılanlar arasında olduğu vurğulanır.
Bütün baş verənlərlə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb.
30 noyabr
Cəmil Həsənlinin ifadəsi alınıb
Milli Şuranın sədri Cəmil Həsənlinin noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.
Yerli saytlarda onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı davam edən cinayət işi üzrə şahid qismində dindirildiyi vurğulanır.
Bu barədə C.Həsənli də Facebook səhifəsində açıqlama yayıb. "DTX-da məni Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb", - o qeyd edib.
C.Həsənlinin sözlərinə görə, habelə Milli Şura, 2013-cü ildə prezident seçkisində namizəd olması və başqa məsələlərlə bağlı maraqlanıblar.
Bu açıqlamaya DTX-nın özündən münasibət almaq mümkün olmayıb.
AXCP "genişmiqyaslı repressiya"nı pisləyir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) noyabrın 30-da daha bir bəyanat yayaraq "ailə hakimiyyətinin milli-demokratik qüvvələrə qarşı başladığı növbəti genişmiqyaslı repressiya kampaniyası"nı pisləyir.
"AXCP sədri Əli Kərimli ilə yanaşı, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin, MŞ Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və ayrı-ayrı cəbhə funksionerlərinin qondarma cinayət işinə cəlb edilməsi və onlara qarşı irəli sürülən saxta ittihamlar sırf siyasi sifariş xarakteri daşıyır", – bəyanatda deyilir.
Partiya dövlət çevrilişi ilə bağlı ittihamları rədd etdiyini vurğulayır.
AXCP sədrinin, bir neçə üzvünün saxlanması, onların nədə ittiham olunması barədə hələlik rəsmi informasiya verilməyib.
Əli Kərimlinin şübhəli şəxs qismində saxlanıldığı bildirilir
AXCP sədri Əli Kərimlinin şübhəli şəxs qismində saxlanıldığı bildirilir. Bu barədə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid yazıb.
"Bizdə olan bilgi budur ki, o, 278.1 maddəsi (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) ilə açılan cinayət işi üzrə istintaqa cəlb edilib (bildiyim qədər və prosedur gərəyi- şübhəli şəxs qismində)", - Q.Zahid sosial şəbəkədə yazıb.
APA isə noyabrın 30-da yazıb ki, Ə.Kərimli və AXCP üzvü Məmməd İbrahim Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Agentlik hələlik onlara ittiham elan olunmadığını qeyd edir.
Cəmil Həsənli ölkədən buraxılmayıb
Milli Şuranın sədri Cəmil Həsənli isə noyabrın 30-da həyat yoldaşı ilə birlikdə Dubaya getmək üçün ölkədən buraxıılmadığını deyir.
“Artıq məni şahid qismində DTX-ya dəvət ediblər. Evimizdə axtarış aparılacağı istisna edilmir: Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdı”, – tarixçi professor sosial şəbəkədə yazıb. O, evindən çıxacaq hansısa şübhəli sənəd və vəsaiti "saxta" adlandırıb.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə sosial mediada oğlu ilə birlikdə yaşadığı İstanbulda polisə aparıldığını yazıb. O, noyabrın 29-da AzadlıqRadiosuna müsahibəsində PA-ın keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını "absurd" adlandırıb. Siyasətçi Türkiyədən Azərbaycana deportasiya olunacağını istisna etməyib: "Görünür, Azərbaycan hakimiyyətinə Ramiz Mehdiyev olayı siyasi müxalifəti sıradan çıxarmaq üçün lazımdır".
29 noyabr
AXCP sədrinin evində axtarış aparılıb
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində axtarış aparıldığı və onun saxlandığı bildirilir. Axtarış və saxlanmanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi iddia edilir.
Bu barədə noyabrın 29-da günorta saatlarında AXCP-nin ayrı-ayrı təmsilçiləri məlumat yayıb. Onların vurğulamasına görə, AXCP Sabunçu rayon şöbəsinin sədri Fariz Əlizadə isə dünən, noyabrın 28-də səhər saatlarında evindən çıxıb, ondan xəbər yoxdur. Partiyadan onun tutulduğunu düşünürlər.
Ə.Kərimlidən başqa AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparıldığı bildirilir. Onun oğlu Turan İbrahim Facebook hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb: "13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər".
Partiyanın digər üzvləri də sosial mediada təqib olunduqlarına aid iddialar bölüşüblər.
AXCP fəallarından Faiq Əmirlinin, Ə.Kərimlinin köməkçisi Ruslan Əmirlinin noyabrın 29-da saxlandığı, daha sonra buraxıldığı bildirilir.
AzadlıqRadiosu DTX və Daxili İşlər Nazirliyindən (DİN) bütün bunlarla bağlı məlumat almağa cəhd etsə də, mümkün olmayıb.
Ə.Kərimli ilə bağlı xəbəri hökümətyönlü medialar da yayıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Prezident Administrasiyası Aparatının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. Verilən məlumatlara görə, Bakı şəhər Səbail rayon Məhkəməsi R.Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi vurğulanır.
Bundan əvvəl AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ramiz Mehdiyevlə bağlı iddiaların müxalifət hissəsi: Yeni həbslər gözləmək olarmı?
Əli Kərimlinin evində məktub tapılıb?
Axşam saatlarında AXCP-dən bildirilib ki, Ə.Kərimlini DTX-ya aparıblar.
Partiyadan vurğulandığına görə, axtarışa gələrkən evin qapısını qonşu qadın adı ilə döyüblər, Ə.Kərimli qapını acanda isə evə daxil olublar: "Daha sonra Əli Kərimlinin evdəki masasının siyirməsinə Ramiz Mehdiyevin adından mətbuatda yayılan məktubu qoyublar və axtarış zamanı guya bu məktubu oradan tapıblar".
"Mediada yayılmış məktubu Əli Kərimlinin siyirməsinə məxfi sənəd kimi qoyub, sonra da guya axtarış nəticəsində onu aşkarlamaq işin nə qədər qurama və əsassız olduğunu göstərir", - AXCP-dən bildirilib.
Bu məlumata DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hakimiyyətə yaxın mediada bir müddət öncə R.Mehdiyevə məxsus olduğu deyilən bir məktubun sürəti yayılıb. Həmin media qurumlarının iddiasına görə, orada yazılanlarla Azərbaycanda hakimiyyət çevrilişi planı həyata keçirmək istəyən Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyev Kremlə üz tutub. Amma belə bir məktubun varlığını nəinki R.Mehdiyev, hələlik heç rəsmi qurumlar da təsdiqləməyib.
AXCP "siyasi motivlidir" deyir
"Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir". Bunu AXCP noyabrın 29-u axşam saatlarında yaydığı bəyanatında bildirir.
"Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib", - AXCP hesab edir
"Siyasi fəaliyyətin ölkədə, demək olar ki, tamamilə qadağan olunduğu, vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bir şəraitdə bu əməliyyat siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addımdır", - bəyanatda əlavə edilir.
Hakimiyyət rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə fundamental azadlıqlar qorunur, insanlar tənqidi mövqeləri və siyasi fəaliyyətlərinə görə təqib edilmirlər.
Yeni saxlananların olduğu bildirilir
Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun da saxlandığı bildirilir. Bu barədə isə onun yaxınları məlumat yayıb. Onu da DTX əməkdaşlarının saxladıqları vurğulanır.
Hələlik bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Noyabrın 30-da axşama doğru Saleh Rüstəmovun ailə üzvləri onun buraxıldığını bildiriblər.
S.Rüstəmov bundan əvvəl AXCP-yə qanunsuz maliyyə yardımında ittiham olunaraq həbs edilmişdi, sonradan həbs müddəti başa çatmamış prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. O, həbsi ilə bağlı ittihamı qəbul etmirdi.
Rusiyada yaşayan S.Rüstəmovun yaxınlarının yaş mərasiminə qatılmaq üçün Azərbaycana gəldiyi bildirilirdi. Bir müddət öncə isə onun ölkədən çıxışına məhdudiyyət qoyulduğu açıqlanmışdı. S.Rüstəmovun vəkili də bununla bağlı rəsmi qurumlara müraciət etmişdi.
Xatırlatma
AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.