Bu gün, noyabrın 24-ü səhər Bakıda beşmərtəbəli "AFEN Plaza" biznes mərkəzində partlayış olub, beş nəfərin xəsarət aldığı bildirilir.
Olayın səbəbi açıqlanmır.
Biznes mərkəzinin sahibinin ehtimalı: Binada qaz olmayıb, yeraltı qaz sızıb
"Partlayış baş verən binada qaz olmayıb. Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər". Yerli saytların məlumatına görə, bunu jurnalistlərə açıqlamasında partlayış olan "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.
O, partlayışın zədələnmə nəticəsində yaranan yeraltı qaz sızmasından baş verdiyini ehtimal etdiyini bildirib: "Görünür ki, sızma olandan sonra yaxşı təmir etməyiblər və binaya qaz sızıb. Zirzəmiyə qaz toplanıb, səhər işçi işığı yandıranda partlayış baş verib".
Bu açıqlamaya "Azəriqaz" İstehsalat Birliyi və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.