Həbsdəki işçi hüquqları fəalının aclıq aksiyası keçirdiyi deyilir

Ayxan İsrafilov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin həbsdə olan üzvü Ayxan İsrafilovun qanunsuz olaraq qapalı şəraitdə saxlanmasına və şəxsi əşyalarının götürülüb qaytarılmadığına görə üç gündür ki, quru aclıq aksiyasına başladığı bildirilir. Bu barədə bu gün, noyabrın 25-də onun yaxınları məlumat yayıb.

Məlumata görə, noyabrın 25-də onunla telefon danışığı yarımçıq kəsilib: "Ayxan İsrafilov 3-cü qrup əlillidir və quru aclıq onun səhhəti üçün son dərəcə təhlükəlidir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Ailəsi və yaxınları Ayxan İsrafilovun səhhətindən narahatdır".

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

5 noyabr

Həbsdəki işçi hüquqları fəalından xəbər var

Həbsdə olan işçi hüquqları fəalı Ayxan İsrafilovun Bakı İstintaq Təcridxanasına köçürüldüyü bildirilir. Bu barədə onun yaxınları məlumat yayıb. Onların sözlərinə görə, fəal həbs müddətinin üçdə ikisini tamamladığı ilə bağlı şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin etməyib və A.İsrafilov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Yaxınlarının əlavə etməsinə görə, onun şikayəti üzrə noyabrın 12-də apellyasiya iclası təyin olunub və A.İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürülür.

O, ailə üzvləri ilə telefon danışığında bildirib ki, BİT-də qapalı rejim hökm sürür, bu isə onun səhhəti üçün əlverişli deyil: "İstintaq təcridxanası isə qapalı şəraitdir. Bu, birbaşa olaraq mənə verilən hökmə əsasən, hüquq pozuntusudur".

Yaxınlarının vurğulamasına görə, fəalın ayağında zədə var, o, idman hərəkətləri etməlidir, qapalı rejimdə isə bu mümkün deyil. Onların sözlərinə görə, A.İsrafilov həm də bildirib ki, BİT-də ona ailə üzvləri ilə yalnız şüşə arxasında görüşə biləcəyi deyilib: "O əlavə edib ki, onun saxlanıldığı 10 kvadratmetrlik kamerada altı nəfər qalır".

Bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

A.İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə ötən il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. A.İsrafilov ittihamı qəbul etmir.

2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.