Bakıda bir gəncin kanalizasiyaya düşüb ölməsində təqsirləndirilən: '... orada işləmirdim'

Cümşüd Cümşüdlü

Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində - adətən, "Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün dayandığı vaxt yerin çökməsi nəticəsində kanalizasiya kanalına düşüb həyatını itirməsinə görə noyabrın 27-də məhkəmə araşdırmaları başlanıb.

Bu olaya görə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsiylə suçlanır.

Olaya görə cavabdeh sayılan A.Cümşüdov özünü təqsirli bilmir və hadisəyə heç bir aidiyyəti olmadığını söyləyir. O, iyunun 27-də Nərimanov rayon Məhkəməsində ilkin hazırlıq iclasında bildirib ki, hadisə baş verəndə artıq orada işləmirdi və bunu təsdiqləyən əmr də var. A.Cümşüdov həmin əmri istintaqa təqdim etdiyini vurğulasa da, cinayət işinin materialları ilə tanış olanda bu sənədi onların arasında görmədiyini deyib.

Təqsirləndirilən şəxs istintaqdan narazılığını belə dilə gətirib: "Bu işin mənə heç bir aidiyyəti yoxdur. Sübutlarım var ki, o hadisə baş verəndə mən orada işləməmişəm. Bəzi sənədlər işə əlavə olunmayıb".

A.Cümşüdov əlavə edib ki, istintaq dövründə ona dövlət hesabına vəkil təyin edilsə də, həmin müdafiəçi ilə ünsiyyəti olmayıb. Vəkil onun hüquqlarının qorunması üçün heç bir addım atmayıb.

Məhkəmədə A.Cümşüdova vəkillik edən Anar Ramazanov bu işə yeni qoşulduğunu əsas gətirərək cinayət işinin materialları ilə tanış olmaqdan ötrü vaxt istəyib.

Bu üzdən, məhkəmənin hazırlıq iclası dekabrın 9-dək ertələnib.

Mərhum C.Cümşüdlünün anası məhkəməyə zərərçəkmişin hüquqi varisi qismində qatılıb.

Xatırlatma

Bu il iyunun 26-da Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında C.Cümşüdlü dayandığı vaxt qəfildən yerin çöküb və çirkab sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularını təmizləmə anbarından tapılıb.

Araşdırmalar zamanı bilinib ki, olayın yaşandığı kanal Bakı Su Kanal İdarəsinin balansındadır və bu qurum tərəfindən istismar olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bir də gördüz Bakıda binalar da çökdü'