Bəhruz Səmədov Umbakı həbsxanasına köçürülür

Bəhruz Səmədov

Məhkəmə həbsdə olan gənc politoloq Bəhruz Səmədovun 1 il müddətinə Umbakı Penitensiar Kompleksinə köçürülməsi ilə bağlı qərar verib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların demələrinə görə, B.Səmədovun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Binəqədi rayon Məhkəməsinə müraciət edib. Yaxınları əlavə edib ki, proses dekabrın 1-də elə həbsxananın daxilində gerçəkləşib. Məhkəmə rəhbərliyin müraciətini təmin edib.

B.Səmədovun 82 yaşlı nənəsi Zibeydə Osmanova deyib ki, prosesə onları buraxmayıblar: "Sonra vəkili zəng etdi ki, onu təzədən bir il müddətinə Umbakıya göndərirlər. Bəhruz demişdi ki, beş-altı ay qalacaq orada. Vəkil isə deyir ki, bir il qalacaq, sonrası məlum deyil".

Z.Osmanova nəvəsinin vəziyyətini onun öz sözləri ilə belə çatdırır: "Deyir ki, "kitablar olmasa, dəli olardım". Yeganə övladım, yeganə nəvəm məhbəslərdə zülm çəkir. Mən necə ola bilərəm? Xəstəyəm, təzyiqim qalxır, təcili yardım çağırıram. Qonum‑qonşuya düşürəm ki, mənə iynə vursunlar".

Hələlik B.Səmədovun nənəsinin şikayətlərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Umbakı Penitensiar Kompleksinin digər cəzaçəkmə müəssisələrinə nisbətən daha sərt qaydalarla idarə edildiyi bildirilir.

17 noyabr

'Kars'da saxlanılan Bəhruz Səmədovun cəzası ağırlaşdırıla bilər

Həbsdə olan gənc politoloq Bəhruz Səmədovun cəza rejimi ağırlaşdırıla bilər.

AzadlıqRadiosunun məlumatına görə, B.Səmədovun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun həbsxana rejiminə köçürülməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib.

"Ərizəyə noyabrın 24-də hakim Samir Nəsibov baxıb qərar verəcək", - məhkəmədən bildirilib.

Ərizədə iddia olunur ki, B.Səmədov müəssisədə daxili intizam qaydalarına əməl etmir, dəfələrlə qaydaları pozduğuna görə haqqında akt tərtib olunub.

Politoloqun nənəsi Zibeydə Osmanova isə bildirir ki, nəvəsi oktyabrın 17-də bu cəzaçəkmə müəssisəsinə gətirildiyi gündən birbaşa cəza kamerasına (kars) salınıb. Bir aydır B.Səmədovun heç bir əsas olmadan karsda saxlandığını deyən Z.Osmanova vurğulayıb ki, məqsəd daha çox əzab verməkdir: "Heç bir cinayət törətmədiyi halda, şərləyib 15 il verməklə ürəkləri soyumur, orada da karsda saxlayırlar. Bəhruzu 11 saylı Cəzaçəkmə Müəssisəsinə gətirən kimi birbaşa karsa salıblar, indiyə qədər də orada saxlayırlar. Bu adam harada qaydanı pozdu ki, onu cəzalandırdınız? Nə qədər yalan, şər-böhtan danışmaq olar?!".

Noyabrın 17-də B.Səmədovun karsda saxlanmasıyla əlaqədar məhkəməyə verdiyi şikayətə baxılıb. Məhkəmə prosesi onun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Z.Osmanovanın bildirdiyinə görə, məhkəmədə nəvəsi də, onun vəkili də qayda pozuntularıyla bağlı sübutlar, videogörüntülər tələb edib: "Sözlə deməklə, yalan akt tərtib etməklə deyil, axı. Sübut istəyəndə deyirlər ki, o yerdə videokamera yoxdur".

Məhkəmə B.Səmədovun cəza kamerasında əsassız saxlanması barədə şikayətinin baxılmamış saxlanmasına qərar verib.

B.Səmədova qarşı qanunsuz rəftar barədə nənəsinin dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Bu qurumdan AzadlıqRadiosuna əvvəlki açıqlamalarda penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunda nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğu vurğulanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda kimlər dövlətə xəyanətdə ittiham olunub?

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov 2024-cü il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.

O, özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəalın ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəldiyi deyilir.