'Ət yerinə soxulcan': Belaruslu qadın siyasi məhbusların həbsdə yaşadıqları

Qomel həbsxanası

Belarus Avropanın ən repressiv dövlətlərindən sayılır. 2020-ci ildə mübahisəli prezident seçkisindən sonrakı amansız repressiyalar durumu daha da ağırlaşıb.

Hüquq müdafiəçiləri ölkədə azı 1 min 100 nəfərin siyasi motivli ittihamlarla həbsdə yatdığını bildirirlər. Onların arasında 150-dən çox qadın var. Bu qadınların çoxu ölkənin cənub-şərqindəki Qomel şəhərində bədnam cəza koloniyasında saxlanır.

Keçmiş məhbuslar AzadlıqRadiosunun Belarus xidmətinə həmin müəssisədəki ağır şəraitdən söz açırlar.

"Həmişə ac olurdum"

İndi azadlıqda, amma mühacirətdə yaşayan qadınlar buz kimi soyuq kameralardan, çürümüş ərzaqdan, qul əməyinə çevrilmiş tikiş işlərindən, ən kiçik həmrəylik jestlərinin belə yasaqlanmasından danışıblar.

"Kabus kimidir", – 20 il cəzaya məhkum edilmiş Qalina Derbış deyir. O, Aleksandr Lukaşenkonun avtoritar rejiminin qəzəbinə tuş gələrək terrorçuluqda təqsirli bilinib.

"Həmişə ac olurdum", – deyən 64 yaşlı təqaüdçü vaxtilə mühasib işləyib, müstəqil seçki müşahidəçisi olub. O, sentyabrda ABŞ-nin vasitəçiliyi ilə onlarla digər siyasi məhbusla birlikdə azadlığa çıxıb.

"Səhərlər sıyıq, ağ çörək və çay verirdilər. Sonrası bəxtəbəxt idi. Bəzən kartoflu xörək verilirdi, ancaq ona baxmasan, yeyə bilirdin. Ət əvəzinə içində soxulcan olurdu", – o danışır.

Soyuqdan qorunma hiyləsi

Avropa Belarus Hərəkatının üzvü, 50 yaşlı ictimai fəal Polina Şarendo-Panasyuk beş ildən çox həbsdə qalıb. O, Qomel müəssisəsini QULAQ-a bənzədir, deyir, ən böyük problem dəhşətli soyuq idi: "Məhbuslar başlarına kiçik əl dəsmalını bağlayırdılar ki, öz nəfəsləri ilə isinsinlər. Bu, klassik hiylə idi. Mühafizəçilər gündüz-gecə qapını dəyənəklə döyüb qışqırırdılar: "Dəsmalı çıxart!". Tualet kağızına ilə sarınanda o qədər nəzərə çarpmırdı. Özümüzü elə isti saxlayırdıq".

Psixoloji təzyiq

60 yaşlı Natalya Dulina Minsk Dövlət Dillər Universitetinin keçmiş dosentidir. O, hökumətə qarşı etirazlarda iştirakına görə "ekstremizm" ittihamı ilə həbs edilib. Danışır ki, psixoloji təzyiq bəzən dözülməz həddə çatıb.

"Bəzən adama elə gəlirdi ki, dəlixanadasan, psixiatrik palatadasan", – o xatırlayır.

30 yaşlı bloqer və feminist fəal Darya Afanasyeva 2020-ci il etirazları ilə bağlı həbs olunaraq iki ildən çox həbsdə qalıb. O, psixoloji təzyiqi məqsədli sayır.

"Qayğı, dəstək, dostluq kimi insani hisslər burada qadağandır. Doğmalıq, sevinc, sevgi də həmçinin", – o əlavə edir.

Afanasyeva deyir ki, hətta suyu birlikdə qaynatmaq kimi ən kiçik həmrəylik jesti belə cəzaya səbəb ola bilərdi: "Səhər tezdən ümidsizliklə necə mübarizə aparacağını bilmirsən".

"Sidikli ayağımla formanı tapdalayırdım"

40 yaşlı bloqer Olqa Tokarçuk 2021-ci ildə məmurları təhqir etdiyi deyilən onlayn postlara görə 18 ay həbsə məhkum edilib. O, həbsdə məcburi əməkdən nəzarət vasitəsi kimi istifadə olunduğunu söyləyir: "Bu, ödənişsiz kölə əməyidir. Dövlət üçün işləyirsən".

Dediyinə görə, məhbusları onları həbs edən təhlükəsizlik qüvvələri üçün forma tikməyə məcbur edirdilər: "Bu, Lukaşenkonun "ağıllı" gedişi idi".

Amma Tokarçuk vurğulayır ki, Qomeldəki sərt rejim məhbusların müqavimət ruhunu tam sındıra bilməyib: "Formaların necə nifrətlə və ikrahla tikildiyini hiss edirdin. Məhbuslar onları tüpürüb tapdalayırdılar".

"Tualetə gedirdim, yer sidik içində olurdu, sonra ayağımla formanı tapdalayırdım və düşünürdüm: "Sənə də bu cür forma yaraşır"", – o deyir.