ABŞ prezidenti Donald Tramp administrasiyası Belarus hakimiyyəti ilə azı 100 siyasi məhbusun buraxılmasını müzakirə edir. Bunu "Reuters" mənbələrə istinadla yazıb.
Mənbələrə görə, bu, "Minski Moskvadan geosiyasi baxımdan uzaqlaşdırmağı hədəfləyən uzunmüddətli, daha geniş strategiyanın bir hissəsidir".
Amma Belarusun avtoritar lideri Aleksandr Lukaşenko noyabrın 26-da Qırğızıstanda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Putin deyib ki, onlar Bişkekdə "dostların əhatəsindədirlər".
Sentyabrın 11-də Belarusda Lukaşenkonun əfv fərmanı ilə 52 siyasi məhbus azadlığa çıxıb. Onların arasında Sergey Tixanovski və AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti İqar Losik də olub. Casusluqda ittiham olunmuş 14 əcnəbi də azad edilib.
Bu əfv ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koulun Minskə səfəri fonunda gerçəkləşib.
Noyabrın 5-də ABŞ Maliyyə Nazirliyi Belarusa məxsus "Belavia" dövlət aviaşirkətini, yüksəkvəzifəli Belarus rəsmilərinin və Lukaşenkonun ailə üzvlərinin istifadə etdiyi "Bombardier Challenger 850" biznes təyyarəsini sanksiya siyahısından çıxarıb. Bu sanksiyalar 2021-ci ilin dekabrında tətbiq edilmişdi.
Tramp avqustda demişdi ki, Vaşinqton və Minsk daha 1300 məhbusun azadlığa buraxılmasını müzakirə edir.
"Reuters" yazır ki, tərəflər bu dəfə razılığa gələ bilsə, Belarusda bir dəfəyə ən böyük siyasi məhbus qrupu azadlığa çıxa bilər. Belarusun "Vyasna" hüquq-müdafiə mərkəzi ölkə koloniyalarında 1246 siyasi məhbusun cəza çəkdiyini bildirir.
Lukaşenko özü 2006-cı ildən ABŞ sanksiyaları altındadır.