Bolqarıstanda onilliklərin ən böyük etirazları olub [Video]

1 dekabrda Sofiyada Müstəqillik Meydanında hökumət əleyhinə etiraz aksiyası zamanı izdiham.

Dekabrın 1-də axşam on minlərlə insan Sofiyada, Bolqarıstanın digər şəhərlərində küçəyə çıxaraq hakim koalisiyanın büdcə planlarına etiraz edib. Ertəsi gün səhər hökumət geri çəkilib.

Kütlə həm də "istefa" şüarları səsləndirib. Müstəqillik meydanına çıxmış insanlar korrupsiya və iqtisadi problemlərə qəzəblərini bildiriblər. Bunlar ölkədə 1990-cı illərdən bəri ən böyük nümayişlər idi.

Dekabrın 2-də müxalifət partiyaları növbəti addımların müzakirəsinə yığışıb. Onların hökumətin istefasını tələb edə biləcəyi, növbədənkənar seçkilər çağıracağı ilə bağlı ehtimallar artıb.

"30 ildən çoxdur hakimiyyətdə olan bu dələduzların yaratdığı durum dayanmalıdır. Biz bunu dəyişməliyik", – Sofiyadakı etirazçılardan Aleksandr Karatov deyib.

Niyə indi?

Etirazlara səbəb olan büdcə layihəsində pensiya və sosial müdafiə sistemlərinə fərdi ödənişlərin artırılması nəzərdə tutulurdu. Etirazları elan edən müxalifət partiyalarına ictimai dəstək isə elə də böyük deyil.

Büdcə hüquq-mühafizə orqanlarında çalışan dövlət qulluqçuları üçün maaş artımları da nəzərdə tutur, bu isə korrupsiya, büdcədən israfçılıq sarıdan çoxdankı narazılığı daha da körükləndirib.

Karatov AzadlıqRadiosunun bolqar xidmətinə deyib ki, onun sosial müdafiə ödənişləri, vergiləri şəffaf idarə olunmur: "Bir işçi kimi məndən daha çox oğurlayırlar. Həm də daimi. İndi daha çox oğurlamaq istəyirlər. Buna imkan vermək istəmirəm".

Onun fikirlərini etirazçıların çoxunun paylaşdığı görünür, onlar hökuməti "mafiya" adlandırıblar.

Aleksandr Karatov

"Transparency International"ın dəyərləndirməsinə görə, Bolqarıstanı Avropa İttifaqında ən korrupsiyalaşmış ikinci ölkədir (birinci yerdə Macarıstan dayanır). Aİ-nin statistikasına görə, Bolqarıstan həm də blokun ən yoxsul ölkəsidir. Onu blokun siyasi baxımdan ən qeyri-sabit üzvlərindən sayırlar. 2021-ci ildən bəri bolqarıstanlılar yeddi dəfə parlament seçkilərinə gediblər, çoxsaylı mərkəzçi və sağçı koalisiyalar sabit hökumət qura bilməyib.

Karolina Koleva adlı etirazçı radioya deyib ki, "təqaüdçülər, analar, müəllimlər,.. səhiyyə üçün daha yüksək vergiləri qəbul edərdi, amma bu pul yenə də müxtəlif adamların bonuslarına xərclənəcək".

Hökumətə təhdid varmı?

Son bir neçə həftədə hökumət ikinci dəfədir büdcə təkliflərinə etirazla qarşılaşır. Noyabrın 28-də etirazlardan sonra hökumət planlarını yenidən nəzərdən keçirəcəyini açıqlayıb. İndi isə tamamilə yenidən işlənəcəyini bildirir.

1 dekabr nümayişlərinin miqyası insanları təəccübləndirib. Adətən etirazlar Sofiyada olurdu, bu dəfə isə Bolqarıstanın bir çox şəhər və qəsəbələrində böyük kütlələr küçələrə axışıb.

Bəzi etirazçılar Bolqarıstanın yanvarın 1-dən avrozonaya qoşulmaq qərarına etiraz ediblər.

Konkret siyasətçilərə – Boyko BorisovDelyan Peyevskiyə açıq antipatiya diqqət çəkib. Borisov 2009-2021-ci illərdə üç dəfə baş nazir olub. Deputat və oliqarx Peyevskiyə isə Böyük Britaniya və ABŞ korrupsiyaya görə sanksiya tətbiq edib. Onların heç biri hazırda hökumətdə çalışmır, ancaq hakim koalisiyadakı iki partiyanın rəhbərləridir.

Stoyço Stoyçev

Etirazçı Stoyço Stoyçev AzadlıqRadiosuna deyib ki, bu iki şəxs "zəbt olunmuş dövlətin simvollarıdır". O, müstəqillik meydanına çıxmasını "son 15 ilin biabırçılıqları" ilə izah edib. Borisov kimi siyasətçilərin onilliklərdir hakimiyyət dairələrində olması da etirazların daha bir səbəbidir.

Daha bir səbəb Varna meri Blaqomir Kotsevin həbsdən buraxılmasıdır. O, aylarla korrupsiya ittihamı ilə həbsdə saxlanıb, tərəfdarları bunu "siyasi motivli" adlandırıblar.

"Demokratiya korrupsiyaya uğrayıb, onu geri almalıyıq", – Kotsev Varnadakı etirazçılara bildirib. Sofiyada onun çıxışını nəhəng ekranlardan izləyən etirazçılar "Qələbə!" şüarları səsləndiriblər.

Borisov, Peyevski, baş nazir Rosen Jelyazkov deyilənlərlə bağlı, hələlik, açıqlama verməyiblər.

Dekabrın 1-də gecə polislə etirazçılar arasında bəzi toqquşmalar olub. Bolqarıstan hakimiyyəti 10 nəfərin saxlanıldığını bildirib. Ümumilikdə isə ölkə üzrə aksiyalar dinc keçib.