Çin ölkədə sata bilmədiyi, benzinlə işləyən avtomobillərlə dünya bazarlarını doldurur. Çində daha çox elektrik avtomobillər (EV) satıldığından ölkənin avtomobil istehsalçıları benzinlə işləyən maşınları ixrac edirlər. "Reuters" dekabrın 2-də dərc etdiyi xüsusi hesabatda belə yazır.
Agentlik qeyd edir ki, EV sənayesi cəmi bir neçə il ərzində Çindəki bazarının yarısını əldə edib. Bundan təkcə xarici şirkətlər deyil, elə Çinin öz avtomobil istehsalçıları da itirib və sonuncular mədən yanacağı ilə işləyən maşınlarını dünya bazarlarına doldurublar.
2020-ci ildən bəri Çinin avtomobil ixracının 76 faizini məhz bu cür avtomobillər tutub, illik göndərişlər 1 milyondan bu il 6.5 milyona çatıb. Statistikanı Çinin "Automobility" konsaltinq şirkəti açıqlayıb.
Ən böyük ixracatçılar isə SAIC, BAIC, "Dongfeng" və "Changan" nəhəngləridir. 1980-ci illərdə onlar xarici avtomobil istehsalçıları ilə birgə müəssisələr qururdular. Son vaxtlar Çinin özündə BYD kimi EV istehsalçıları artdıqca, birgə müəssisələrin satışı da azalıb. Məsələn, SAIC-GM 2020-ci ildə 1.4 milyon avtomobil satıb, 2024-cü ildə 435 min.
"Reuters" yazır ki, indi bu dövlətə məxsus oyunçular ixrac bazarlarında satışı gücləndirirlər. SAIC-in öz brendlərinin - GM-siz ixracı 2020-ci ildə 400 min, ötən il 1 milyondan çox olub.
"Dongfeng" ötən il 250 minə yaxın avtomobil ixrac edib ki, bu da beş ildə dörd qat artım deməkdir. Şirkətin Mərkəzi Avropa üzrə meneceri Yalte Vernoy bunu məhz dövlətə məxsus olmaları faktı ilə izah edir: "Ayaqda qalacağımıza şübhə yoxdur".
"Reuters" benzinlə işləyən avtomobillərin Şərqi Avropa, Latın Amerikası, Afrika bazarlarında daha yaxşı satıldığını yazır. Bu yerlərdə EV-enerji doldurma infrastrukturu da zəifdir.
Ötən ilin ilk 10 ayında Azərbaycan Çindən 396 milyon dəyərində 15 min 471 hibrid və elektrik avtomobili idxal edib. 2023-cü ildə isə 154 milyon dollarlıq 4 min 636 avtomobil gətirilmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda elektromobillər bahalana bilər: Vergi güzəşti gələn ildən ləğv edilir