Bu ilin 11 ayı ərzində Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ölkədən 1 min 131 qeyri-qanuni miqrantı çıxarıb. Bunu hökumətin iclasında Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, bu göstərici son 7 ilin ümumi nəticəsinə yaxındır.
Baş nazir qeyd edib ki, DİN qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə xeyli səmərəli işləyib: "Artıq təsirli nəticələrimiz var. Effektivlik ciddi artıb, amma DİN-in Miqrasiya Departamentini daha da gücləndirməyə ehtiyac var və nazirlik bunun üzərində fəal işləyir".
"Exo Kavkaza" yazır ki, İ.Kobaxidze gələn il azı 3 min 500 qeyri-qanuni miqrantın ölkədən çıxarılmasının planlaşdırıldığını vurğulayıb.
"DİN-in təqdim etdiyi proqrama əsasən, üç-dörd ildən sonra qeyri-qanuni miqrasiya problemi tamamilə aradan qaldırılacaq. Bu, təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır", –baş nazir bildirib.
Bundan öncə "Gürcü Arzusu" xarici vətəndaşların ölkədən çıxarılması ilə bağlı qanunvericiliyi sadələşdirib. Artıq əcnəbi etiraz aksiyalarında iştirak qaydalarını pozduğuna görə ölkədən çıxarıla bilər. Gürcüstanda yaşayan əcnəbilər üçün məşğulluq şərtləri də sərtləşdirilib: 2026-cı il martın 1-dən əmək fəaliyyəti üçün icazə tələb olunacaq.