'MeydanTV işi' üzrə həbsdəki jurnalistlərin məhkəməsi başlanır

Sizin brauzer HTML5-i dəstəkləmir

'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi

Bir ildir həbsdə olan MeydanTV əməkdaşlarının məhkəməsi başlanır. Onlar yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılacaqlar.

MeydanTV ilə bağlı cinayət işinin materialları bir neçə gündür məhkəməyə göndərilib. Həbsdə olan 12 jurnalistin işinə Aytən Əliyevanın sədrliyi ilə, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 12-nə təyin olunub.

Bu barədə AzadlıqRadiosuna jurnalistlərin vəkilləri məlumat verib.

MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə fevralda daha üç jurnalist - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) Fatimə Mövlamlı saxlanılıb.

Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), ardından fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs edildilər.

Əvvəl onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsiylə ittiham irəli sürülsə də, istintaqın sonunda daha bir neçə maddə ilə ittihamlar ağırlaşdırılıb. Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma) və başqa maddələriylə əlavə ittihamlar elan olunub. Onlar qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Xatırlama

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə hələ davam edir.

Jurnalistlərin heç biri ittihamlarla razılaşmır, siyasi sifarişlə həbs olunduqlarını və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.