AzadlıqRadiosunun ötən il Rusiyada peşə fəaliyyətinə görə həbsə məhkum edilmiş keçmiş əməkdaşı Nika Novak Sibirdə islah koloniyasından yoxa çıxıb. Məlumatı vəkil yayıb.
Yuliya Kuznetsova sosial şəbəkədə yazıb ki, Novak İrkutsk vilayətinin Bozoy kəndindəki 11 saylı cəza koloniyasından başqa yerə köçürülə bilər, ancaq yeri bəlli deyil.
Vəkil koloniyadan Novak barədə informasiya ala bilmədiyini əlavə edib. Dediyinə görə, bir vəkil həmkarı bu həftə Nikanı ziyarət etmək istəyib, amma ona koloniyaya daxil olmağa icazə verilməyib.
Novak qapalı məhkəmə iclasında "xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əməkdaşlıq"da təqsirli bilinərək 4 il həbsə məhkum edilib. Özü və hüquq müdafiəçiləri hökmü ədalətsiz sayırlar.
Martın 1-də cəza koloniyasına köçürülən jurnalist orada işgəncə xarakterli şəraitdən şikayət edib, aclıq aksiyası keçirib.
AzadlıqRadiosunun prezidenti Stiv Kapus Rusiya hakimiyyətini Novakı azad etməyə çağırıb. O deyib ki, jurnalistə qarşı "siyasi motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq məqsədi daşıyır".
Novak həbs olunanadək "Chita Media"da çalışıb, zab.ru saytının baş redaktoru olub. O, 2022-ci ildə AzadlıqRadiosunun "Siberia.Realities" layihəsi ilə əməkdaşlıq edib.
33 yaşlı jurnalistə qarşı cinayət işi Rusiyanın Ukraynaya tammiqyaslı işğalından bir neçə ay sonra 2022-ci ildə qəbul olunmuş 275.1-ci maddə üzrə hökm çıxarılan ilk hadisə olub.
Hüquq ekspertləri bu qanunun mahiyyətini və mətnini tənqid ediblər. 2024-cü il iyulun 22-də Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatı Novakı siyasi məhbus kimi tanıyıb.