26 ildir həbsdə olan Öcalanın Türkiyədə sülh prosesindəki rolu

Diyarbəkirdə Öcalanın azadlığa buraxılmasını tələb edən nümayiş.

26 ildir Türkiyədə həbsdə olan Abdullah Öcalan ölkədə sülhün qurulmasında özünə vacib rol cızır. Ankara isə onun qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 40 ildir davam edən qiyamına son verməyə çalışır.

Bir il öncə ağla gəlməyən hadisə indi baş verib, üç deputat noyabrın 24-də Öcalanı həbsdə ziyarət edib. Məqsəd sülh prosesini irəli aparmaqdır.

Mayda PKK tərksilah olacağını, özünü buraxacağını elan edib. İyulda qruplaşma simvolik olaraq silahları yandırıb. Ötən ay isə döyüşçülərini Türkiyədən çıxaracağını bildirib.

"Reuters" yazır ki, sülh prosesinin tamamlanmasına hələ var, Öcalanın PKK üzərində nüfuzu isə onun iştirakını qaçılmaz edir. PKK ilə münaqişə indiyədək azı 40 min nəfərin həyatına son qoyub.

Ankara və Vaşinqton PKK-nı terrorçu təşkilat sayır.

Sülhün əldə olunması prezident Rəcəb Tayyib Ərdoğan üçün böyük uğur olardı. Axı, bu münaqişə Türkiyədə dərin siyasi və mədəni ziddiyyətlər yaradıb, əsasən kürdlərin yaşadığı cənub-şərqdə iqtisadiyyatı geri atıb.

71 yaşlı Ərdoğan erkən seçkilər keçirərsə, kürdlərin dəstəyini almağa ümid edir. Tənqidçilərinin fikrincə, o, hakimiyyətini 2028-ci ildən sonraya uzatmaq üçün konstitusiyaya dəyişiklik edə bilər.

Amma sülh prosesinin tamamlanması da asan deyil, hökumət, Öcalan və İraqın Qəndil dağlarındakı PKK rəhbərliyi arasında incə balanslaşdırma tələb edir. Hələ Suriyanın şimalında Öcalana bağlı qüvvələr də var.

Həbsdə şəraiti yaxşıdır

"Reuters" mayda Öcalanla PKK-nın aparıcı fiqurları arasında videotoplantının yazısını əldə edib. Öcalan deyir ki, PKK-nı buraxmağa çağırış etməyə özü qərar verib: "Bunu dəyərli imkan kimi gördüm. Özüm hazırladım". Tənqidçilər isə onun dövlətin tələbi ilə bu addımı atdığını deyirdilər.

Görüşə qatılan PKK fiqurları dövlətə inamsızlıq bildirib, Öcalanın istədiyi islahatların gerçəkləşəcəyinə şübhə edirlər. Amma eyni zamanda ona etimadlarını dilə gətirirlər.

İraqdakı PKK mənbəsi videoyazının həqiqiliyini təsdiqləyib.

Toplantıya Türkiyə rəsmisi də qatılıbmış. Amma agentlik rəsmi şərh ala bilməyib.

Öcalan 1999-cu ildə dövlətə xəyanət və separatçılıqda təqsirli bilinərək həbs olunub. Onun vəkili "Reuters"ə deyib ki, PKK liderinin həbsdə şəraiti yaxşılaşıb, PKK-ya bağlı digər məhbuslarla əlaqə qura bilir, kitab oxuyur, bəzi telekanallara baxır, amma internetə çıxışı yoxdur.

Parlamentdə üçüncü böyük partiya olan kürdpərəst DEM də Öcalanla bir neçə dəfə görüşüb, bazar ertəsi həbsdə ona baş çəkənlər arasında onlardan da deputat olub. Amma bir çox DEM tərəfdarı Ocalanın Türkiyədə kürdlərin statusunu qaldırmaqla bağlı islahatlara dair Ərdoğanın niyyətinə skeptik yanaşırlar.

Mənbələrə görə, Ankara İraqın şimalında gizlənən minlərlə PKK döyüşçüsü və mülki şəxsin evinə qayıtmasına icazə verəcək qanun hazırlayır.